Niyə “Əməkdar yaltaq” və “Xalq yaltağı” adları olmasın?

Niyə “Əməkdar yaltaq” və “Xalq yaltağı” adları olmasın? Bu ədəbiyyat və mədəniyyət ki var, həm qəliz bir şeydir, həm də vacib. Ona görə vacibdir ki, dünyada ən azı özünə görə ədəbiyyatı və mədəniyyəti olmayan millət yoxdur.
Qəlizdir – ona görə ki, onların, xüsusən də yazıda daha çox vurğulayacağım ədəbiyyatın cəmiyyətdə yeri və yaxud sosial missiyası ilə bağlı mübahisələr, axtarsan, indiyədək davam edir. Elə bizdə də, məsələn, biri deyir ki, ədəbiyyat tərbiyələndirir, başqa birisisə etiraz edir ki, kişi, boş şeydir, dua oxumaqla donuz darıdan çıxmaz, necə ki, yüz illərlə nəsihətnamələr üstündə köklənən Şərq ədəbiyyatı böyük hesabla heç nəyə nail olmadı – qoca Şərq yüz illər bundan əvvəl necə mürgü döyürdüsə, elə indi də o cür mürgüləməkdədir…

“Mütləq əksəriyyət”sə həmişə kimi “Gedin, işinizlə – gücünüzlə məşğul olun, millətin başını aparmayın, dərdimiz-sərimiz var, evimizə bir parça çörək aparmalıyıq!”- deyərək aşağı–yuxarı qalxıb – enməkdən artıq yerində durmayan başlarıını bir az da sağa–sola yelləyib yollanırlar işlərinin dalınca. Bəs o, hansı işdi – bunu da azacıq sonra ərz edəcəm, di, səbriniz olsun…
Hətta bəzən quruyub qalırsan ki, əcaba, bu cür qəliz adamların ağlına belə yüksək ideallar haradan və ən əsası da ki, ulu camaatımız demişkən, nə məqsədlə gəlib?
Gerçək həyatda V.Hüqo özü də Jan Valjan olmayıb və mən hələ Russoları, “Faust” kimi möhtəşəm bir şey yazan, amma həyatda şəxsi rahatlığını hər şeydən üstün tutan Göteni, qumarbaz Dostoyevskini və arvadbaz Tolstoyu, homoseksualist Mopassanı və yaxud da Feyxtvangeri, hətta poeziyasını dəhşətli dərəcədə sevdiyim, amma insanları incitməkdən və sancmaqdan, məsxərəyə qoymaqdan xüsusi həzz alan, buna görə də cəmi 27 yaşındaca dueldə öldürülən Lermontovdan danışmıram…
Hələ onu da demirəm ki, hər Motsartın öz Salyerisi olub və hələ məlum deyil ki, əslində kim kimi öldürüb, kim kimə daha çox iztirab yaşadıb: Salyerilər Motsartlara, yoxsa Motsartlar Salyerilərə?..
Salyeri Motsartı tək fiziki cəhətdən öldürdüsə, Motsart onu mənəvi cəhətdən – bəstəkar və yaradıcı insan kimi əbədilik məhv etdi. Deyilənə görə, Salyeri pis bəstəkar olmayıb, amma Motsarta görə indiyədək heç kim onun əsərlərini ifa etmir.
Ədəbiyyatda da bu cür hallar çox olub. Başqalarını bilmirəm, elə Puşkinin və Lermontovun da Salyeriləri olub. Adını artıq unutmuşam, amma deyilənə görə, Puşkinin bir müasiri olub, o, da pis şair deyilmiş. Fəqət, Puşkin ona göz verir, işıq vermirmiş…
Eləcə də M.Lermontov… Onu dueldə öldürən Martınovun da savadlı adam və pis şair olmadığı yazılır. Amma Lermontov da onun gününü qara edibmiş. Axırda duel olur. Ən əsası isə, yenə də yazılanlara görə, Martınov əməlinə görə hətta öləndən sonra da cəzalandırılıb, qəbri belə dağıdılıb. Bəli, ədəbiyyat adamları beləcə qəliz insanlar olublar…
Bunları çək-çevir edəndə yadıma bir mahnının sözləri düşür: “Hamı gəzir öz yarısın…” . Düşünürəm, insanların hamısında bütünlüşməyə meyl var – özlərində və yaxınlarında tapa bilmədiklərini təxəyüllərində uydururlar və bəziləri bu xüsusda o qədər uzağa gedir ki, dönüb sənət -ədəbiyyat adamı olurlar.
