İllərdir su içində yaşayan Milabad sakinləri prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi-VIDEO
“10 ilə yaxındır kəndimizin yarıdan çox hissəsi suyun içindədir, artıq evlərimizdən çıxmağa hazırlaşırıq.”
Bu sözləri Milabad kənd sakini Afət İbrahimova “Bolgexeber.com”a ünvanladığı şikayətdə deyib.
Afət İbrahimova bildirir ki, 10 ilə yaxındır bu vəziyyət davam edir. Dəfələrlə Beyləqan RİH-nə və Beyləqan Su Kanal İdarəsi, Beyləqan Suvarma Sistemləri İdarəsi və Beyləqan Melorasiya İdarəsinə müraciət etsələr də suyun qarşısı alınmayıb.
Şikayətçi qeyd edir ki, suyun mənbəyi Araz çayına mənsub olan kanaldan gəlir.
“Uşaqlarımız suyun içində yaşaya-yaşaya revmatizm xəstəliyinə tutulublar.”Kənd sakinlərinin azyaşlı uşaqları artıq revmatizm xəstəliyinə yoluxublar. Çünki evlərin su basmayan kiçik bir hissəsi belə yoxdur. Sakinlər evlərinin içində uzunboğaz çəkmələrlə gəzməyə məcbur qalırlar.
“Yayda suvarma mövsümü gələndə qorxuya düşürük. Bu aylarda evlərdə suyun həcmi daha da artır.”
Afət İbrahimovanın sözlərinə görə, bir neçə gün əvvəl Beyləqan rayonundan seçilmiş millət vəkili Şahin İsmayılov məsələ ilə bağlı Milabad kəndinə gəlib.
Şikayətçi deyir ki, Beyləqan Su Kanal İdarəsinin rəisi və həmçinin bəzi əməkdaşlar millət vəkili ilə görüşüblər və onun yanında deyiblər ki, kanaldan gələn suyun qarşısı alınıb, narahatçılığa əsas yoxdur.
Ancaq şikayətçi bildirir ki, hələ də sözügedən kanaldan gələn su evləri acınacaqlı vəziyyətə salıb.
Kəndin yarıdan çox hissəsi su altında qaldığı üçün evlərə ciddi şəkildə ziyan dəyib.
“Şikayət etdikdən sonra nümayəndə göndərilir, evlərin suyu nasos vasitəsilə çəkilir.”
Çarəsiz qalan Milabad kənd sakinləri son çıxış yolu kimi prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət hazırlayıblar.
Məsələyə münasibət öyrənmək üçün Beyləqan RİH və Beyləqan Su Kanal İdarəsi ilə əlaqə saxladıq.
Beyləqan Suvarma Sistemləri İdarəsindən bildirildi ki, həmin evlər qrunt suları altında qalıb, ona görə də Beyləqan Melorasiya idarəsi ilə əlaqə saxlayın.
Beyləqan Melorasiya İdarəsi ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı.
Beyləqan RİH-dən də zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sözügedən videomüraciəti təqdim edirik:
Tarix: 17-08-2017, 22:46