Dələduzluqda ittiham olunan şəxsin prokuror köməkçisi olan oğlu işdən çıxarılıb



Dələduzluqda ittiham olunaraq barəsində məhkəmə hökmü çıxarılan sabiq prokruor köməkçisinin oğlu da işdən çıxarılıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək barəsində ittihamedici hökm çıxarılan 74 yaşlı Əliyev Elbrus Şahmar oğlu işdən uzaqlaşdırılıb.
Onun oğlu Rəşad Əliyev Suraxanı rayon prokurorunun köməkçisi imiş. Atasının dələduzluq əməli ilə bağlı söz-söhbətlər yaranandan sonra o da işdən çıxarılıb. Rəşad Əliyevin öz ərizəsi ilə işdən çıxdığı bildirilir. Məlumata görə, məhz bu hadisədən sonra prokurorluq orqanından uzaqlaşması üçün ona ərizə yazmaq məsləhət görülüb.
Xatırladaq ki, məhkəmənin hökmünə əsasən Elbrus Əliyev Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib.
Elbrus Əliyevin aldatdığı şəxslər arasında vətənə xəyanət ittihamı ilə həbs edilən ilahiyyatçı Elşən Mustafayevin ailə üzvləri də var.
Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Hacı Elşən Mustafayev 2016-cı ildə məhkəmənin hökmü ilə vətənə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Elbrus Əliyev həbsdə olan Elşən Mustafayevin cəzasını yüngülləşdirəcəyini vəd edərək onun ailə üzvlərini aldadaraq 50 min manat pul alıb.
Elbrus Əliyevin aldatdığı şəxslər arasında BDU-da kafedra müditi işləyən Hüseyn Məmmədov da var. O isə oğlunu prokurorluqda işə düzəltmək üçün Elbrus Əliyevə 50 min verərkən aldadılıb.
Bildirək ki, Abşeron Rayon Prokurorluğunda qeyri-rəsmi köməkçi olan E.Əliyev zərərçəkmiş şəxslərin pulunu tam olaraq ödəyib.
Tarix: 25-01-2022, 13:36
Xəbəri paylaş





Xəbər lenti