Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu

Səfər Mehdiyevlə bağlı pensiya qalmaqalı böyüyür – Daha üç keçmiş gömrükçü məhkəməyə üz tutdu

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyevin adı keçən pensiya qalmaqalı səngimir.

Qaynarinfo xatırladır ki, Səfər Mehdiyevin komitə sədri olduğu dönəmdə bir qrup gömrük işçisinin pensiya hüququ pozulub.

Onlar bununla bağlı ölkə rəhbərliyinə müraciət ediblər. “Dövlət qulluğunun xüsusi kateqoriyasına aid olduğumuzdan bizim xüsusi rütbəli şəxs kimi əmək pensiya hüququmuz 20 təqvim ili tamamında yaranmışdır. Lakin biz həmin hüququmuzdan istifadə etməyərək gömrük orqanlarında öz fəaliyyətimizi davam etdirmişik. Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2019-cu ilin iyulunda imzaladığı əmrlə bizə heç bir xəbərdarlıq edilmədən gömrük orqanlarında fəaliyyətimizə xitam verilmiş və pensiyaya çıxarılmışıq. Dövlət Gömrük Komitəsi pensiya haqqında məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə göndərib. Həmin məlumat vərəqəsində bizim işlədiyimiz dövrlərdə aldığımız digər əlavələr öz əksini tapmayıb. Bizə çox az pensiya hesablanıb”, deyə müraciət müəllifləri qeyd edib.

Paralel olaraq onlardan bəziləri problemi hüquqi müstəvidə həll etməyə çalışır.

Ötən dəfə məlumat vermişdik ki, Səfər Mehdiyev tərəfindən pensiya hüquqları pozulan DGK-nın keçmiş işçilərindən Nəzakət Qazıbəyova qurumu məhkəməyə verib. Bu dəfə isə məlumat almışıq ki, DGK-nın pensiya hüquqi pozulan daha üç keçmiş işçisi – Musa Abbasov, Əli Hacıyev və Yusif Bağırov məhkəməyə müraciət edib.

Onların iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Hər üç gömrükçünün işi üzrə hakimlər təyin edilsə də, iddialara baxılma vaxtı müəyyənləşməyib.
Tarix: 1-11-2024, 21:17
Xəbəri paylaş





Xəbər lenti