Qərəz, söz və sənət adamlarının çoxunu canlı görməmişik. Amma özümüzdən, yaxın keçmişimizdən və bu günümüzdən götürəndə elələri də olub ki, əvvəl əsərlərini, sonra da özlərini “oxumaq” imkanımız olub. Yenə də əvvəldəki fikrə qayıdaraq bircə etiraf etmək lazım gəlir: dostlar, yazılanlar bir şeydir, reallıq və həyatsa…
Nəhayət, gələk, əsl mətləbə – yazının başlığına… Bir az uzaqlardan başlasam da, əslində məqsədim ədəbiyyatın, sənətin “sosial missiyası”nı təhlil–tədqiq etmək deyildi.
Məramım ikicə kəlməylə bəzi yaltaqları sancmaq idi. Bilirəm, bunun da faydası yoxdur, ona görə ki, uzağı beş–üç adam oxuyacaq və onlar da bir uzun “nooolsun?” deyib gedəcəklər daha vacib işlərinin – yaltaqlanmaqlarının dalınca…
Ölkədə beş–üç nəfər var ki, müxətlif səbəblərdən – ya vaxtında böyük yaltaq kimi özlərini təsdiq edə bilmədiklərindən və bu sahədə oxları daşa dəydiyindən, ya da bir başqa bilmədiyim motivdən yaltaqları sevmir, daha doğrusu, guya ki, sevmirlər, əslnidə isə bizim yaltaqları sevməmək heç mümkündürmü?..
Digər motivlərə gəldikdə, ədəbiyyatdan və sənətdən ona görə misal gətirdim ki, şəxsən mənim yaltaqlığı M.Cəlilin “Qurbanəli bəy”indən güclü məsxərəyə qoymağa çətin ki, qüdrətim çata– kişi hələ yüz il əvvəl yaradıb…
Amma faydası varmı? Qram da yoxdur… Hökumətlər–hakimiyyətlər, sistemlər–siyasi dövranlar və elitalar dəyişir, amma dəyişməyən bir şey var – o, da bizim Qurbanəlilərdi. Baxıb görürsən ki, qiyafəsi, görünüşü azacıq başqadır, fəqət, elə ki, ağzını açır, donub qalırsan: Bu ki bizim Qurbanəlidi!..
Çox maraqlı məsələdir… Əsl Qurbanəli bəy başqa dövrün adamı idi. Sonra sovetlər gəldi, Qurbanəli dövrünü yıxıb – sürüdü, vurub– dağıtdı, amma nəticə etibarilə hər şey olduğu kimi qaldı. Bircə fərqlə ki, əvvəllər Qurbanəli kişiyə bəy deyirdilər, sovetin vaxtında isə ona raykom, rəis və daha nə bilim, ispolkom deməyə başladılar.
Azacıq da qiyafəsi dəyişdi. Əvvəl şinel geydi, sonra isə qalstuk taxdı, gəl ki, bütün bunların altında yenə həmin o ürək – xalis Qurbanəli ürəyi döyünürdü…
Gəlirəm, yenə ədəbiyyata və sənətə… Bəzi fluktasiyaları və epizodları çıxsaq, elə qələmi, nə bilim, fırçanı da verdilər Qurbanəlilərin əlinə və dedilər ki, yarat!.. Onlar da “yaratdı” və nəticədə də sovet ədəbiyyatı və mədəniyyəti deyilən şey peyda oldu…
Bu, artıq hətta çar dövrünün də mədəniyyəti deyildi – qurbanəlilərin yaratdığı ədəbiyyat və sənət idi! Biz də batman başlarımızı sındırırıq ki, əcaba, ədəbiyyat tərbiyələndirir, ya tərbiyələndirmir?..
A kişilər, ədəbiyyat–filan qaldı ki? Azı 80 faizi Azərbaycanda vaxtilə necə böyük inqilabi–sinfi mübarizənin getdiyi haqda sayıqlama, kolxoz, sosializm quruculuğu ilə bağlı qurbanəlilərin redaktə etdiyi və ya yazdığı partiya sicilləməliridi!..
