“200 min dollarımı geri istəyirəm”


Sabiq MTN-in şöbə rəisinin məhkəməsində zərərçəkən çıxış edib

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə iş adamı Mehrac Qurbanov çıxış edərək, Vüsal Ələkbərova 200 min dollar verdiyini və həmin pulu geri istədiyini deyib.

Zərərçəkən Vüsal Ələkbərovun bəraət istəməsi ilə bağlı şikayətinə isə münasibət bildirmək istəməyib və bunu məhkəmənin mülahizəsinə buraxdığını vurğulayıb.

Məhkəmə araşdırmasının bitməsi elan edilib. Prokuror cinayət işinin həcminin böyük olduğunu səbəb göstərərək, çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Proses fevralın 1-də prokurorun çıxışı ilə davam edəcək.

Vüsal Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Hökmdən belə görünür ki, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.
Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək. İstintaq sənədlərinə görə, Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə, sübutları saxtalaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə maddələri ilə təqsirli bilinib.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

Rəşad VAQİFOĞLU
Tarix: 25-01-2018, 21:39
Xəbəri paylaş





Xəbər lenti