Əkbər Hacıyevin fasiləsiz maxinasiyaları: 4 kəndə qaz çəkilib, qaz isə - prezidentə fakt

Əkbər Hacıyevin fasiləsiz maxinasiyaları: 4 kəndə qaz çəkilib, qaz isə - prezidentə fakt Göyçay rayonu Şəkər kəndinə, eləcə də qonşu, Mırtı, Qaraxıdır, Alıkənd kəndlərinə 2015-ci ildə qaz çəkilib

FİA.Az-a verilən xəbərdə bildirilir ki, təkcə Şəkər kəndində qaz verilir. O da yay-qış, ancaq gecə saat 12-dən səhər saat 6-7-dək verilir.

Digər kəndlərə qaz normal, mütəmadi verildiyi halda Şəkər kənd camaatı qazdan ancaq gecələr istifadə edə bilir. Sakinlərin dediyinə görə bu qaz da ancaq peçə qoyulan odunu yandırmağa kifayət edir.


Bununla bağlı kənd sakinləri yerli, mərkəzi hakimiyyət strukturlarına, aidiyyatı qurumlara şikayətlər ünvanlasalar da heç kim bu problemlə maraqlanmayıb.

“Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyevin bu əcaib işi heç bir məntiqlə izah olunmur. Kəndə 2 il qabaq çəkilən qaz qəhətə çıxıb və sanki havaya sovrulub.

Göyçay rayonu Potu kənd məktəbinə qaz verilmədiyi üçün məktəbin direktor əvəzi valideyinlərdən odun gətirmələrini istəyir.

Direktor əvəzi Solmaz müəllimə deyir ki, uşaqlar sizin uşaqlardır, uşaqlarınızın xətrinə hərəniz bircə araba odun gətirsəniz dünya dağılmaz ki?!

Rayonun kənd məktəblərində qaz problemi və istilik sisteminin işləməməsinə görə məktəbli uşaqlara soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir.

Nəticədə də uşaqlar soyuqdan xəstələnirlər. Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə, paltolarla oturub dərs keçirlər.

Şagirdlərinin yarısı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideynlər isə soyuq sinifdə dərs keçirilməsinə görə uşaqlarını məktəbdən çıxarıblar.

Göyçayın mərkəzi və mərkəzə bitişik qəsəbələr istisna olmaqla, kəndlərdə qaz yoxdur. Hansı ki Sovetlər dönəmində həmin kəndlərin hamısı qazlaşdırılmışdı.

“Azəriqaz” İstehsalat Birliyinin yerli şöbələri abonentləri boğaza yığıb. Qış gələndən regionlarda İstismar İdarələri vətəndaşların başına oyun açır.
Onların gah qaz xətləri kəsilir, gah təchizat dayandırılır, gah da qəza-təmir adı ilə fasilələr verilir.

Bu vəziyyət də qışın sazağında camaatı evlərində donmağa məhkum edir. Göyçay sakinləri rayon Qaz İdarəsindən şikayətçidirlər.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ölkə başçısı İlham Əliyevin qəzəbinə gəlib. Səbəb isə əhalinin son günlər ən çox bu qurumdan şikayətçi olması və SOCAR-ın tabeliyində olan “Azəriqaz”ın hakimiyyət üçün əməlli-başlı problem yaratmasıdır.

FİA.Az-a verilən xəbərdə bildirilir ki, “Azəriqaz” İB direktoru Əkbər Hacıyev hər il tənqid olunur. Lakin heç bir nəticə çıxarmır. Yenə də Bakı kəndləri, ətraf qəsəbələr qaz problemi yaşayırlar.

200 milyard ton neft hasil edən bir ölkədə hər il qaz təchizatında problem yaşanması, evlərin buz bağlaması, abonentlərin vaxtı-vaxtında karta qaz yükləyib sayğaca köçürdüyü halda mənzilində istiliyi görməməsi ciddi etirazlara səbəb olur.

Qeyd edək ki, “Azəriqaz” yarandığı gündən ölkə rəhbərliyi qarşısında Respublika ərazisinin 95 % -nin qazlaşdırılmasını öhdəlik götürsə də hazırda bu rəqəm hec 60 faiz təşkil etmir.

Yarandığı gündən 4-5 dəfə struktur dəyişikliyinə məruz qalan (özünü doğrultmadıqca) “Azəriqaz”ın indiki sədri Əkbər Hacıyev artıq nə edəcəyini belə bilmir. Ekspertlər də “Azəriqaz” İB-də ciddi islahatların aparılmasını vacib hesab edirlər.

Son bir neçə ildir ki, “Azəriqaz” müntəzəm olaraq “təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi” kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırır.

Səbəb isə eynidir: qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması!

Lakin nə sirdirsə, abonentlər qaz təchizatının kəsildiyi həmin saatlarda yaşadığı ərazidə heç bir “təmir-quraşdırma” işlərini müşahidə edə bilmir.

Bəs “Azəriqaz”ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir?

Doğrudanmı “Azəriqaz”ın təmir-quraşdırma briqadaları bu cür intensiv işləyir və paytaxt Bakıda, rayonlarda “gözəgörünməz” təmir-quraşdırma işləri bu cür intensiv xarakter alıb?

“Azəriqaz” isə bunu qışa hazırlıqla izah edir. Absurd səbəb! Hər il qışa belə hazırlaşmaqmı lazımdır?

Halbuki qaz təchizatı haqqında qanunda xidməti yay və qış variantları barədə danışılmır. Qanunda aydın deyilir ki, şirkət fasiləsiz və keyfiyyətli təchizatı təmin etməlidir.

“Azəriqaz” sistemində maxinasiyalar, pis qaz təminatı və mövcud qaz itkiləri ilə barədə mətbuatda dəfələrlə məlumatlar yer alıb. “Azəriqaz”ın bu cür yarıtmaz fəaliyyəti nə vaxtadək davam edəcək?

Tez-tez baş verən “təmir” işləri, rayonlara verilən qazın kəsilməsi, təzyiqin həddən artıq azaldımasının səbəbləri nə ola bilər?

Hökumətin qaz infrastrukturunun yeniləməsinə iri həcmdə vəsaitlər xərclədiyi halda abonentlər niyə hələ də qaz təminatında bu cür problemlərlə üzləşir?

Ümumiyyətlə, Azərbaycanın qaz operatorunun işi heç prezidenti də qane etmir.

Bu mövzuda Ə.Hacıyevin fikirlərini dərc etməyə hazırıq.
Tarix: 20-01-2018, 01:11
Xəbəri paylaş





Xəbər lenti