Bəli, bu dönəm də ikiyə bölündü və sağlığında Stalinin qarşısında quyruq bulayan yaltaqlar öləndən sonra qayıtdılar ki, daha başqa cür yaşayacaq və yaltaqlıq etməyəcəyik…
Demirəm ki, dedikləri tamam yalan-palandı. Stalin dövrünü görməmişəm, amma ki, “stalinşina” ilə – o dövrün “mədəniyyəti” və xüsusən də “ədəbiyyatı” ilə azacıq tanışam.
Bəzi fluktasiyaları–Bulqakovları, Axmatovaları, Svetayevaları, Platanovları, Pasternakları, Mandelştamları və daha bir neçə adamı (az da deyil ha! bizdə də bu qədər olsaydı, dərdimiz nəydi!) çıxsaq, rəsmi “sovet ədəbiyyatı” əsasən yaltaqlıq epopeyası idi…
Milli ucqarlarda, elə o cümlədən də “ulu məmləkət”imizdə vəziyyət daha bərbad idi, amma Allah və insaf xatirinə desək, bizdə də H.Cavid, Y.Çəmənzəminli, Ə.Cavad, M.Müşfiq, S.Hüseyn, B.Çobanzadə, S.Mümtaz və b. olmuşdu.
Bir də sonradan 60–cı illər nəslinin yeni ədəbiyyatı yarandı ki, onu da tamam ənənəvi sovet ədəbiyyatına aid etmək çətindi, çünki burada artıq kolxoz – sovxoz söhbəti yox idi, amma siyasi rejimlə kəllə-kəlləyə gəlmək əlamətləri də nəzərə çarpmırdı və təsadüfi deyil, bizim bu nəslin də sırasından nəinki Soljenitsın və Brodskilər, hətta Cavidlər də çıxmadı.
Ümumilikdə götürdükdə isə, sadaladığım ilk insanlar da fluktasiyalar, ədəbi – elmi dissidentlər idi, hətta rəsmi ədəbiyyata aidiyyatı olmayan və onun “böyük ad”ına ləkə gətirən “millətçi–burjua ünsürləri”di…
İnanın, həmin insanlara xitabən bu ifadəni, millətçi-burjua ünsürü kəlməsini özüm uydurmamışam, sovet dönəminin sayılıb – seçilən, hətta indi də “nəhəng alim” kimi anılan qüdrətli akademiklərindən – ədəbiyyatşünaslarından birinin “monoqrafiya”sından götürmüşəm…
60-cı illər ədəbiyyatına gəldikdə isə, hətta onlar da yarı– dissident statusunda idilər, rəsmi ədəbiyyat kimi dərsliklərdə öyrənilmir, “klassik” ədəbiyyata aid edilmir, tez– tez güclü tənqidlərə məruz qalır və “sosialist realizmindən sapınma” kimi dəyərləndirilirdilər…
Nə isə, sovet camaatı olmasa da, hər halda, Allah Stalini öldürdü. Yeniləri gəldi və əvvəldə dedidiym kimi, asıb – kəsdilər Stalinin dalınca, amma özləri…
Bəli, Brejnev dövrünü artıq görmüşəm. Onun haqda deyilən təriflər, epitetlər indi yadıma düşəndə, xüsusən də az qala, “Hərb və sülh”ə bərabər tutulan “trilogiya”sını xatırlayanda gözlərim önünə eybəcər, küt siması, xüsusən də onu–bunu marça-murçla öpməsi gəlir – öyümək tutur məni, halbuki 200 milyonluq sovet əhlinin ən azı 195 milyonu duz kimi yalamağa hazır idi onu və fürsət düşəndə yalayırdı da…
Deyəcəyim tək bu da deyil. Keçmişçün nostalji keçirmək aciz cəmiyyətlərin taleyidir və belə cəmiyyətlərin təzəyə baxıb gizlincə köhnənin atasına rəhmət diləməkdən savayı çarəsi qalmır, çünki hər şey daha da pisliyə doğru gedir.
Brejnev məsələsindən daha bir maraqlı detal yadıma düşür. Şoloxov (“rəsmi sovet ədəbiyyatı” deyilən hadisəyə az-çox abır verən həqiqətən də bir-iki qüdrətli yazıçıdan biri!) bir dəfə demişdi ki, İ.Stalinin vaxtında şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı axı!..
