"BELƏ FƏZİLƏTLİ ZİYALILARIMIZ QORUNMALIDIR!" - Tanınmış alimdən professor Kərim Şükürova dəstək



"AMEA Tarix İnstitutunun direktoru - tarix elmləri doktoru, professor Kərim Şükürov istedadlı, zəhmətkeş, məhsuldar, mütərəqqi təfəkkür, əməl və davranış tərzinə malik dəyərli alimlərimizdəndir. O, müasir Azərbaycan tarix elminin ən qabaqcıl, məsuliyyətli və vicdanlı yükdaşıyanlarındandır". 
Bu fikirləri "AzPolitika.info"-ya açıqlamasında tanınmış alim, fəsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun istefasına münasibət bildirərkən dilə gətirib. 
Professor Əbülhəsən Abbasov eyni zamanda ictimaiyyəti və dövləti Kərim Şükürov kimi ziyalılarımızı qorumağa çağırıb: "Kərim müəllimin Azərbaycan elminə, ictimai mühitə, o cümlədən idarəçilik praktikasına verdiyi töhfə, gətirdiyi müsbət nümunələr danılmazdır. O, bir çoxları kimi heç vaxt elmdən və tutduğu vəzifədən bəhrələnən, sui-istifadə edən olmayıb. Əksinə, elmə, xalqımıza, dövlətimizə və cəmiyyətimizə öz ömrünü həsr edənlərdəndir.
Bu mənada Kərim müəllim alicənab nadir şəxsiyyətlərimizdəndir. Ona qarşı qeyri-adekvat, obyektivliklə, ədalətlə uzlaşmayan münasibət qətiyyən anlaşılan deyil və qəbul edilə bilməz. Belə fəzilətli ziyalılarımız qorunmalı və hər mənada yüksək dəyərləndirilməlidir. Onlara həm cəmiyyətimiz, həm dövlətimiz arxa olmalı, dəstək verməlidir. Bu, milli maraqlarımızın, insanlıq və vətəndaşlıq borcumuzun tələbidir".

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında İnstitutla bağlı səsləndirdiyi fikirlərə sərt münasibət bildirib. AMEA-nın prezidentinin məişət səviyyəli intriqalarla məşğul olduğunu bəyan edən professor Kərim Şükürov, onun qeyri-adekvat fikirlərinə etiraz olaraq yalnız tutduğu vəzifədən deyil, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa verəcəyini bildirib. 
Professor Kərim Şükürovun bu cür cəsarətli və əsl ziyalı mövqeyi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. 
Tarix: 20-01-2022, 22:48
Xəbəri paylaş





Xəbər lenti