Siyasi məhbus anlayışına hüquqi termin kimi yanaşılmalıdır


Tural Ağayev
Bir şəxsin siyasi məhbus olub-olmadığını müəyyən etmədən öncə siyasi məhbus anlayışına münasibət dəyişməlidir. Nə qədər ki, ölkədə siyasi məhbus xüsusi imtiyaz, status kimi qəbul ediləcək, korrupsionerlərin, cinayətlərdə rol aldığı ehtimal edilən şəxslərin siyasi məhbus hesab edilməsi, təbii ki, cəmiyyətdə ikrah doğuracaq. Yox əgər biz “siyasi məhbus” anlayışını siyasiləşdirmədən “işində siyasi motiv olduğu təsdiq edilmiş şəxslərlə bağlı işlədilən hüquq termin” kimi qəbul etsək, başqa mənzərə ortaya çıxar. Korrupsionerlər də siyasi məhbus statusunun imtiyaz olmadığını görüb belə bir statusu əldə etməyə meylli olmazlar.
Əməllərində cinayət tərkibinin olub-olmamasından asılı olaraq beynəlxalq qurumların siyasi məhbuslarla bağlı iki tələbi olur: 1. Qeydsiz-şərtsiz azad edilmə; 2. İşin ədalətli araşdırılması. Siyasi məhbus vicdan məhbusu ilə eyniləşdirilməməlidir. Bütün vicdan məhbusları siyasi məhbusdur, amma bütün siyasi məhbuslar vicdan məhbusu deyil. Vicdan məhbusu bir alt kateqoriyadır. Vicdan məhbusu əməlində cinayət tərkibi olmayan, daha çox siyasi hüquq və azadlıqlarından, xüsusilə ifadə azadlığından istifadə etdiyinə görə həbs edilən şəxslərdir ki, onlarla bağlı tələb həmişə qeydsiz-şərtsiz azad etmə olur. Amma siyasi məhbus deyəndə buraya yalnız vicdan məhbusları deyil, həm də korrupsiya başda olmaqla müxtəlif cinayətlərə bulaşdığı ehtimal edilən şəxslər də daxil ola bilir. Məsələn; Surət Hüseynov siyasi məhbus olub. Ona görə beynəlxalq qurumlar onun işinin yenidən ədalətli baxılmasını tələb edib. Amma, məsələn İntiqam Əliyev vicdan məhbusu olub, beynəlxalq qurumlar onun dərhal buraxılmasını tələb edib.
Son günlər müzakirə mövzusu olan keçmiş prokuror Eldar Həsənovun siyasi məhbus olub-olmadığına gəlincə, hazırkı situasiyada birmənalı münasibət bildirmək çətindir. Eldar Həsənovun siyasi məhbus olması üçün onun işi bir sıra kriteriyalara cavab verməlidir. Eldar Həsənova qarşı irəli sürülmüş ittihamlar saxta da ola bilər, həqiqi də ola bilər. Siyasi məhbus olub-olmamasını aydınlaşdırılarkən bu çox da böyük rol oynamır. Çünki hətta elə ola bilər ki, o, cinayət törətmədiyi əmələ görə təqsirli bilinə bilər. Bu avtomatik onun siyasi məhbus olması anlamına gəlmir. Elə də ola bilər ki, ona qarşı irəli sürülən ittihamlar doğrudur, amma bu ittihamların altında yatan səbəb onu siyasi məhbus edə bilər. Demək, bir şəxsin siyasi məhbus kimi qəbul edilməsinin əsas səbəbi onun cinayətkar olub-olmamasından daha çox bu həbsin tapşırıq, sifariş əsasında həyata keçirilib-keçirilməməsidir. Məsələn, əgər Eldar Həsənovun həbsi icra hakimiyyətinin məhkəmə hakimiyyəti üzərində birbaşa diqtəsinin nəticəsində reallaşıbsa və bu hal işi qeydsiz-şərtsiz siyasi motivli edir. Amma bu hal həmin şəxsin nə azadlığa buraxılmasının zəruriliyi, nə də etdiyi hanısa əməlinə görə məsuliyyətdən azad ola bilməsi anlamına gəlir.
Eldar Həsənovun işi kimi oxşar işlərdə siyasi motivin müəyyən edilməsi və bunun nəticəsində işin yenidən araşdırılması tələbində əsas məqsəd onun azadlığa buraxılması deyil, onunla eyni və ya oxşar əməli birlikdə törətmiş digər şəxslərin pozitiv diskriminasiyaya məruz qalmaması – onların da Eldar Həsənovun yanına getməsinin təmin edilməsidir. Siyasi motivli işlərin yenidən araşdırılmasının digər zəruri tərəfi ondan ibarətdir ki, ola bilsin, bu siyasi məhbus olmaq istəyən şəxsin vəziyyətini ağırlaşdıra bilər. Məsələn, mən Eldar Həsənovun işi ilə tanış deyiləm. Amma eşitdim ki, ona 10 il iş verilib. Amma işində siyasi motiv müəyyən edilib işi yenidən araşdırılarsa, ona bu dəfə 15 il də iş düşə bilər və yanına çoxlu sayda başqalarını da apara bilər. Ona görə gəlin “siyasi məhbus” anlayışına “məsum”, “yeri həbs olmayan”, “kiminsə güdazına gedən” epitetləri ilə assosiasiya etməyək, əvəzində hüquqi termin kimi yanaşaq.
Tarix: 26-01-2022, 08:03
Xəbəri paylaş





Xəbər lenti