Lotu və “qoca” Silvio

Lotu və “qoca” Silvio Düzü, xalqımızın baməzə övladları əllərinin siqareti və xəmiri ilə kütləvi şəkildə bu məsələyə müdaxilə edib, söhbətin çürüyünü çıxarmasaydılar, fikrim vardı ki, bu gün “Fədayənin ”qocası", “Qoca”nın fədaisi" başlıqlı lirik-sentimental, bir az da psixoloji-kriminal janrda bir yazı yazım.

Yaxşı yazı olacaqdı, insan qəlbinin dərin guşələrində çırpınan incə tellərdən, iztirabı ahənrüba kimi çəkən sevgi dolu ürəyin sızlamalarından-filandan yazacaqdım. Amma qoymadılar, o qədər çox adam bu mövzuda elə baməzə şeylər yazdılar ki, söhbət absurda getdi. Ara yerdə gül kimi yazı başlığı zay oldu.

Amma qısa şəkildə deyim ki, həmin yazmadığım yazının əsas zərbəçi fikri belə olacaqdı: bu şoqərib elə şeydir ki, sevən könüllər üçün hərdən gerçəkdən yaşın fərqi olmur , çox zaman sinif, kasta, zümrə tanımır, sevən partnyorlar arasında kəndli-şəhəri fərqi puç olur.

Yoxsa bəzi rusdilli dostlar hesab edir ki, rusca yaxşı danışa bilməyən adamların sevgisi əsl sevgi deyil, eləcə, kortəbii şəkilıdə cütləşməkdir. Gerçəkdən belə düşünən və bunu dilə gətirən adamlar tanıyıram. Onlara görə, elitar, pullu adamların sevgisi daha incə, cazibədar, həzin, məsum, saf olur. Niyə belə fikirləşirlər, bilmirəm. Belələri hesab edir ki, bir tanınmış müğənni bir canini bu qədər ürəkdən və təmənnasız sevə bilməzdi.

Xüləs, lirik-sentimental, kriminal-romantik söhbət bitdi, gələk siyasi-kriminal mövzumuza.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini tanıyırsınız yəqin. Tanış gəlmədisə, qısaca tanışlıq verim: “Milan”, mafiya, hovuz qırağında ziyafət, gənc eskort qızlar, ağıza yumruq, süpürgə...

Yenə qaranlıq qaldısa, söhbəti bir az da açaq. İtaliyanın keçmiş baş naziri, eyni zamanda “Milan” futbol klubunun sahibi olan, mafiozluğu ilə tanınan, hovuz qırağında təşkil etdiyi eyş-işrət məclisinə həddi büluğa çatmamış qızlar dəvət edən, bir dəfə camaatın içinə qatılanda qəfildən ağzının üstündən babat bir yumruq zərbəsi alan, axırda məhkəmənin qərarı ilə barəsində cəza kəsilərək ictimai işlərə cəlb edilən və küçə süpürməyə vadar olan Silvio Berluskoninin başı yenə cəncəldədir.

Onun üzünə dururlar ki, uzun illər öncə hakimiyyətə gəlmək üçün ölkədə silsilə terror aktı törədilməsini sifariş verib, mafiozlar onun sifarişini yerinə yetirib, nəticədə o vaxtkı iqtidar seçkilərdə az səs alıb, Berluskoni özü isə qələbə qazanaraq hakimiyyətə gəlib.

İndi 80 yaşlı qocanı çək-çevirə salıblar, istəyirlər tutub qoysunlar içəri. Bunun əsas səbəbi də odur ki, qoca və lotu Silvio dinc durmur, yenə hakimiyyətə gəlmək istəyir, gənc italyanlar da deyirlər ki, ey xəstə Qasım, günü keçmiş qocasan, fas-farağat otur yerində, yoxsa çox işlərini açıb qoyarıq ortaya, ahıl vaxtında düşərsən türmələrə.

Onu da qeyd edəlim ki, Berluskoninin mafiozluğu İtaliyada və eləcə də dünyada heç kəsə sirr deyil. Hələ o baş nazir olanda da hamı bilirdi ki, ağsaqqal həm mafiozdur, həm tərbiyəsizdir, həm də şorgözdür. Adam hər gün nəsə bir qalmaqal yaradırdı. Bir dəfə Allah qoymasa, guya italyan qızlarına kompliment demək istəmişdi, tribunadan bildirmişdi ki, bizim italyan qızları çox gözəldirlər, ona görə də onları zorlamamaq əldə deyil. Bu sözün üstündə italyan qadınlar onu biabır-dəsgah elədilər, söhbət ana-bacı söyüşünə qədər getdi.

Ancaq Berluskoni nə qədər mafioz olsa da, sələfi Culio Andreotti qədər mafioz olmayıb. O zalım oğlu mafiyanın əliylə jurnalist öldürtmüşdü. İtaliya mediası günlərlə, aylarla, hətta illərlə bu mövzuda yazdı və hələ də yazır.

(Yeri gəlmişkən, kriminal xəbərlərin ölkənin ictimai-siyasi gündəmində baş yerdə olmasından çox da qorxmaq lazım deyil. Ona qalsa, İtaliyanın, Meksikanın, Kolumbiyanın, eləcə də bir çox başqa ölkələrin səhəri kriminal xəbərlə başlayır, günü kriminalla başa çatır. Qorxulusu odur ki, ölkədə kriminogen durum nəzarətdən çıxa və bu barədə yazmaq mümkün olmaya).

Beləcə, lotu və “qoca” Silvionu sinninin bu vədəsində “zon”a göndərmək istəyirlər. Elə bir şey olsa, ağsaqqalın işi ağır olacaq. Nə türmədən qaçası vaxtıdır, nə də indən belə kimsə onun üçün “sənin uğruna ölürüm” serenadası oxuyacaq.

Samir SARI
Tarix: 4-11-2017, 09:02
Xəbəri paylaş





Xəbər lenti