Biz də duracağıq

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Gürcüstanda 10 minlərlə insanın Saakaşvilinin müdafiəsi üçün meydanlara axışdığını gördük. Heç kimdə şübhə doğurmur ki, o xalq Saakaşvilinin həbsxanada qalmasına imkan verməyəcək.
Biz də sərhədin bu tayından təbii ki, həsəd qarışıq acı ilə baxırıq qonşularımıza, niyə biz yox sualı beynimizi deşir. Amma biz də zamanında olmuşuq. Hətta dünyanın xalqı adını da qazanmışıq. O vaxt yüz minlərlə insan meydanda yığışanda hansı gücə malik olduğunu, istəsə hətta tarixin təkərini belə döndərməyə qadir olduğunu dərk etdi.
Və rus tanklarını Bakıdan çıxartdı, Vəzirov o gücün qarşısından fış-fışa ilə canınını götürüb əkildi. Mütəllibov istefa verdi, kimlərinsə fitvasına gedib təzədən dirəşəndə həmin xalq ona necə göz ağartdısa Moskvaya qədər qaçdı.
Həmin illərdə xalq gücünün gətirdiyi nəticələr o gücü korşaltdı. Əvvəl bir illik təcrübəsiz hakimiyyət bir az qazını aldı. Sonra əliyevlər sülaləsi adlanan bəla gəldi. Xalqı sındırmaq, gözünün odunu almaq üçün bacardığı hər şeyi etdi. Əvvəl bir yerə toplaşıb güc olmağının qarşısını aldı. Sonra onun qürurunu, özünə inamını qırmaq üçün xalqı aşağılamaq, təhqir, həqarətdən tutmuş irəli çıxanlarını ləkələməyə, alimini, yazarını, ziyalısını sındırıb yalaq, sümsük bir məxluqa çevirməyə qədər bütün üsulları sınaqdan çıxartdı. Mətbuatını məhv etdi, təhsilini nəticəsiz eksperimentlər poliqonuna çevirdi. Qanunu plastilinə, hakimi sifarişlə oxuyan manısa döndərdi. Daha sonra həbslər, işkəncələr, ölümlər. Və nəhayət iliyinə kimi, ac-yalavac, bir tikə çörəyə möhtac olana qədər soyub talama. Düşmən bu xalqa bu sülalənin etdiklərini rəva görməzdi.
Gürcü xalqı bu gün yenə meydandadır. Gücünü görüb, özünə arxayındır, dövlətinə sahib çıxır. Onların hakimiyyətə gətidikləri Saakaşvili, Burcanadze, İvanaşvili, Qaribaşvili mümkündür ki, etimadı tam doğrultmayıblar, bəzən inamı qırıblar, amma o gücü korşaltmağa çalışmayıblar. Gözəl biliblər ki, o güc onların hakimiyyətinə təhlükə yarada bilər, amma öz xalqının qüruruna toxunmağı ağıllarına belə gətirməyiblər. Əksinə xalqın özünüifadəsinə şərait yaradıblar, təkan veriblər və beləcə XALQ formalaşıb. Gürcü rəhbərlər öz xalqını güclü görmək istəyiblər, passionar görmək istəyiblər, zərbi-kərən sındıran görmək istəyiblər, dövlətinin sahibi görmək istəyiblər. Çünki o xalqın övladlarıdırlar, o xalqı sevirlər, özlərini sevirlər.
Biz də duracağıq. Xalqın əsəbləri tarıma çəkildisə onu ağacdan qopan yarpaq da qıra bilər. Və İlham Əliyev də bilməlidir – onun xofu sovet KQB-sinin xofunun yanında heç nədir.
Tarix: 17-10-2021, 08:48
Xəbəri paylaş





Xəbər lenti