İstehlakçılara hələ də mənşəyi bilinməyən ətdən hazırlanan dönərlər satılır; satıcı alıcıları əmin, ekspertlər isə xəbərdar edir...
Yay fəslinin ən çox sevilən fast-food qidalarından biri də dönərlərdir. İş başında olanlar, gəzintiyə çıxanlar, qaçaraq işlərdə çalışanlar daha çox dönərə üstünlük verir. Səbəb isə həm qiymətinin ucuz olması, həm tez hazırlanması və istənilən şəraitdə ayaqüstü yeyilə bilməsi, həm də asılılıq yaradacaq özünəməxsus dadının olmasıdır.
Lakin əksər hallarda dönərlərin insan sağlamlığı üçün ziyanlı olması barədə ekspertlər dəfələrlə xəbərdarlıq ediblər. Şəhərin mərkəzi küçələrində 1 manata , 1 manat 50 qəpiyə satılan dönərlərin qiyməti belə onun keyfiyyətindən xəbər verir. Bundan əlavə, dönərin bişirilmə texnologiyası da onun nə qədər zərərli olmasını göstərir.Dönərə vurulan ətlərin mənşəyi, haradan gətirilməsi isə ayrı bir müzakirə mövzusudur. “Yeni Müsavat”ın müxbiri paytaxtın mərkəzi küçələrində daha çox sadə camaatın müraciət etdiyi dönərxanalara bir daha baş çəkib, vəziyyətlə maraqlanıb.
Qeyd edək ki, əksər dönərxanalarda şişə taxılan dönər ətləri qazla qızardılır. Aparat elə quraşdırılıb ki, alov dilləri birbaşa əti yandırır. Ütülmüş ət layı xüsusi bıçıqla ümumi kütlədən yonulur və qaba tökülür. Ət bişdikcə onun içində əriyən piyin yağı ilə yanaşı, çiy ətdən ayrılan qanlı su da yonulmuş ətlərin üzərinə tökülür. Ətin haradan alınmasına gəlincə, satıcılar topdansatış ət satışı yerlərindən aldıqlarını bildirdilər. Əksəriyyəti “8-ci kilometr” bazarının ət satışı hissəsindən aldığını etiraf etdi. Orada hansı keyfiyyətdə ətlərin satıldığını isə dəfələrlə əməkdaşlarımız işıqlandırıblar.
Ətin və dönərə qatılan digər məhsulların sertifikatını tələb etsək də, çox az dönərçi bu sənədləri təqdim edə bildi. Gigiyenik qaydalara riayət olunmasına gəlincə, bir çoxlarının əynində ağ xalat və əlcək belə yoxdur. Həmçinin dönərxanaların yol kənarına yaxın yerləşməsi və açıq pəncərənin önündə bişirilməsi yoldan qalxan toz-torpağın da ətin üzərinə çökməsinə səbəb olur.
7 ildir ki, paytaxt ərazisində müxtəlif dönərxanalarda işləyən Xəyal İsgəndərov deyir ki, dönər hər zaman ayaqüstü yeməklər arasında ən sevilənidir: “Dönəri pisləyənlərin özləri də yeyirlər. Dönərə vurulan ətin at, eşşək, ölü heyvan əti olduğunu düşünənlər olur. İndi daha çox toyuq ətindən dönər satırlar. Mənim işim-gücüm qurtarıb, ölü toyuq əti axtarım? Hamısı ”Səba"nın toyuq ətləridir. Kiloqramını 4 manat 50 qəpikdən alıram. Hər gün camaatın gözü önündə dönər rulonuna 16 kiloqram ət vururam".
