"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA

"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar"
Gəncə Dövlət Universitetində diplom təqdim edən sektor müdiri Qüdrət müəllim hər tələbədən 10 manat pul tələb edib. Buna görə də onu müdürlükdən azad ediblər. Yayılan görüntülərdə mənəviyyatın darmadağın edilməsində xüsusi rolu olan əksər rektor, prorektor, dekan, kafedra müdiri, şöbə müdiri, fəlsəfə doktoru, dosent, elmlər doktoru, professor kimi alim və müəllim kateqoriyasından olan minlərlə tüfeylinin prototipini görürük. Necə qəbih və murdar mənzərədir! Bəlkə çox adam deyəcək ki, əşi onun aldığı 10 manat nədir ki? Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar, onlara "gözün üstə qaşın var" deyən yoxdur. Müəllimə, alimə nə maaş verir dövlət?! Bəli, bu, cinayətə meyilli parazitlərin bəhanəsidir. Qanmırlar ki, cəmiyyəti onların davranışı formalaşdırır. Belə yanaşma rüşvətə haqq qazandırmaq, özünü işə verməmək, məsuliyyətdən yayınmaq cəhdi, hətta rüşvətə, namussuzluğa, xəyanətə təhrikdir.
Məmurun cinayət etməsi, yaxud maaşın azlığı sənin cinayətinə haqq qazandıra bilməz. Ağlın kəsmir ki, sənin 10 manat kiçik rüşvətin məmurun 10 000 və ya 100 000 korrupsiyasına haqq qazandırır. Sən etiraz etmək əvəzinə çaqqallığa razı olursan. Azca vicdanın, adamlığın, yaşadığın Vətənə, ölkəyə sevgin, hörmətin varsa, ümumiyyətlə, insandan əmələ gəlibsənsə, xalq olaraq düşüdüyümüz bəladan xilas olmaq üçün rəqabətə giriş, gördüyün eybəcərlikləri dilə gətir, etirazını bildir! Yoxsa "Maaşım azdır, mən də cinayət edəcəyəm, yaxşı edirəm" deyib alçaq əməlinə haqq qazandırmaqla öz anana, övladlarına xəyanət etdiyinin fərqində olmursan, ay debil! Dövlətin zəif olacaqsa, fərdi olaraq sənin oğurladığın milyon heç vaxt səni zəngin və xoşbəxt etməyəcək. Rüşvət öz anasının ölmüş cəsədini yeməkdir. Bu goreşənlikdən qapdığın milyonların bərəkəti ola bilməz və sonunda mütləq boğazında ilmək olacaq, ən yaxşı halda yadellilərə qismət olacaq (məsələn, Zamirə Hacıyeva bir nümunədir). O qədər nadansınız ki, dövlətin resurslarını talayıb özünüzü "varlandırmağ"a, "gücləndirməy"ə çalışırsınız. Əsla anlamırsınız ki, dövlətin iqtisadi qüdrətini zəiflətmək hesabına milyonları fərdi ciblərə yığmaq əbədi köləlik, bədbəxtlik və fəlakətdir.
"Maaşımız azdır, yaxşı edirik cinayətə qurşanırıq" deyən, xalqa düz yol göstərmək missiyasına xəyanət edən alim, müəllim, ziyalı belə quşəppəyi lotuluğu etməklə ilana zəhər verən kərtənkələ funksiyasını yerinə yetirir. Beləliklə, düşdüyümüz mənəvi böhranın miqyası genişlənir...

İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru - Dia-az.Media
Tarix: Bu gün, 10:38
Xəbəri paylaş





Xəbər lenti