Tragikomediya da elə bu idi – Əzrayıla yaltaqlanmağı yenə də başa düşmək olardı, amma tulaya… Fəqət, yaltaqlanırdırlar, özü də ki, necə! Əvvəldə dedim, 200 milyondan artıq sovet camaatının azı 195 milyonu gizlində Brejnev haqda lətifələr, çastuşkalar qoşsa da, aşkarda duz kimi yalamağa hazır idi o idbar ət kütləsini…
Ona görə də kim nə deyir, desin, lap qatı cani olsa da, erməni mafiyasının “dayısı” olsa da, əli günahsız insanlarımızın qanına bulaşsa da, ümumi halda götürəndə, yenə də M.Qorbaçovun xidmətini tamamilə inkar da etmək olmaz – o, olmasaydı, bəlkə hələ də “İnternasional” oxuyurduq!..
Hətta Ə.Elçibəy kimi insanlarımız da ya keçmiş “Əlyazmalar institutu”nun güvə dərmanı qoxuyan darısqal otaqlarında küllənəcək, ya da Qaradağda karxanada daş daşıyacaqdılar…
Gəlirəm sözümün mübtədasına… Əslində böyük hesabla elə bir ədəbiyyatımız – filanımız da olmayıb ki, bizi tərbiyələndirsin. Lap bineyi – qədimdən “şahnamələr”–sultannamələr”, sonra da ki, daha çox “leninnamələr”- “stalinnamələr”–“brejnevnamələr” olub…
Qəribə olsa da, əsl ədəbiyyat yaratmaqçün böyük vaxt da qalmayıb, təxminən 1828 – dən 1920–ci ilədək nəsə yaratmağa cəhdlər (Allah Axundova rəhmət eləsin!) edilib, elə “Qurbanəli bəy” də onda yaranıb.
Baxıb görürsən ki, yola getməli yenə çar babalar olub, hər halda, “Nikolaynamə” yazmağı tələb etməyiblər. Puşkinə də “Tunc atlı”nı yazmağı kimsə sifariş etməmişdi, özü yazmışdı və bir rus tənqidçisinin dediyi kimi, böyük rus şairi təkcə azadlığın deyil, həm də imperiyanın nəğməkarı idi…
Təbii, rus çarları da Puşkini, Lermontovu sürgün etmiş, Dostoyevskini katorqaya göndərmiş (amma yazılara görə yox!), Radişşevi intihara sövq etmiş, Çaadayevi “dəli” elan etmişdilər. Hətta Lermontovun ölüm xəbəri gələndə çar demişdi ki, it elə it kimi də gəbərməlidi!..
Bəli, bunlar sözsüz ki, olmuşdu, amma bir daha deyirəm ki, “Çarnamə” yazmağı da tələb etmirdilər…
Ona görə də, qardaşlar, məsələ çox–çox qəlizdir. Qoy, ədəbiyyatşünaslarımız da hamımız kimi gündəlik işdən – gücdən, yaltaqlanmaqdan macal tapanda ədəbiyyatın tərbiyələndirib –tərbiyələndirməməsi haqda baş sındırsınlar. Mənə qalsa, bir daha deyərdim ki, hələ elə bir ədəbiyyatımız – filanımız da yoxdur.
Hərçənd ki, dünyanın irəli ölkələrində də belə deyirlər ki, guya, əsl böyük ədəbiyyat da, sənət də, uzağı, yalandır, fiksiyadır. Amma biz hələ bu mərhələyə gəlib çatmamışıq, həqiqətən də dəyərli və bəşəri bir yalan – fiksiya da uydura bilməmişik. Baxanda elə də asan məsələ deyil bu, hər halda, buna görə Nobel mükafatı verirlər…
Özümüzə gəldikdə isə, sırf ədəbiyyat və mədəniyyətlə bağlı geniş anlamlı, ümumi və mücərrəd məqamları bircə tərəfə qoyub, bilavasitə çağdaş milli yaltaqlığın (bu, elə dəryadır ki, hər şeyimiz onun içindədir!) yerli, regional və qlobal səbəbləri haqqında düşünəndə, açığını deyim ki, mən obyektiv – subyektiv bilmirəm, bir onu bilirəm ki, biz artıq həm də adətkarıq – yaltaqlanmasaq, ölərik!..
