“Rabitəbank” “Park-Naftalan” və onun direktorunu məhkəməyə verdi
“Park-Naftalan” Müalicə Mərkəzi, mərkəzin direktoru və onun mərkəzdə müəyyən vəzifələr tutan oğlu, həmçinin digər qohumları məhkəməyə verilib. Tribunainfo.az xəbər verir ki, “Park-Naftalan” və onun məsul şəxsləri ilə bağlı iddianı “Rabitəbank” qaldırıb. Cavabdeh qismində prosesə müalicə mərkəzinin direktoru Qocayev Hatəm Əli oğlu, həmçinin Qocayev Samir Hatəm oğlu, Qocayeva Gülnarə Almaz qızı, Qocayev Nurlan Tofiq oğlu və Aslanova Günay Asif qızı da cəlb edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Müalicə mərkəzi kredit müqaviləsinin şərtlərini pozub. “Park-Naftalan” və onun direktoru daxil digər məsul şəxsləri ilə bağlı işə 30 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Vüsalə Baxışovanın icraatındadır. Yeri gəlmişkən bildirək ki, məhkəməyə verilən mərkəzin direktoru Hatəm Qocayev uzun illər YAP-ın Naftalan şəhər təşkilatının sədri olub. O, həmçinin şəhərdə nüfuzlu iş adamı kimi tanınır. Hatəm Qocayevin oğlu da Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi olub. Bir neçə il öncə H.Qocayevin ölkədən çıxışına məhdudiyyət qoyulması da gündəmə gəlmişdi. Məlumata görə, Qocayevin rəhbərlik etdiyi müalicə mərkəzinə görə 12 saylı ərazi Ərazi Vergi Baş İdarəsinə 366 660.29 manat vergi borcunun ödənilməsi ilə bağlı müvafiq qurum tərəfindən xəbərdarlıq edilmişdi. Qarşı tərəfi dinləməyə hazırıq.