Deputatın itləri xaricə satmaq təklifi etirazlarla qarşılandı


Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Tahir Kərimlinin dediklərini “biabırçılıq” hesab edir; Aqil Abbasın da öz təklifi var: “Güllələnsin...”

“Bakıda ağcaqanadın əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var. Sovet dövründə sanitariya işləri aparılırdı, evləri, bağları dezinfeksiya edirdilər. İndi nəinki rayonlarda, heç Bakıda bunu etmirlər. Sanitariya-epidemioloji xidmətə diqqət etmək lazımdır”, - deputat bildirib.
Deputat çıxışında paytaxtda sahibsiz itlərin çox olmasına da toxunub: “Regionlarda bağçaya, məktəbə gedən uşaqlar küçə itlərinin hücumuna məruz qalır. Bu hallar uşaqların qorxmasına, ölümünə səbəb olur. Müvafiq qurumlar bununla ciddi məşğul olmalıdır. Yığın o itləri, Koreyaya, Çinə satın, amma bir çarə tapın”. T.Kərimlinin çıxışı birmənalı qarşılanmayıb. 
Məlumat üçün deyək ki, it ətindən qida kimi istifadə edən yalnız Koreya və Çin deyil. Afrikanın bir neçə ölkəsində it ətindən rituallar zamanı istifadə edilir. Avropada isə it ətindən istifadə edən yeganə ölkə İsveçrə hesab olunur. İsveçrədə it əti kolbasa şəklində istehlak olunur. Bir neçə il əvvəl aparılan araşdırmaya görə, İsveçrədə insanların təxminən 3%-i it ətindən hazırlanan kolbasadan istifadə edib. İt ətindən qida məhsulu kimi istifadə edən ölkələrin başında Çin dayanır. Çində hər il təxminən 20 milyon it istehlak edilir. İt əti ənənəvi Çin mətbəxtində geniş yer tutur. Hər il Çinin Yulin  şəhərində it ətinin satıldığı böyük festival keçirilir. Çindən sonra it ətindən ən çox istifadə edən ölkə Vyetnam hesab olunur. Bəzi ölkələrdə isə it ətindən istifadə olunmasa da, ondan qida məhsulu kimi istifadə qadağan olunmayıb. Məsələn, ABŞ-ın əksər ştatlarında it və pişik ətinin yeyilməsini qadağan edən heç bir qanun yoxdur. Texas, Oklahoma və Kanzas ştatlarında yaşayan “Kickapoo Native” adlı yerli qəbilədə  dini rituallar zamanı it ətindən hazılanan yeməkdən istifadə olunur. Eyni zamanda Hindistan, Cənubi Koreya və Nigeriyada da it ətindən qida məhsulu kimi istifadə hallarına rast gəlmək mümkündür.

Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov deputatın açıqlamasına etiraz edib.  O deyib ki, bu fikirlər cəfəngiyyat və biabırçılıqdır: “Millət vəkili öncə bildirdiyi fikirlə bağlı o mövzunu gərək bir qədər öyrənsin. O deyir ki, Çinə, Koreyaya ixrac etmək lazımdır. Hamı bilir ki, Çində itləri ət yerinə istifadə edirlər. Əvvəla, biz nə qədər dünyəvi ölkə olsaq da, müsəlmanların çoxluq təşkil etdiyi ölkənin millət vəkili necə belə bir çıxış edə bilir ki, Çində insanlara it yedizdirək. Avropa Konvensiyasının müddəalarından və öhdəliklərindən biri də heyvanlara qarşı mərhəmətli davranışdır. Biz  xüsusilə ev heyvanlarına qarşı mərhəmətli davranışı dövlət olaraq öz üzərimizə öhdəlik götürmüşük. Biz hansı dövrdə yaşayırıq? Necə olur ki, deputat  belə çağırış edir. İkincisi, bu, üstüörtülü zorakılığa çağırışdır. Millət vəkili deyir ki, hansı yolla olursa-olsun, bu məsələ həll olunsun, verək Çinə, ətdə istifadə olunsun. Bizim ətraf mühitin mühafizəsi və heyvanların qorunması ilə bağlı dövlət siyasətimiz var və Leyla xanım Əliyeva onu uğurlu şəkildə həyata keçirir. Bu məqsədlə 2016-cı ildə IDEA Heyvanlara Qayğı Mərkəzi, ümumiyyətlə, bu böyük missiyanı həyata keçirmək üçün 2000-ci illərdə IDEA İctmai Birliyi yaradılıb. Bu gün dövlət siyasəti o yöndədir ki, heyvanlara qarşı mərhəmətli rəftar olmalıdır, hətta heyvanların hüquqlarını müdafiə edən qanunun qəbulu gözlənilir. Hüquqşünaslar, Vəkillər Kollegiyasının bir çox vəkilləri bu qanun üzərində işləyir. Doğrudur, biz hələ çətin dövrdən keçirik. İnsanlarımız hələ heyvanlara qarşı rəhmli olmağı öyrənirlər. Necə olur ki, millət vəkili beynəlxalq öhdəlikləri saymır və biabırçı təkliflərlə çıxış edir? ”
F.Mansurov əlavə edib ki, bu gün Çinin it əti yeməsi ilə bütün dünya mübarizə aparır: “Bu gün bütün Avropa Çinin it əti festivalı ilə uğurlu mübarizə aparır. Çinin artıq böyük bir qismi it ətindən imtina edib. Bu festival hər il daha da səngimiş halda keçir. Deputat  isə bizim dünyəvi ölkəni çağırır ki, Çinə bu yolda dəstək versin. Bu deputat Avropanın, Amerikanın keçdiyi yola, sahibsiz itlərin populyasiyasını idarə etməyə nəzər salmır? Ümumiyyətlə, bütün sivil dünya, o cümlədən Türkiyə sahibsiz itləri qısırlaşdırır, peyvəndlərini vurur. Sahibsiz itlər küçədə yaşayır, 6-7-8 ildə yaşam dönəmini başa vurur və nəsil artmadığına görə say da aşağı düşür. Beynəlxalq proqramlara üz tutmaq lazımdır”.
 
