“Jurnalistlərə də, jurnalistikaya da, elə prezidentin özünə də acıdım”

“Jurnalistlərə də, jurnalistikaya da, elə prezidentin özünə də acıdım” Arzu Qaziyeva
Jurnalistikamızın keçmişindən danışmayacağam, ənənəvi olaraq nə Zərdabidən, nə də “Əkinçi”dən.

Çünki onlar vətən jurnalistikasının artıq tarixi keçmişidirlər. Əslində onlara muzey eksponatı kimi baxılmalıdır. Ona görə ki, onların dövrü və şəraitləri, məram və fəaliyyətləri müasir jurnalistika üçün örnək olmamalı baxımından, aradan axı xeyli vaxt keçib.

Başqaları ilə də müqayisə etməyəcəm, çünki uğursuz alınar.


Özümüzün indisindən demək istəyirəm, indimiz isə belədir: jurnalistika həm var, həm də yox. Jurnalistin söz azadlığı həm var, həm də yox. Jurnalist həm prestijli sənətdir, həm də dəyərdən salınmış.

Bir vaxtlar əlçatmaz sayılan, jurnalist adı gələndə çəkinilən bu sənət indi az qalır ki, biznes obyektlərinə “arada baş çəkən” vergi müfəttişləri, polis nümayəndələri ilə eyniləşdirilsin. Jurnalistika pulsuz sahədir, jurnalist isə cəmiyyətin ən kasıbı. Sonuncuya rəğmən bu sahəyə gələnlərin ardı-arası kəsilmir. Necə deyərlər, kasıbın olanından. Bəziləri üçün heç olmasa ayaq üstə durmağa, qəpik-quruş olsa da çörək pulunu çıxarmağa yarayır. Bəzilərinə məqsədləri üçün bir tramplindir. Lakin ədalətsizlik olar, əgər bu sənəti sevib ora gələnlərin, onun əziyyətlərinə dözənlərin olduğunu deməsəm.
Prezident jurnalistlərə ev bağışladığı gün çıxış etdi. Təbii ki, çıxışın mətnini rəflərə bölüb təhlil etmək fikrindən uzağam. Çünki bizdə belə ənənə yoxdur. Amma yaxşı və faydalı bir ənənə yaratmaq olardı.


Məhz mətbuat günü ölkə rəhbərinin jurnalistlər üçün geniş mətbuat konfransını təşkil etmək olardı, prezident onların çoxlu-çoxlu suallarını cavablandırardı, baş redaktorlarla yox, məhz sıravi jurnalistlərlə görüşüb mətbuatın vəziyyətini, problemlərini müzakirə edərdi. Dərhal sonra özünün dediyi kimi “özləri də bilmədən prezidentin köməkçisinə çevrilmiş köməkçilərin” peşə fəaliyyətlərinin və sosial rifahının yaxşılaşdırılması üçün göstərişlərin verilməsi, tədbirlərin görülməsi şübhəsiz olacaqdı.

Dövlətin, prezidentin vətən jurnalistikasına qayğısı məncə belə daha səmimi olardı. Amma mətbuata kuratorluq edənlər zərərli və jurnalistlərlə az qala eyni sosial durumda olan alimlərə, müəllimlərə və bu kimi başqalarına pretendent ola biləcək bir tendensiyanın əsasını qoydular: prezident jurnalistə ev bağışlasın.

Və mətbuat günündə jurnalistlərə mənzil paylandı. Mənzil alanlar da, almayanlar da hər dəfə öz haqlarını ortaya qoyurlar. Bu haqq ondan ibarətdir ki, prezident jurnalistə ev bağışlamalıdır.

