Ziyafət Əsgərov Fazil Mustafaya “get, ağac ək” dedi

Ziyafət Əsgərov Fazil Mustafaya “get, ağac ək” dedi “Xarici ölkələrdə əhalini o qədər stimullaşdırırlar ki, əhali özü yaşıllıqların salınması prosesində aktiv iştirak edir. Bizdə hər hansı stimullaşdırıcı addım yoxdur”.

Deputat Fazil Mustafa bunu parlamentdə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. O, qeyd etdi ki, əhalini stimullaşdırsaq, milyonlarla vəsait ödəməklə bahalı ağacları alıb gətirməyə heç bir ehtiyac olmayacaq. Deputat susuz çöllərdə yaşıllıq salınması cəhdlərini doğru saymadı. Dedi ki, çöldürsə, elə çöl olaraq qalsın, orada ağac bitmirsə, buna cəhd etmək artıqdır.

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov isə çıxışa reaksiya verdi: “Son vaxtlar Bakıda onlarla parklar salınıb. Heydər Əliyev Fondunun təşbbüsü ilə xeyli yaşıllıqlar salınıb. Həmçinin Yeni Azərbaycan Partiyası ildə bir neçə dəfə belə təşəbbüslərlə çıxış edir. Lənkəran-Asatara tərəfə gedəndə baxın, necə gözəl yaşıllıqlar salınıb. Fazil bəy, siz də partiya başqanı olaraq təşəbbüsdə bulunun, gedin bir yerdə ağac əkin!”

Qeyd edək ki, çıxışa başlamazdan öncə F.Mustafa ilə Z.Əsgərov arasında maraqlı dialoq oldu. Deputat bildirdi ki, cari məsələlərlə bağlı çıxış etmək istəyib: “Ancaq çox təəssüf ki, Ziyafət müəllim bizi eşitmədi. Amma Oqtay müəllim bizi daha yaxşı eşidir”. Z.Əsgərov isə “mən axı, soruşdum kim çıxış etmək istəyir, ola bilər eşitməmişəm” dedi. F.Mustafa öz növbəsində “Ziyafət müəllim, siz istəyəndə eşidirsiniz”-deyə, zarafatyana söylədi.

E.PAŞASOY,
Tarix: 31-10-2017, 14:22
Xəbəri paylaş





Xəbər lenti