YDM işçisi sürücüyə deyir ki, maşınınızın çəni genişlənib... - ÖZBAŞINALIQ!


YDM işçisi sürücüyə deyir ki, maşınınızın çəni genişlənib...
Son 30 ildə paytaxtımız Bakı şəhərində, eləcə də bölgələrdə ən çox artan obyektlər benzin-yanacaq doldurma məntəqələridir. Hərəsi bir məmura məxsus olan bu yanacaq doldurma məntəqələrinin sahibləri Allahın xalqımıza bəxş etdiyi təbii sərvəti dədəsinin malı kimi sataraq milyonçuya çevrilirlər. Birinin oğlunun qolunda 250 milyon dəyərində saat, o birinin oğlunun Riqada bankda 1 milyard pulu və daha nələr...
Atalar deyib ki, insaf dinin yarısıdır. Bu dinsiz oğlu dinsizlər heç olmasa vətəndaşlara baha qiymətə satdıqları yanacağın keyfiyyətinə və həcminə düzgün riayət etmirlər. Səhərlər istifadə etdiyim “1 manatlıq” mikroavtobusun sürücüsü deyir ki, o gün “salyarka” vurmuşam, bir üfunət iyi, kanalizasiya iyi gəlir, adamın başı çatlayır. Avtobus sürücüsü deyir ki, “zapravka”nın işçisindən soruşuram ki, bu nə üfunətdir. İşçi deyir ki, Qazaxstandan gətirmişik ucuz qiymətə...iyisi başa düşür.
Sözümüzün canı odur ki, yanacaq doldurma məntəqələri ölkədə ciddi problemə çevriliblər. Hərdən rəsmi xəbərlərdə eşidirik ki, filan yanacaq doldurma məntəqəsində gecə vaxtı soyğunçuluq hadisəsi baş verib. Üzünə maska taxan iki nəfər şəxs yanacaq doldurma məntəqəsinin əməkdaşına hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir. Əlbəttə, soyğunçuların, cinayət törədənlərin tapılması və cəzalandırılması mütləqdir. Amma...
Bu yanacaq doldurma məntəqələrinin sahiblərinə deyən lazımdır ki, soyğunçular gecə bu əməllə məşğul olurlar, sizlər isə günün günorta çağı, bütün günü vətəndaşların cibinə girirsiniz, soyğunçuluq edirsiniz... İlk növbədə sizi cəzalandırmaq lazmdır. Benzinin, digər yanacaqların keyfiyyətsiz olması bir problemdir, sürücüləri benzinin həcmində aldatmaq isə başqa problemdir. Belə yanacaq doldurma məntəqələrindən biri də Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Sami Yanacaqdoldurma Məntəqəsi”dir.
Təsəvvür edirsiniz kasıb vətəndaş güclə 15 manat tapıb Sami YDM-də avtomobilinə benzin vurdurur və 20 Yanvar metro stansiyasına çatmamış benzin qurtarır. Hətta Sami YDM-dən şikayətçi olan bir sürücü deyir ki, mənim avtomobilimin benzin bakının tam həcmi 43 litrdir. Amma Sami YDM-nin əməkdaşı deyir ki, 57 litr benzin vurmuşam. Soruşanda ki, bu necə ola bilər ki, 43 litrlik baka 57 litr benzin vurmusan. YDM əməkdaşı deyib ki, sizin maşının bakı işləndikcə genişlənib.... İndi özünüz nəticə çıxardın. Bunlar həm vətəndaşların cibinə girir, soyğunçuluq edir, həm də keyfiyyətsiz yanacaqla ətraf mühitə ciddi ziyan vururlar. Hətta sürücülərdən biri yazır ki, SAMİ-nin yanacağını vurandan sonra maşın LEŞƏ dönür, çətinliklə hərəkət edir.
Sözün qısası, yanacaq doldurma məntəqələri ölkədə ciddi problemə çevrilib. Tədbir görməyin zamanıdır.
//gundelik-baku.com//
Tarix: 16-05-2023, 08:51
Xəbəri paylaş





Xəbər lenti