Təsəvvür edirsiniz bu nə deməkdir? Jurnalist dəyişiklik tələb etmir, jurnalist sosial rifah tələb etmir, jurnalist vətəndaş cəmiyyətinin qurulmasında dördüncü hakiyyətini qaytarmağı tələb etmir, jurnalist mənzil tələb edir, çünki onu almağa özünün pulu yoxdursa, çünki bu pulu ona qazandıracaq dəyişikliklər yoxdursa, çünki onun hakimiyyəti yoxdursa, çünki yazdıqlarının mənası tükənibsə, çünki sovet sistemindən miras qalmış ələbaxımlıq stereotipindən əl çəkilmirsə, onda başını soxmağa, ayaqlarını rahat uzatmağa, uşaqlarının qarşısında xəcalətdən qurtarmağa heç olmasa bir evi olsun.

Mən prezidentin jurnalistlərlə selfilərinə diqqətlə baxdım. Onun üzündə qəribə ifadə vardı. Elə mənzərə də qəribə idi. O, məndə sanki ağır müharibənin dağıtdığı bir yerdə, evsiz-eşiksiz qalmış, əziyyət içində üzülmüş, ölmüş, qırılmış ac-yalavac insanların, müharibə girovlarının hansısa beynəlxalq təşkilatın onlara payladığı humanitar yardımı gözlərində qısamüddətli bir işartı ilə qarğa-quzğun kimi qapmaları təsəvvürünü yaratdı. Prezidentin mat baxışlarında, kədərli təbəssümündə “aman allah, bunlar nə vəziyyətdədirlər?” ifadəsini oxumamaq mümkün deyildi. Aydın görünürdü ki, o, özünü o qədər də komfort hiss etmirdi. Təbii ki. İllüziyalarla reallıq başqa-başqa şeylərdir. Prezident hər şeyin yaxşı olması illüziyasından birdən-birə reallığa düşmüşdü. Ətrafında cəmiyyətin həm olan, həm də olmayan, həm prestijli, həm də dəyərdən salınmış, həm deyə bilən, həm də deyə bilməyən, pulsuz-parasız, amma ürəyi vətən sevgisilə döyünən, lakin “bunlar nə vəziyyətdədirlər?”də olan bir ordu ilə üzbəüz idi. Görəsən, prezident onun səxavətindən kifayət qədər sui-istifadələrin olduğunu bildimi? Məncə bildi. Axı meyarsızlıq, prinsipsizlik, “fürsət varkən bir tük də çəkmək qənimətdir” alnımıza yazılıb. Və həmin anda jurnalistlərə də, jurnalistikaya da, elə prezidentin özünə də acıdım, “aman allah, biz nə gündəyik?!”

Mənzillər paylanan gün sosial şəbəkədə mərəkə qopmuşdu – prezidentə təşəkkür mərəkəsi. Ömürlərinin yarısını şəraitsizlikdə, kirayələrdə, darısqal, “havasız, işıqsız daxmalarda” çürütmüş jurnalistləri anlamamaq günah olar. Bu tendensiyanın müəllifləri isə əminəm ki, rahat kreslolarında bir az da rahatlanıb arxayınlıqla nəfəslərini dərdilər, çiyinlərindən ağır yük götürüldü, mətbuatın “problemini həll etdilər”. Mən inanmıram ki, sındırılmış mətbuatın bundan sonra ayağa qalxmağa qüvvəsi və cəsarəti qalsın. Ayağa qalxsa da yerişi səntirləmək olacaq.

Qoy kim nə deyir desin, mən düşünürəm ki, prezident jurnalistə ev bağışlamalı deyil! Prezidentin jurnalistə ev bağışlamağa heç bir borcu yoxdur!! Nə əzəli, nə də əbədi! Üçüncü bina da hazır olandan sonra ev alan jurnalistlərin sayı 665-ə çatacaq. Ancaq bu rəqəm jurnalislərin hələ tam sayı deyil, ardı da gəlir. Hamısı da eyni vəziyyətdə. Ondadamı prezident ev bağışlamağı davam edəcək? Bu yol harayacan gedəcək?

Qoy kim nə deyir desin, mən düşünürəm ki, jurnalistin də prezidentdən ev ummağa borcu yoxdur! Heç prezidenti tərifləməyə də!!



Bastainfo.com
Tarix: 25-07-2017, 08:49
Xəbəri paylaş





Xəbər lenti