“Açıq və şəffaf fəaliyyət məmurların kirli planlarını...” - Baş redaktordan sərt sözlər


Müasir dünyada gündən-günə inkişaf edən ölkəmiz, həmçinin söz və mətbuat azadlığı sahəsində də bir çox ölkələrdən irəlidədir.
Azərbaycanda hər kəsin hansısa məsələ haqqında müstəqil fikirlərini bildirmək azadlığı var. Peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz hüquqlarını tələb edə bilir. Söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu danılmazdır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gördüyü ilk işlərdən biri söz və mətbuat azadlığı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi oldu.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında bildirib ki, söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet məsələlərindən biridir, söz və mətbuat azadlığı demokratiyanın rəhnidir:
“Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə uduzurlar.
Azərbaycan söz və mətbuat azadlığının inkişafının qeydinə qalan, ən azından bu istiqamətdə iradə nümayiş etdirməyə çalışan ölkələrdəndir. Düzdür, bütün demokratik cəmiyyətlərdə olduğu kimi, bizim ölkəmizdə də söz və mətbuat azadlığı sahəsində bəzi problemlər var. Bu problemlərin bəzən subyektiv, bəzən isə obyektiv səbəbləri olur. Bir çox hallarda isə məmurlar, idarəçilik məsuliyyəti olan şəxslər ölkədə söz və mətbuat azadlığının tamamilə təmin olunmasına maraq göstərmirlər. Çünki açıq və şəffaf fəaliyyət onların bir çox kirli planlarını həyata keçirməsinə imkan vermir.
Azad, ədalətli və demokratik cəmiyyət qurmaq istəyiriksə, mütləq mətbuat azadlığının təmin olunmasına nail olmalıyıq. Məhz mətbuat azadlığı, ictimai nəzarət dövlətin bütün qurumlarının şəffaf işləməsini təmin edən başlıca amildir. Güclü ictimai nəzarət olmazsa, məmurlar, vətəndaşın qeydinə qalmalı olan, onun rifahı üçün cavabdehlik daşıyan qurumlar öz fəaliyyətlərini düzgün qura bilməzlər. Çünki onlarda arxayınçılıq yaranar, hesabatlılıq məsuliyyəti ölər. Biz yalnız ictimai nəzarəti təmin etməklə həmin məmurların vəzifə məsuliyyətinin artırılmasına nail ola bilərik.
İctimai nəzarətin təmin olunmasının başlıca yolu azad və müstəqil mətbuatdan keçir. Əgər fikir müxtəlifliyi varsa, hər kəs eyni cür düşünmürsə, cəmiyyətdə fərqli səslər eşidilirsə, bu, demokratiyanın təzahürüdür.
Azərbaycan müstəqilliyinə yeni qovuşan ölkələrdən biridir. Ölkəmizdə bu sahədə bir sıra problemlər var. Problemləri inkar etmək yox, həll etmək lazımdır. İnkarçılıq yolunu tutmaqla özümüzə yalnız yeni problemlər yarada, vəziyyətimizi daha da ağırlaşdıra bilərik. Mən söz və mətbuat azadlığından sui-istifadənin tərəfdarı deyiləm. Söz və mətbuat azadlığının cəmiyyətin inkişafına yönəlməli olduğunu hesab edirəm.
Ölkəmizdə söz və mətbuat azadlığının ideal şəkildə təmin olunması yalnız hakimiyyətdən, yaxud rəsmi qurumlardan asılı deyil. Bu həm də vətəndaş cəmiyyətinin, media təsisatlarının şəffaf fəaliyyətindən asılıdır.
Təəssüf ki, bir çox hallarda söz və mətbuat azadlığından sui-isifadə hallarına şahid oluruq. Bu da ümumilikdə prosesə zərbə vurur, söz və mətbuat azadlığının, fikir müxtəlifliyinin vacibliyi ilə bağlı problemləri arxa plana keçirir. Çünki bəzi adamlar sui-istifadə hallarını qabardaraq bütövlükdə demokratik təsisatları, mətbuatı, ictimai institutları, siyasi partiyaları gözdən salmağa çalışır. Buna yol vermək olmaz.
Hər iki tərəf – yəni həm rəsmi strukturlar, həm də söz və mətbuat azadlığı sahəsində çalışan insanlar, ictimai institutlar və media qarşılıqlı əməkdaşlıq etməyi bacarmalıdır. Biz yalnız qarşılıqlı əməkdaşlıq etməklə Azərbaycanda demokratik təsisatların kök atmasına, irəliləməsinə, ümumilikdə ölkədə demokratik ab-havanın yaranmasına nail ola bilərik”.
Tarix: 21-05-2023, 14:44
Xəbəri paylaş





Xəbər lenti