"Müsəlman kimi göründüklərindən onları tanımaq olmur -Onlar kafirlərdən təhlükəlidir..."


"Zahirən müsəlman kimi yaşadığı halda ürəkdən iman etməyən adamlara münafiq deyilir..." 
 
Sual:
 
Kimlər münafiqdir? Münafiq münafiq olduğunu bilirmi?
 
İnsanlar iman baxımından üç qrupa ayrılır: mömin, kafir və münafiq. Mömin Allaha, Həzrət Məhəmmədin peyğəmbərliyinə və Onun xəbər verdiyi şeylərə ürəkdən inanıb bunları qəbul və təsdiq edən insana deyilir. Möminlər axirətdə Cənnətə gedəcək və orada bir çox nemətlərlə mükafatlandırılacaq. Bu, Allah-Təalanın vədidir. Günahkar möminlər axirətdə günahlarının cəzasını çəksələr də, axırda (inşallah) Cənnətə girəcəklər. Möminlərin əbədiyyən Cənnətdə olacağına dair Quranda bir çox ayələr vardır.
 
Kafir isə İslam dininin əsas prinsiplərinə inanmayan, Peyğəm­bərimizin Allahdan gətirdiyi dini əsaslardan birini, bir neçəsini, ya da hamısını inkar edənlərə deyilir. Məsələn, Allah-Təalanın, mələklərin varlığını qəbul etməyən, namazın fərz, içkinin haram olduğunu rədd edən adam kafirdir. Lüğətdə “kafir” sözü “bir şeyin üstünü örtən” mənasını verir. Həqiqi və doğru bir inancın üstünü örtdüklərinə və yalnış şeylərə inandıqlarına görə, bu cür adamlara kafir deyilir. Bir insan kafir kimi ölərsə, əbədiyyən Cəhənnəmdə qalacaq. Bir ayədə belə buyurulur: “Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun! Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiya­mətdə) onların əzabı azalmaz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz)”.[1]
 
Münafiq isə Allahın bir olduğunu, Rəsulullahın peyğəmbərliyini və onun Allahdan gətirdiklərini qəbul etdiyini deyən, ancaq buna qəlbən inanmayan insanlardır. Zahirən müsəlman kimi yaşadığı halda ürəkdən iman etməyən adamlara münafiq deyilir. Münafiqin zahiri və batini bir-birindən fərqlidir. Münafiqin dili ilə qəlbi bir deyildir. Bir ayədə buyurulur: “İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik” deyirlər”.[2]Münafiqlərin əslində kafir olduğunu başqa bir ayədə görürük: “Onların Allah yolundan sapmasının səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar”.[3]
 
Münafiqlər İslam toplumu üçün kafirlərdən təhlükəlidir. Çünki onları kənardan müsəlman kimi göründükləri üçün tanımaq olmur. Münafiqlər müsəlman toplumunun əmin-amanlığını və birliyini daxildən pozur, quzu cildinə girərək sadəlövh və savadsız müsəlmanları səhv yola yönəldirlər. Peyğəmbərimiz vəhy sayəsində kimlərin münafiq olduğunu bilirdi, buna görə də əhəmiyyətli işləri onlara tapşırmırdı. Rəsulullahdan sonra vəhy kəsilmişdir, ona görə də  münafiqləri tanımaq çətindir. “Mü­səlmanam” deyənlərin qəlbini araşdırmaq da doğru olmadığı üçün dünyada münafiqlərlə müsəlman kimi rəftar edilir. Onların cəzası axirətə qalır. Bir ayədə bildirildiyi kimi, münafiqlər Cəhənnəmin ən alt təbəqəsinə atılır: “(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!”[4]
 
Nifaq (münafiqlik) kəlməsi “tunel” mənasını verir. Münafiqin də ruhunda qaranlıqlar olduğu üçün bu cür  adlandırılmışlar. İnanc baxımından münafiqliyin müxtəlif növləri var:
 
Etiqadi münafiqlik:
 
Etiqadi münafiqlik – bir insanın inanmadığı halda inanırmış kimi görünməsi, qəlbən inanmayıb dillə iman gətirməsi deməkdir. Buna xalis münafiqlik də deyilir. Bu cür münafiqlər imanla münafiqlik arasında “var-gəl edən”, həmişə şübhə və tərəddüd keçirən, dolayısilə, imanında ciddi sıxıntı və zəiflik olan insanlardır.
 
Əməli münafiqlik:
 
Əməli münafiqlik isə bəzi davranışlara görə, qismən etiqadi münafiqliyə  oxşayır. Belə müsəlmanların imanında münafiqlik olmur. İbadətlərdə tənbəllik edənlərin, ibadətlərini məcburiyyət düşüncəsi ilə istəməyə-istəməyə yerinə yetirənlərin bu əlaməti daşıma təklükəsi vardır.
 
(Davamı var)
 
Mənbələr:
1] “Bəqərə” surəsi, 2/161-162
[2] “Bəqərə” surəsi, 2/8
[3] “Münafiqun” surəsi, 63/3
[4] “Nisa” surəsi, 4/145
Meneviyyat.az

Tarix: 17-01-2022, 09:02
Xəbəri paylaş





Xəbər lenti