Xəbər verildiyi kimi bu gün Azərbaycanda rəsmi xronikalarda deyildiyi kimi “ailə-məişət zəminində” daha bir qanlı cinayət hadisəsi baş verib. Xəbər verilirdi ki, Samux rayonunda 2 azyaşlı uşaq anası İlahə Pənahova adlı qadın əvvəlcə əri, qaynanası və qaynatası tərəfindən döyülüb, saçı qırxılıb. İşgəncələrdən xilas olmaq üçün atasının evinə qaçan gəlin orada daha dəhşətli aqibətlə üzləşib. Atası ona balta zərbəsi endirib, anası isə yayılan xəbərlərdə deyildiyi kimi, qızına “gəmiricilərin məhv edilməsi üçün nəzərdə tutulan zəhərli maddəni” zorla içirib.İddia olunurdu ki, həmin qadını evdə başqa kişi ilə tutublar və bütün bu linç olayı da həmin xəyanət əməlinə görə baş verib. Virtualaz.org son vaxtlar “ailə-məişət münaqişələri zəminində” az qala hər gün dəhşətli qətllərin baş verdiyi Azərbaycanda qeydə alınan bu növbəti qanlı hadisənin izinə düşüb, yerli mənbələrdən və hüquq-mühafizə orqanlarından təfərrüatları öyrənməyə çalışıb.
Samux rayon Polis Şöbəsinin rəisi ilə telefon əlaqəsi saxladıq, rəis bizi idarənin növbətçi hissəsinə yönəltdi. İdarənin növbətçi hissəsindən isə bildirdilər ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb, faktı polis yox, Samux rayon prokurorluğu araşdırır. Samux rayon prokurorluğundan isə bildirdilər ki, hadisə “ailə-məişət zəminində” baş verib, qadına xəsarət yetirməkdə şübhəli bilinən atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov saxlanılıb. “Hazırda istintaq gedir, şahidlər dindirilir”-prokurorluq bildirib.
Hadisənin baş verdiyi Ziyadlı kəndinin sakinləri isə bildirdilər ki, mətbuatda bu hadisə ilə bağlı yayılan xəbərlərin çoxu yalandır. “Qadının 2 azyaşlı uşağı var, kənddə şaiyə yayılıb ki, o, başqa kişi ilə münasibətdə olub. Bu şaiyələrə görə onun ailəsində söz-söhbət yaranıb, qadının əri onun atasını evə çağırıb. Atası da qızına ər evində balta ilə xəsarət yetirib. Ərinin guya onu evdə başqa kişi ilə tutması, anasının ona zəhər içirtməsi haqda deyilənlər yalandır. Habelə qadının ərinin guya arvadı ilə evdə tutduğu kişini bıçaqlaması haqda deyilənlər uydurmadır, belə şey olmayıb. Bir daha təkrar edirəm ki, hadisə şaiyələrə görə baş verib, kənddə kimlərsə söz-söhbət yayıb ki, qadın nəsə axmaq iş tutub”-kənddə məsul işdə çalışan sakin adının çəkilməməsi şərti ilə bildirib.
Yaralı qadın Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardımın baş həkimi Azad Quliyev virtualaz.org-a bildirib ki, yaralının vəziyyəti orta-ağırdır, həyatı üçün təhlükə yoxdur. “Başında 4-12 sm ölçüdə çapıq yarası , boynunda qançır izləri var, habelə qolundan yara alıb”-baş həkim bildirib. Qadının əri və qaynanası tərəfindən döyülərkən saçının qırxıldığı haqda məlumatla bağlı isə Azad Quliyev açıqlama vermək istəmədi, bildirdi ki, bu barədə prokurorluğun icazəsi olmadan danışa bilməz.
Baş həkim qadının orqanizmində zəhərli maddə izlərinə də rast gəlinmədiyini dedi: “Deyirlər ki, sirkə turşusu içib, ancaq qan və sidik analizlərində bu maddənin izinə rast gəlinmədi”.
Dəqiqləşdirdik ki, qadının döyülməsi və linç edilməsi ilə bağlı hələlik onun əri, qaynanası və qaynatası məsuliyyətə cəlb edilməyib, lakin istintaqın gedişindən asılı olaraq vəziyyət dəyişə bilər.
Ülviyyə Xudiyeva
Tarix: 26-07-2017, 07:00