Bu ailə yoxsulluq həddindədir, amma... - Sahil Babayev əksini düşünür...
Ağcabədi rayonu, Şənlik kənd sakini İbrahimova Səfayət Sabir qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ayrılan ünvanlı sosial yardım qanunsuz olaraq kəsilib:
“Mən, İbrahimova Səfayət Sabir qızı, bildirirəm ki, 1 il bundan öncə evimizə baxış keçirilmiş və sosial müavinət təyin olunmuşdur. Lakin bu ilin yanvar ayında həmin yardımı qanunsuz yerə kəsiblər.
Həmin müavinət hesabına biz Azərbaycan Dövlər Universitetində oxuyan övladımın illik təhsil haqqını ödəmişik. Gələn il üçün isə çarəsiz qalmışıq, ödəməyə imkanımız yoxdur.
3 uşaq anasıyam. 2-ci sinifə gedəcək uşağın da məktəb ləvazimatlarını almağa imkanım yoxdur.
Yoldaşım İbrahimov Qənimət Möysü oğlu Ağcəbədi rayonu, “kanalizasiya” idarəsində fəhlə işləyir, 400 manat əmək haqı alır. 400 manatla ailəyə baxmaq olmur, 3 uşağın ehtiyacı çoxdur. Sosial müavinəti də kəsiblər.
Fevral ayında yenidən sənədləri yığıb, müraciət etdik. Lakin həmin gündən nazirlikdən bir xəbər yoxdur. Biz ailəmiz adından sizin sayt vasitəsilə nazirliyə səslənirik, xahiş edirik ki, bizə cavab verilsin”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinə məlumat verilib.