Utanmasan, deputat olmağa nə var ki?! - millətə yox, hökumətə vəkilliyin mükafatı...

Utanmasan, deputat olmağa nə var ki?! - millətə yox, hökumətə vəkilliyin mükafatı...

Utanmasan, Azərbaycanda deputat olmağa nə var ki?! Hələ xəcalət çəkməsən, deputatlıq maaşının azlığından şikayətlənə də bilərsən.
Axı nəyinə gərəkdir ölkədə minimum əmək haqqı 130 manat olsun, əsas millətin vəkilinin 3000 manat maaş almasıdır. Bu haqda Anaxeber.Az-ın Təhlil Qrupu yazır.
Ona “seçən” seçici kredit borcu içində boğula bilər, kirayələrdə sürünə bilər, övladına istədiyi hədiyyəni almaya bilər, bayramlarda, tətillərdə arzuladığı yerlərə getməyə bilər, həftənin 7 günü 12 saat işləyib 250-300 manat maaşla ac-yalavac vəziyyətdə yaşaya bilər, yetər ki azərbaycanlı deputatın dəbdəbəli həyatı davam eləsin.
Millətdən hər parlament seçkisində səs istəyənlərin ayağı komfort avtomobildən soyuq asfalta dəymir, bahalı restoranlardan, lüks otellərdən, bahalı xarici səfərlərdən geri qalmırlar, yarısının övladı biznesmenə, holdinq rəhbərinə, polis rəisinə, idarə direktoruna çevrilib, yarısı Londonda, Brüsseldə, Romada təhsil adı ilə dövlətdən ayrılan milyonları lobbiçilik adı altında silməklə məşğuldurlar.


Bu da azdır. Siz heç bir deputatın övladının ön cəbhədə xidmət etməsini eşitmisizmi? Elə millət vəkili varmı k, biznesi olmasın?! - yoxdur.
Hətta adına restoran, obyekt çıxmayan siyasiləşmiş deputatların da hardasa təsərrüfatı, ferması, bir biznesi var.
Odur ki, dərd-sərini deputata çatdıra bilməyən seçicilərlə onların sayəsində mandat alıb Milli Məclisdə 5 il susub oturanlar arasında dərin uçurumlar var: biri yanvardan 3000 manat alacaq, biri deputatından əlini üzüb sürünə-sürünə yaşamağa davam edəcək.

Əslində, millətin vəkilləri statusunu daşıyanlar parlament iclaslarında özlərinin yox, ümumən ölkədə maaşların 50 faiz qaldırılması təklifi irəli sürməliydilər.
Deməliydilər ki, müəllim 150 manat yox, 550 manat, tibb bacısı 450 manat əmək haqqı almalıdır.
Amma toxun acdan xəbəri olmadığı kimi, deputatlar da öz qarınlarının ağrısını hökumətə çatdırdılar.
Hökumət də nəzərə aldı və ölkədə 14 manat dövlət qulluqçularının, 800 manat deputatların maaşı qalxdı.
Hələ rəsmiləşməyən bu artımı bir kənara qoyub, indiki rəqəmlərə nəzər yetirəndə məsələn, Niderland deputatıyla müqayisədə Azərbaycan deputatının sıravi həmvətənlərindən 18 dəfə çox qazandığı aydınlaşır.
Niderlandda parlament üzvü ayda 7.705 avro əmək haqqı alır. Ölkədə minimum əmək haqqı 1.565 avro, orta aylıq əmək haqqı isə 2.855 avrodur (bütün rəqəmlər brutto məbləğidir).
Qısa təhlil belə deyir ki, Niderland deputatı minimum əmək haqqının 4,9 mislini, orta aylıq əmək haqqının isə 2,6 mislini alır. Bu nisbətdə Azərbaycan reallığını gözdən keçirdək.
Azərbaycanda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi bildirilir.
Bunun da 4.9 misli 637 manat edir. Deputatlarımız isə yayılan xəbərlərə görə 2018-ci il yanvarın 1-dən 3000 manat əmək haqqı alacaqlar.
Deməli, Azərbaycan deputatının əmək haqqısı Niderlanddakı analoji situasiyadan fərqli olaraq minimum əmək haqqından 4,9 dəfə deyil, 23 dəfə çoxdur (3000 / 130 = 23, 08).
Buradan belə nəticə çıxır ki, Niderland deputatıyla müqayisədə Azərbaycan deputatı sıravi həmvətənlərindən 18 dəfə çox (23 – 4,9 = 18,1) qazanır.

Anaxeber.Az-ın Analitik Mərkəzi yazır ki, vaxtilə keçmiş deputat Gülər Əhmədovanın məlum video görüntüdə söylədiyi tarixi söz parlamenti tamamilə ifadə edir.
Həmin kasetdə G.Əhmədova bildirmişdi ki, ölkədə 1 seçici var və bu gün də onun tarixi sözü aktualdır. Yəni, Azərbaycanın Milli Məclisinin tərkibi xalqın seçimi əsasında formalaşmır.
Belədə seçicilərin deputatlardan hansısa gözləntisinin olması da absurddur. Çünki onları 1 nəfər seçib və qarşısında biət edirlər. Onlar parlament tribunasından xalqın yox, hökumətin vəkilliyini edirlər.

Onlar Milli Məclisdə düyməni basıb “hə” demək, ən mürtəce qanunu dəyişiklikləri dəstəkləmək funksiyasını yerinə yetirirlər.
Onlar bizlərdən deyil, onlardandırlar. Və onlar heç zaman xalqın yaralarına məlhəm olmayıblar, millətin ağrı-acılarını parlament iclaslarına daşımayıblar.
Nəticə də göz qarşısındadır: xalqına yox, hökumətinə vəkillik xidməti göstərən deputatların maaşı məhz minimum əmək haqqından on dəfə çox olmalıdır.
Çünki Niderlandda deputat parlamentə velosipedlə gedirsə, Azərbaycanda milyonlarını, biznesini mandat hesabına toxunulmaz saxlayanlar bir çox hallarda Milli Məclisin iclaslarına getmirlər.
Hətta iclasa gedəndə də “ağzına su alıb” otururlar, qanun layihələrinin, gündəmdə olan məsələlərin müzakirəsində iştirak etmirlər, 5 il susmaq xidməti yerinə yetirirlər.
Bəziləri isə mürgüləyib yatırlar, bəziləri xalqa “otxod”, “az yeyin, “işdən sonra bənnalıq edin”, “soğan əkin”, “ayağını yorğana görə uzadın”, “feysbukda olanlar avara adamlardır” və s. deyirlər. Onlar da yaxşı bilirlər ki, seçkidə xalqdan səs almayıblar...
Anaxeber.Az-ın Analitik Mərkəzi
Tarix: 4-01-2018, 09:22
Xəbəri paylaş





Xəbər lenti