Hərbi kinoloq Nicat Əhmədli isə Musavat.com-a bildirib ki, Avropada, Amerikada qayda var ki, küçədə heyvanların yemlənməsi qəti qadağandır: “Bizdə heyvansevərlər var,  heyvansevərlik adı altında başlayırlar itləri yemləməyə. Amma bilmirlər ki, itlərdə sürü psixologiyası deyilən bir qavrama var. Yemi onlara verən adam artıq həmin it üçün bütləşir, avtomatik olaraq sürü psixologiyası oyanır, o insandan başqa yad adam ona yaxın durarsa, dərhal onu parçalayırlar. Bu səbəbdən də itləri küçədə yemləmək qəti qadağandır. Ən sadə yolu budur ki, dövlət buna qadağa qoysun, itləri özü yemləsin. Eyni zamanda bəzən küçədə itlərin qulağında işarə görürük, bu o deməkdir ki, o itlər vaksinlənib. Vaksin isə sadəcə hansısa xəstəlikdən qoruyur. Amma vaksin yüz faiz qorumur, eyni koronavirusa qarşı tətbiq edilən vaksin kimidir. O vaksinlərin də sürü psixologiyasına heç bir təsiri yoxdur. Sadəcə olaraq, xəstəlikdən qoruyur. O vaksini vurub küçəyə buraxmaqla hücumun qarşısını almaq  mümkün deyil. İtləri ancaq qısırlaşdırmaq lazımdır. Hamısı əməliyyat olunmalıdır ki, artım dayansın. Artım dayanandan sonra artıq yavaş-yavaş küçə itlərinin sayı azalmağa başlayacaq. İt balalayanda 7-8, hətta 13 bala verə bilir. Bundan sonra itlər təbii olaraq yoxa çıxmağa başlayacaq”.

Aqil Abbas dedi ki, deputat həmkarının fikri ilə razı deyil: “Əvvəla, Tahir Kərimli bir məqamı bilmir ki, Koreyada, Çində yeyilən itlər fermalarda böyüdülür. Xüsusi bəslənilir. Küçədən keçən iti kəsib yemirlər. O ki qaldı sahibsiz itlərə, insanlara, əsasən də körpələrə hücum edirlər. Küçə itləri yığılmalıdır, güllələnməlidir. Bunun ayrı yolu yoxdur. Humanist yazıçıyam, istəməzdim heyvanlar güllələnsin. Amma camaata hücum etmələri sondur. İtlərin hüquqlarını tapdayırıq. Bəs insanların hüquqları tapdanmır?!”
Deputat “bəzi ekspertlər itlərin qısırlaşdırılmasını təklif edir” sualına belə cavab verib: “Bu üsulla qarşısı alına bilməz. Yüz minlərlə küçə iti var. Ya tutub onları xüsusi sığınacağa verməlidirlər. Amma bütün itləri ora yerləşdirmək olmaz axı. Tutaq ki, Leyla Əliyeva sığınacaq açıb, amma ora 20 min it yığa bilməzsən ki... Qəfəsdə qalan it daha da vəhşiləşir. Ona görə də onları güllələmək lazımdır. Bu mənim öz fikrimdir”.  

AG Partiya başqanı Tural Abbaslı bizimlə söhbətdə dedi ki, parlamentdə daha vacib məsələlər müzakirə edilməlidir: “Başa düşürəm, Tahir müəllim ümumi məsələlərdən danışır. Amma bu gün Azərbaycanın ağcaqanaddan daha böyük problemləri var. Misal üçün, işsizlik, səhiyyə problemləri, pensiya yaşı, əlilliklə bağlı məsələlər var. Bunlar daha aktual və önəmli məsələlərdir, nəinki ağcaqanad, it-pişik. Düzdür, küçə itlərinin uşaqlara hücumu narahatlıq doğurur. Amma bunu Çinə, Koreyaya sataq, neçə vaqon sataq?! Ola bilsin, emosional şəkildə deyib bunu. Çünki  bizim istehsalda it satmaq kimi bir ənənəmiz yoxdur. İnsanlar ağcaqanadla da birtəhər mübarizə aparacaq. İtlə bağlı problemin yolu Çinə, Koreyaya satmaq deyil, itləri qısırlaşdırıb, bununla da kökünü kəsirsən. Fikrimcə, bu, parlamentdə müzakirə ediləcək ən sonuncu məsələlərdəndir. Misal üçün, Tahir müəllim bir dəfə bizim də təklif etdiyimiz məsələni qaldırmışdı. Pensiya yaşının aşağı salınması məsələsi, uşaq pulu məsələsini yenidən qaldırsaydı, daha aktual olardı. İstəməzdim ki, parlament belə fikirlərlə gündəmə gəlsin”.  
Tarix: 2-06-2023, 09:53
Xəbəri paylaş





Xəbər lenti