Daha bir əsgərimizi xəlvəti basdırdılar-FOTO
“Elə bil vətən uğrunda şəhid olmayıb, elə bil canını bu torpağa fəda etməyib, elə bil bu vətənin oğlu deyil. Eləcə gətirdilər, polislər aparıb basdırdı və dağılışdılar. Üstünə Allahın bir bayrağını da salmadılar”, – Şəki sakini Nuru Əzizovun sözləridir. “Eləcə tabutu gətirib qoydular həyətə. Hadisənin şokundan ayılmamış, necə, niyə olduğunu soruşmamış da bir neçə polis meyiti çiyinlərinə qoyub qəbristanlığa apardılar. Açmağımızı istəmirdilər. Qohum-qonşu tökülüşdü, birtəhər açdılar. Mən, ümumiyyətlə, yaxın gedə, baxa bilmədim balama. Baş nahiyəsi kəsilib, tikilib. Daha bilmədik nə olub. Gülləmi dəyib, bıçaq izidirmi, nədir, demədilər”.
1995-ci il doğumlu Dayandur Əzizli ailənin tək övladı olub. O, ötən il hərbi xidmətə gedib. Bakının N saylı hərbi hissələrindən birində qulluq edirmiş. Atası Dayandurun ailənin tək ümidi olduğunu deyir:
“Tək olan ümidimizi də əlimizdən qoparıb aldılar. Heç demədilər niyə ölüb, necə ölüb. Biz də hara müraciət edək, necə edək, bilmirik. Eləcə yerli televiziyalara dedik. Dedilər: “Bizə icazə yoxdur, çəkə bilmərik”. Çox urvatsız şəkildə aparıb basdırdılar. Elə bil uşağı küçədə maşın vurub”.
Atası Dayandur Əzizlinin əvvəlcə Abşerondakı hərbi hissələrdən birinə göndərildiyini, sonradan bir neçə aylıq Tərtərə aparıldığını deyir:
“Mayın 26-dan orada idi. Hadisə də elə Tərtərdə olub. Dərd bilirsiniz nədir? Biz bilmirik oğlumuz erməni gülləsinə tuş gəlib, yoxsa necə olub hadisə. Allahın bir bayrağını, çələngini də gətirməmişdilər. Eləcə aparıb dəfn etdilər. Öldürüblərmi, ölübmü, necə olub, bilmirik”.
Müdafiə Nazirliyindən hadisənin necə olması ilə bağlı məlumat almaq mümkün olmayıb.
Meydan TV
Tarix: 25-07-2017, 09:02