Şəki fermerləri Bakıya şikayətə gəldilər, amma…

Şəki fermerləri Bakıya şikayətə gəldilər, amma… Şəki rayonunun Bolludərə və Sarıca kəndlərində əkinçiliklə məşğul olan bir qrup fermer bu gün, iyulun 19-da Prezident Administrasiyasına şikayətə gəliblər.

Bu barədə Bolludərədən olan fermerlər məlumat veriblər.


Fermerlərdən biri şikayətlərinin səbəbini belə açıqlayıb:


«15 ildir ki, icarə ilə Dövlət Fondu torpaqlarında əkinçiliklə məşğul oluruq. Bu il biçindən sonra rayon icra hakimiyyətindən dedilər ki, bizimlə hər hansı müqavilə imzalanmır və torpaqladan çıxaq. Biz səbəbini soruşduqda bu torpaqları hansısa şirkətin aldığını dedilər. Amma indiyə kimi də bunun hansı şirkət olduğunu öyrənə bilməmişik».

Fermerlərin deməsinə görə, bu məsələ ilə bağlı rayon icra hakimiyyəti təmsilçiləri ilə görüşüblər. Həmin görüşdə də torpaqları hansısa şirkətin aldığı bildirilib. Amma yenə ad çəkilməyib.

«ŞƏRTLƏRİ BİZƏ SƏRF ETMİR»

Fermerlər vurğulayırlar ki, burada söhbət təxminən 9 min hektar sahədən gedir. Həmin torpaqlarda gah aqropark salınacağı, gah da qoz ağacları əkiləcəyi iddia olunur.

Fermerlərin bildirməsinə görə, indi də torpaqların yenidən icarəyə verilməsindən söhbət gedir:

«İndi icarə haqlarını artırıblar, öz şərtlərini irəli sürürlər. Yalnız onların xaricdən gətirəcəkləri mineral gübrələrdən istifadə olunmasını istəyirlər. Odur ki, bu şərtləri qəbul etmək bizə sərf etmir…».

Fermerlər Prezident Administrasiyasında qəbulda olublar. Onların deməsinə görə, administrasiyadan onlara məsələni rayon icra hakimiyyəti ilə həll etməyi tövsiyə ediblər.

AQROPARK SALINACAQ

«Bu ərazilərdə böyük aqropark salınması nəzərdə tutulur və söhbət 9 min hektara yaxın sahədən gedir. Həm də bu, dövlət səviyyəsində görülən tədbirdir. Burada rayona investisiya cəlb olunması məsələsi də var».

Bunu Şəki rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Firon Əliyev fermerlərin şikayətinə cavab olaraq bildirib.

Şöbə müdiri vurğulayıb ki, məqsədləri qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılmasına dəstək verməkdir:

«Bu, aqrar sahənin müxtəlif istiqamətləri üzrə kənd təsərrüfatı məhsulları yetişdirməyi də əhatə edir. Həmin fermerlər isə uzun müddət bu torpaqlardan istifadə ediblər və hər hansı problem olmayıb». (azadliq.org)
Tarix: 19-07-2017, 14:55
Xəbəri paylaş





Xəbər lenti