Kriminala meylli ölkənin mediası

Kriminala meylli ölkənin mediası Açığı, hərdən özümüzə də qəribə, hətta çox yersiz görünür: bu nə mövzulardır, yazırıq? Özümüz də mat qalırıq: şou-biznes və ya kriminal xəbərlər niyə bu qədər çox oxunur?

Jurnlist kuluarlarında belə bir sual verilən kimi cavab beşatılan tək səslənir: “Camaat nəyi oxuyursa, onu da yazırıq”.


Deyəcəklər ki, ölkənin dərdi-səri çoxdur, onlardan yazın, oxusunlar.

Düzdür, ölkənin dərdi-səri çoxdur və onlardan vaxtaşırı yazılır. Məsələn, səhiyyə sferasındakı, təhsil sistemindəki, iqtisadiyyat sektorundakı, ictimai nəqliyyat sahəsindəki neqativ hallarla bağlı pəlaz-palaz yazılar dərc olunub, olunur.

Xeyri olubmu? Olmayıb. Bu ölkədə yazıyla nəyisə düzəltmək mümkün deyil. Dəyirman öz bildiyindədir, çax-çax baş ağrıdır.

Həm də baxaq görək, bu yazıların oxucusu varmı? Yoxdur. Daha dəqiqi, bu yazıların oxucusu çox azdır.

Belə görünür ki, öz problemi bu camaatın özünə maraqlı deyil. Onu qayğılandıran öz şəxsi problemidir, ictimai problemlər, açığı, xalqımızı maraqlandırmır.

Halbuki hər bir ictimai problem bütövlükdə xalqın, hamımızın olduğu kimi, fərdi qaydada da hər birimizindir. Hər kəs xəstələnir, hər evdən şagird, tələbə çıxır, əksər adamlar ictimai nəqliyyatla hərəkət edir və s.

Amma bu mövzularda yazılan yazıları 300-500 (lap olsun, 2-3 min) adam oxuyur. Bu halda hansısa problem ətrafında ictimai rəyin yaradılmasından söhbət gedə bilərmi? Gedə bilməz.

İctimai rəy odur ki, ölkə əhalinin böyük bir qismi hər yerdə, kollektivlərdə, yüksək dairələrdə, xalq arasında, müxtəlif ictimai yerlərdə söhbət bu barədə getsin və adamlar passiv şəkildə olsa da, o problemin həllini tələb etsinlər.

Bu, olmur. Əvəzində on minlərlə oxucu növbəti müğənni xanımın şəxsi həyatı, səfeh bir sözü, bahalı avtomobili barədə yazılmış yazını oxuyur, hər yerdə əksəriyyət adı dillərdə dastan olan bu şəxsi müzakirə edir. Sanki bu, ölkə əhəmiyyətli məsələdir.

Eləcə də kriminal avtoritetlərlə bağlı xəbərlərin çox oxunması ondan xəbər verir ki, insanların bu “sektor”a da böyük marağı var.

20 il əvvəlki kimi deyil ki, gənclər çayxanalarda, auditoriyalarda eyzən demokratik prinsiplərin ayrıca götürülmüş bir ölkədə necə bərqərar olunması yollarından, azad seçkilərdən, müxalifətin hakimiyyətə gəlmək şanslarından, qəliz geopolitik məsələlərdən, Qarabağ münaqişəsinin tənzimlənməsindən danışsınlar, bir-birilə mübahisə etsinlər.

İndiki gənclərin əksəriyyət çayxanada oturarkən qəliz politoloji terminlərlə danışmırlar, bir-birilə kriminal aləmə xas jarqon ifadələrlə danışırlar: “Neprav çıxarmaq”, “dediyi sözü obosnovat eləmək”, “söhbəti xırdalamaq”, “sözünə otveçat olmaq” və s.

Onların maraq dairəsi budur, hesab edirlər ki, həyat elə bundan, “yaxşı oğlan” olmaqdan, “stukaçlıq etməmək”dən, içəri düşməkdən qorxmamaqdan ibarətdir.

Burada “yasaqlanmış meyvə şirin olar” amili də var, şübhəsiz. Dəyərləri aşınmış, düzəni pozulmuş anormal cəmiyyətlə kriminal aləm arasında fərq görməmək, hətta ikincini daha ədalətli yer saymaq mərəzi da var.

Bu durumda qəzetlər, saytlar (tv-lər heç, haqqın yolunu tapıblar, gündə on saat manıs verilişləri yayırlar), nə edə bilər? Müstəqil media qurumları onu edə bilər ki, oxucuların sevə-sevə oxuduqları mövzularda yazmaz, məsələn, “Zərdab rayonunda tikinti-quruculuq işləri genişləndirilir” tipli materaillar verə bilər. Bunları isə oxuyan olmayacaq. Beləliklə, oxucu kütləsi daha da azalacaq. O zaman daha media kimin üçün və niyə fəaliyyət göstərsin?

Bəziləri deyəcək ki, belə şeylər yazacaqsa, yaxud bir çox şeylərdən yaza bilməyəcəksə, elə media olmasa, yaxşıdır.

Bu da son illər cəmiyyətdə geniş yayılmış fikirdir, amma gerçəkdən də media olmasa yaxşı olarmı? Müstəqil mediası olmayan, yalnız hakim dairələrin reklam və elanlar bülleteni rolunu oynayan mediaya malik ölkələr var, çoxmu ağ gündədirlər?

Media cəmiyyətin güzgüsüdür. Cəmiyyətin siması necədirsə, media onu göstərir. Əgər cəmiyyət güzgüyə baxmırsa, özünü orada olduğu kimi görmək istəmirsə, demək, problem təkcə mediada deyil, həm də və daha çox cəmiyyətdədir.

Xalid KAZIMLI
Tarix: 3-11-2017, 08:41
Xəbəri paylaş





Xəbər lenti