Maaşlarını ala bilməyən köçkün müəllimlərNAZIRLƏR KABİNETİNİN QARŞISINDA (FOTOLAR)
İşğaldan əvvəl dövlət qurumlarında çalışanlara ödənilən vəsaitin müddəti uzadılmayan məcburi köçkün rayonlarının müəllimləri bu gün Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.
Bu haqda Gununsesi.info-ya məlumat verən aksiya iştirakçıları bildiriblər ki, etdikləri təkidli müraciətlərə baxmayaraq, Nazirlər Kabinetindən heç kim onları qəbul etməyib:“Bizə bildirdilər ki, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsində sizə məsələ ilə bağlı izahat veriblər. Başqa cavab yoxdur”.
Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb.
Onlar qeyd ediblər ki, hətta Nazirlər Kabinetinin qarşısında dəfələrlə etiraz aksiyası keçirsələr də, şikayətlərinə baxan olmayıb.
Etiraz edən köçkün müəllimlər bildiriblər ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əməkhaqqı verilib. 2017-ci ilin yanvarından isə həmin maaşların erilməsi dayandırılıb.
Tarix: 25-07-2017, 00:26