Dönərçi deyir ki, zəhərlənmə halları da ola bilər, bu, istisna deyil: “Bilirsiniz, hamı elə bilir bu cür xoşagəlməz hallar bütün dönərxanalarda olur. Dünəndən qalan ətləri dönər rulonunun üzərində saxlayıb, səhəri gün yenidən qızdırıb satırlar. Ət dəmirin üstündə qalır, ətin büküldüyü metalla reaksiyaya girir. Zəhərlənmə bu cür yaranır. Bizim dönərxananın sahibi ibadət əhlidir. Özü şəxsən tez-tez nəzarət edir. Çox adam deyir ki, 1 manata dönər olar? Axı niyə də olmasın. Gərək dönər 2 manat olsun? Tutaq ki, 16 kiloqramlıq ətə 72 manat pul verirəm. Biz əsas xərcini çıxandan sonra üstündə 20 manat qalanda kifayətlənirik. Çünki dönərin yanında ayran, su, qazlı sular da satırıq. Hərəsindən 15-20 manat qazanc qalanda bizə bəs edir”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan həkim
Seyfəddin Əsəd bildirdi ki, dönər insanlarda müxtəlif xəstəliklərin yaranmasına yol aça bilər: “Dönərin bişirilmə texnologiyası elədir ki, onun üzü yanır, ancaq içi bişmir. Ətin yaxşı bişməməsi brüsellyoz xəstəliyi əmələ gətirir. Üzünün yanması isə xərçəng xəstəliyinə meyllilik yaradır. Çünki bu cür yanan ətdə kanserogen maddələr yaranır və bu da xərçəngə yol açır. Digər bir problem odur ki, ətin mənşəyi bilinmir. Ondan başqa, insanlarda mədə-bağırsaq xəstəliklərinin əmələ gəlməsinə səbəb olur, qəbizlik əmələ gətirir. Həzm sistemini pozur. Dönərə xüsusi qatqı maddələri vurulur və o, insanlarda asılılıq yaradır. Həmin qatqılar da insan sağlamlığı üçün olduqca zərərlidir. Onların ən çox yaratdığı xəstəliklər xərçəngə meyllilik və qurd xəstəlikləridir. Ət tam bişmədiyi üçün qurd xəstəlikləri yarada bilir. Ət suda qaynamırsa, o tam bişə bilməz”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da vurğuladı ki, dönərxanaların 90 faizində dönərin hazırlanması və satışı ilə bağlı standartlara əməl edilmir: “3 il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırladı. O zaman dönərləri təzə ətdən hazırlayıb şişə taxan, sonra onu ”skoç"la büküb soyuducuda mikrobları öldürmək üçün şok dondurmaya məruz qoyan, daha sonra ətləri həmin vəziyyətdə soyuduculu avtomobillərlə dönərxanalara çatdıran müəssisələr müəyyən olundu. Lakin dövlətin bu xoş arzusu həyatda öz əksini tapmadı. Bizim monitorinqlər göstərdi ki, dönərxanaların 95 faizində ətlər mərkəzləşdirilmiş qaydada, həmin standartlara uyğun yerlərdən alınmır. Haradan gəldi, necə gəldi, mənşəyi bilinməyən ətlər alınır. İstisna olunmur ki, istənilən murdar heyvanın əti dönərxanalarda ola bilər".
Ekspert vurğuladı ki, dönərxanaların problemi təkcə ətin mənşəyi ilə bağlı deyil: “Problemlərdən biri də şişə taxılmış dönər ətinin üzünün ütülməsi, içinin isə bişməməsidir. Bişməmiş ətin içindən mayenin, qan plazmasının axıb hazır dönər ətinin içinə tökülməsidir. Hazır dönər ətinə qarışan bu plazma heyvanda olan xəstəliklərin istehlakçıya yoluxmasına gətirib çıxarır. Burada heyvanların bədənində olan baytarlıq dərmanlarının qalıqları, antibiotiklər, heyvana məxsus digər xəstəliklər həmin plazma vasitəsilə axır və dönərə qarışır. Dönərlər ilk baxışdan insanlar üçün cəlbedicidir. Ona görə ki, o, ütülmüş ətdir, insan da hələ mağara dövründən ütülmüş əti sevir. O baxımdan, insanlar dönəri sevə-sevə yeyirlər. Azərbaycanda mənşəyi bəlli olmayan ətlərdən bişən, içi tam bişməmiş halda istehlakçıya verilən dönərlər əlbəttə ki, təhlükəlidir”.
Nərgiz LİFTİYEVA,
Fotolar müəllifindir
Tarix: 22-07-2017, 10:51