“Əli İnsanovu hakimiyyətlə düşmən vəziyyətinə gətirib çıxaranlar oldu” – ELDAR SABİROĞLU

 “Əgər azad və demokratik ölkədə yaşadığımız dövlət səviyyəsində bəyan edilirsə, Əli İnsanovla görüş niyə qıcıqla qarşılanmalıdır?”
Müsahibimiz sabiq deputat, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğludur. Onunla söhbətimizdə sabiq nazir Əli İnsanov həbsdən çıxdıqdan sonra baş verən proseslərə aydınlıq gətirməyə çalışdıq.
- Eldar müəllim, Əli İnsanovla bağlı hamı danışır, amma sizin susqunluğunuz birmənalı qarşılanmır. Buna hansısa ciddi bir səbəb varmı?
- Sizə qədər bu haqda xeyli insanın sualları ilə qarşılaşmışam. Əli müəllimi alovlu Heydər Əliyevçi tanımışam. Vəzifədə ola-ola bu mövqeni seçmək asan məsələ deyildi. Halbuki həbs edilərkən üzünə duran vəzifəli şəxslər içərisində zamanında tamam başqa istiqamətdə olub, sonradan yüksək vəzifələrə irəli çəkilənlər azlıq təşkil etməmişdi. Onu indiki hakimiyyətlə düşmən vəziyyətinə gətirib çıxaranlar oldu. İndi köhnə palan içini eşələmək niyyətim yoxdur. Təkzə Əli İnsanov yox, çoxları bu cür araqarışdıran, vəzifədən bu gün də ikiəlli yapışan iprəmiş qocaların güdazına getmişdir. Danışıb əlavə problemləri yaşamaq həvəsim yoxdur.
Həsən Əliyev rəhmətə gedərkən cənazəsi Elmlər Akademiyasının dairəvi salonunda qoyulmuşdu. Vida mərasimində yüz nəfər belə yox idi. Əli İnsanovla Əli Nağıyevi ilk dəfə orada gördüm. Ancaq indi qılıncının dalı da, qabağı da kəsən bəzi üzdəniraqlardan biri də gözə dəymədi.
- Əli Nağıyevin Əli İnsanov barəsində dediyi sözlərə münasibətinizi bilmək maraqlı olardı...
- Əli Nağıyevlə uzun müddət bir yerdə işləmişik. Onunla aramızda vaxtilə gərginlik yaradanlar oldu. LakinYAP-ın formalaşmasında və inkişaf etdirilməsində onun çəkdiyi ağır zəhməti unutmaq olmaz. O, məslək, ideya sahibi idi. Heydər Əliyevə bağlılğı ilə çoxlarına nümunə idi. Sonu nə oldu? Əli müəllim Allahına şükür eləsin ki, hələ həbsə atmadılar. Qaldı hər iki sabiq nazir haqda münasibət bildirməyimə, buna müdaxilə etməyi yanlışlıq sayıram.
- Siz özünüz necə, Əli İnsanovla görüşəcəksinizmi?
- Sualın qoyuluşu qəribə səslənir. Əgər azad və demokratik ölkədə yaşadığımız dövlət səviyyəsində bəyan edilirsə, adamların görüşməsi niyə qıcıqla qarşılanmalıdır? Əli İnsanovu xalqın düşməni kimi tanıtdırmaq cəhdi varsa və bu "düşmənlə" kim görüşürsə o da düşmən hesab olunursa bu başqa məsələ... Gəlib haralara çıxdıq, ya Rəbbim!!!
- Keçmiş səhiyyə nazirinin ətrafına əsasən Qərbi Azərbaycan kökənli insanların toplaşdığı deyilir.
- Burada yeni bir şey görmürəm. Ənənəvi üslubdur. Başqa nə deyə bilərəm...
RƏŞAD, Hurriyyet.org
Tarix: 28-03-2019, 16:27
Xəbəri paylaş





Xəbər lenti