Qubadlı işğal olub viran qaldı, Yurd-yuva talan olub talan qaldı

Qubadlı işğal olub viran qaldı, Yurd-yuva talan olub talan qaldı

Bu sətirləri qələmə alan bir müddət öncə çapdan çıxmış “Elimin, obamın, babamın portret cizgiləri” kitabının müəllifi Mikayıl Qibləgalıdır(Bədəlov). İndi təqaüddə olan tanınmış hüquqşünas kitabında doğulub boya-başa çatdığı Qubadlı rayonunun Dəmirçilər kəndi və ümumilikdə bu elin, obanın tarixi, tanınmış şəxsiyyətləri haqqında araşdırma aparmış, erməni tapdağı altında olan Qubadlıya tarixi səyahət etmişdir. Mərhum babası, xeyriyyəçi, el şairi Hacı Bədəlin gördüyü işlər, qələmə aldığı şeirlər və həyat yolu da burada öz əksini tapmışdır. Kitabda bir Qubadlı həsrəti var. Mikayıl müəllim özünün dediyi kimi həsrət körpüsündən el-obasına nəzər salıb, qan ağlayan qəlbi ilə yurd-yuvasını xatırlayır. Bir neçə şer müəllifi də olan M. Qibləgahlının qələmə aldığı sətirlərdə Qubadlı göynərtisi, harayı var:

Bərgüşad, Həkəri çağlayıb keçdi,
Analar, bacılar ağlayıb keçdi,
Bu nisgil sinəmi dağlayıb keçdi,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.

Qubadlı işğal olub viran qaldı, Yurd-yuva talan olub talan qaldı
Quba şəhərində yaşayan Mikayıl Qibləgahlı öz balaca vətəninin işğalı ilə barışmaq istəmir, sanki həmyerlilərini bir mübarizəyə səsləyir. Bu baxımdan 2003-cü ildə qələmə aldığı “Qalx ayağa, Qubadlı” şeirini həyəcanız oxumaq olmur. Mikayıl Qibləgahlının 247 səhifəlik, az tirajla çap olunmuş kitabı bizlərin tarixi yaddaşını təzələyir. İşğal olunmuş Qubadlının daşı, kəsəyi, meşəsi, bulaqları, şəxsiyyətləri barədə oxucuları məlumatlandırmaqla onları unutqanlıqdan uzaqlaşdırmağa çalışır. Müəllif kitabında Qubadlının, boya-başa çatdığı Dəmirçilər kəndinin bir xəritəsini çəkib. Kitabı oxuyanda özünü sanki o aləmdə, o diyarda hiss edirsən. Lakin yada düşəndə ki , gözəl və əvəzsiz Qubadlı torpağı daşnakların əlindədir, qəlbin haray çəkir, ürəyin qan ağlayır. Mikayıl müəllim bunu etməyi bacarıb. Erməni təcavüzü nəticəsində yurd-yuvasından çıxmağa məcbur olmuş həmyerlilərinin qəlbindəkiləri sətirlərə köçürə bilib. Müəllif təkcə Dəmirçilər kəndinin deyil, qədim tarixə malik Zəngəzur mahalının bir parçası olan Qubadlının bütün sakinlərini mənəvi cəhətdən səfərbər edir. Elə bu baxımdan da, “Elimin, obamın, babamın portret cizgiləri” kitabı çox əhəmiyyətlidir.

Zaman keçəcək, işğal olunmuş torpaqlarımız erməni cəlladlarının əlindən xilas ediləcək. Deyə bilmərəm, mən də, Mikayıl müəllim də o günü mütləq görəcəyik. Lakin indi qələmə alınan sətirlər həmin vaxt daha çox xatırlanacaq. Mən o günə- Qarabağın Azadlıq Gününə inanıram!

Müqəddəs Mehdiyev,

jurnalist
Tarix: 3-01-2018, 23:43
Xəbəri paylaş





Xəbər lenti