Ona görə də mənə qalsa, yaltaqlığa daha ümumi, geniş və avtonom bir status verərdim. Vallah, böyük elm, incəsənətdir, bayaqdan sadaladığım bir çox şeylər onun içindədir! Həm də elə gözəl və nadir nümunələri var ki…
Kişilər, əziyyət çəkir, dəridən–qabıqdan çıxır. Demirəm ki, diqqət olmayıb və yaxud da yoxdur – aralarında nə qədər “xalq yazıçısı”, “xalq rəssamı”, “xalq artisti” və hətta akademiki olub və elə indi də vardır!..
Amma niyə yaltaqlarımız başqa adlarla adlanmalıdı? Niyə görə “Əməkdar yaltaq” və yaxud da “Xalq yaltağı” kimi adlar təsis edilməsin, niyə hər şeyi adı ilə, yerli–yataqlı çağırmayaq?..
Niyə “Xalqın yaltağı” kimi yarışlar da təşkil edilməsin? Vallah, rayonlarda da elə qabiliyyətli yaltaqlarımız var ki, lap əsl istedaddırlar, bir onları da irəli çəkmək və xalqımıza tanıtmaq haqda düşünək.
Bilirəm, işiniz–gücünüz həddən çoxdur, hamımız yaltaqlanmaqla məşğuluq ki, axşam evimizə bir parça çörək aparaq. Amma dediyimi də qəribçiliyə salmayın, Vallah, ümumi işin xeyrinə olar, həm başqa dəyərli yaltaqlarımız da qiymətləndirilər və bir az da həvəslənərlər, həm də milli sənətimiz– ulu yaltaqlıq sənəti bir az da irəli gedər…
Hələ onu demirəm ki, bəlkə elə yaltaqlıq sənətindəki uca xidmətlərinə görə bizdən də kiməsə Nobel mükafatı verdilər və biz də olduq dünyanın sayılıb – seçilən camaatlarından biri!..
Bəs indi nə baş verir? Ölkəyə Nobel mükafatı gətirmək üçün hərə bir tərəfə üz tutubdur. Biri Amerikada özü üçün demokratiya haqda “kitab” yazdırdı, digəri hələ 20 – 25 il əvvəl xəbər yaydı ki, bəs maddənin yeni halını kəşf etmişəm, başqa birisi isə az qala, murdar ermənilərin anusunu yaladı ki, bəlkə buna da O.Pamuk kimi Nobel mükafatı verdilər–guya ki, Pamuka Nobeli yalnız və yalnız murdar ermənilərin anusuna girdiyinə görə vermişdilər!
Qərəz, zəhlətökənlik də olsa, bir daha deyirəm ki, hərə bir tərəfə üz tutub, öz milli sənətimiz və elmimiz – yaltaqlıq ədəbiyyatı, mədəniyyəti və elmi isə qalıb qıraqda, əməlli-başlı “kök”lərdən uzaqlaşmaq təhlükəsi yaranıb…
Qətiyyən belə yaramaz, bir az da “özümüz”ə, “milli-mədəni kodlarımız”a qayıtmalıyıq, ancaq bu yolla dünyanın qabaqcıl camaatları sırasına çıxa bilərik.
Bunun üçün isə nəyi daha yaxşı bacarırıqsa, ondan yapışmalıyıq. Qabrovalılar xəsislikdə ad çıxarmaqlarından böyük qürur duyur və bundan zərrə qədər utanc keçirmirlər. Biz niyə çox istedadlı yaltaqlar olmağımızdan utanmalıyıq?..
Ulu Tanrı hər qövmə bir qabiliyyət verib və bizə də bunu əta edib. Ona görə də möhkəm olun, kənar təsirlərə, xüsusən də işi–gücü əcaib–qəraib cızmaqaralar qaralamaq olan mənim tək yazı–pozu adamlarına qətiyyən məhəl qoymayın, işinizdə olun. Allah çətin və şərəfli yolda yardımçınız olsun…
Hüseynbala Səlimov
Tarix: 28-10-2017, 13:48
Xəbəri paylaş





Xəbər lenti