Strateji neft kəmərləri üzərində körpü: Ölmədik, bu rüsvayçılığı da gördük!-FOTO

Strateji neft kəmərləri üzərində körpü:
SOCAR Binəqədidəki kəmərləri Allahın ümidinə qoyub...

Bugünlərdə ölkə mətbuatında Bakının Binəqədi rayonu ilə Abşeron rayonunun birləşdiyi hissədə – Binəqədi Gənclər şəhərciyinin qarşısındakı ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus (SOCAR) neft və qaz borularının kanalizasiya suları içərisində çürüməsindən bəhs edilmişdi. Vurğulanmışdı ki, SOCAR-ın Neft Kəmərləri İdarəsi dəyəri yüz min manatlarla hesablanan neft kəmərlərini kanalizasiya suları içərisində çürütməkdə, dövlət büdcəsinə məqsədli şəkildə ziyan vurmaqdadır. Ona görə məqsədli ki, bunca problemi görməmək, duymamaq mümkün deyil. Görüb tədbir görməmək isə dövlət büdcəsinə laqeyd, hətta düşmən münasibət deməkdir.
Bunu redaksiyamıza araşdırdığı faktlarla bağlı məqaləsini göndərən müəllif yazır. Müəllif daha sonra yazır:
Bugünlərdə Binəqədi Gənclər şəhərciyinin yaxınlığındakı bu ərazidə SOCAR-ın Neft Kəmərləri İdarəsinin məsuliyyətsizliyinə dəlalət edən daha bir qanunsuzluq aşkara çıxıb. Məlum olub ki, strateji xətt hesab edilən, hər iki tərəfdən 50 metr uzunluğunda mühafizə edilməsi gərəkən neft kəmərlərindən piyadalar üçün körpü kimi istifadə olunur. Başqa sözlə desək, gün ərzində yüzlərlə insan strateji neft kəmərləinin üzərindən adi səki kimi o baş-bu başa gedib-gəlirlər. Hansı ki, bu, həm kəmərlərin, həm də vətəndaşların özünün təhlükəsizliyi baxımından olduqca təhlükəlidir.

Bundan başqa, ərazidə yeni neft kəmərinin inşası prosesi gedir ki, fotolardan da göründüyü kimi, yeni kəmər də kanalizasiya sularının içərisindən keçir. Bu isə onu göstərir ki, SOCAR neft kəmərlərini kanalizasiya sularının ağuşundən qoparmaq haqqında deyil, sadəcə borunu boruya calayıb işi formal şəkildə başa vurmaq haqqında düşünür.

Ümid edirik ki, SOCAR heç deyilsə bu rüsvayçılığa münasibət bildirəcək, neft kəmərləri üzərindəki körpünün ləğvi, ərazidəki çirkab suların axıdılması istiqamətində gec də olsa əməli addımlar atacaq.





Tarix: 5-08-2024, 22:57
Xəbəri paylaş





Xəbər lenti