Sərnişini taksidən düşürüb avtobusa mindirmək istəyirlər: Ancaq hansı avtobusa?


Azərbaycanda hər kəsin əsasən razı olduğu və mütəmadi olaraq istifadə etdiyi xidmət sahələrindən biri taksilərdir. 
Bu gün paytaxtın hər yerinə 1-2 manat ödəməklə taksi vasitəsilə rahat şəkildə getmək mümkündür. Belə demək mümkündürsə, artıq “1 manatlıq” taksilər bir növ ictimai nəqliyyata çevrilib. Xüsusilə də Bakı ətrafındakı qəsəbələrdə yaşayanlar işə, evə gedib gəlmək üçün çox vaxt “1 manatlıq” taksilərdən istifadə edir.
Doğrudur, bu, qanunsuz sərnişindaşımadır, çünki bu xidməti göstərən taksilərin əksəriyyəti rəsmi qeydiyyata düşmür. Digər tərəfdən, hər hansı bir problemlə üzləşən sərnişinin də şikayətini bildirəcək bir ünvan yoxdur. Yəni əslində qiymət ucuz olsa da, bu sahədə  problemlər var, xüsusilə də təhlükəsizlik məsələsi narahatlıq yaradan amildir. 
Sürücülərin davranışı, baş verən qəzalar, o cümlədən digər neqativ hallarla bağlı gündəlik olaraq şikayətlər səslənir. Rəsmi qurumlar da şikayətlərini gizlətmir.
O zaman ortaya belə bir sual çıxır ki, insanlar niyə bu qədər çox problemi olan “1 manatlıq” taksilərə və digər ucuz xidmətlər təklif edən şirkətlərə üstünlük verir?
Bunun bir neçə obyektiv və subyektiv səbəbi var. Ən başlıca səbəb ölkədə ictimai nəqliyyat xidmətinin sıfırdan aşağı olmasıdır. 
“2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə 12 faiz aşağı olub. Analoji vəziyyəti avtobus gedişlərində də görmək olar. Təkcə Bakı şəhərində avtobusla daşınan sərnişinlərin sayı bəhs edilən dövrdə 35 faiz azalıb”,-bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. 
Aidiyyəti üzrə rəsmi qurumlar, məmurlar hər şeyi deyir, amma bu nəticələri doğuran səbəblərdən heç kim danışmır. Söhbət ondan gedir ki, xidmət keyfiyyətinin artırılmasını səbəb gətirərək ictimai nəqliyyatda qiymətlər artırıldı, amma yenə də səhər və axşam pik saatlarda insanlar dayanacaqlarda qalır, avtobus çatışmazlığı var, intervallar yüksəkdir. Yəni qiymət artdı, amma xidmətdə müsbət dəyişiklik baş vermədi. Bu isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının azalmasının əsas səbəbidir. 
Məsələn, “28 May”-Hövsan qəsəbəsi-MİDA-“28 May” xətti üzrə xidmət göstərən 175 nömrəli marşrut avtobusu mənzil başına tıxac olmasa, ən yaxşı halda 1 saata çatır. Gediş haqqı isə 0.50 AZN təşkil edir. Eyni yolu “1 manatlıq” taksilərlə 20-25 dəqiqəyə, həm də rahat şəkildə getmək olur.
Sərnişinlər də 0.50 AZN artıq ödəniş etmək mənzil başına daha rahat və tez çatmağı üstün tuturlar, nəinki basabasda avtobusla getməyi. Son baş verənlərdən, rəsmilərin səsləndirdiyi fikirlərdən belə başa düşmək olar ki, ucuz taksiləri ləğv etmək, bazardan çıxarmaqla bağlı iş aparılır. 
Ümumiyyətlə, bütün sahələrin, o cümlədən də taksilərin qanuniləşdirilməsinə ehtiyac var. Amma rəsmilər taksilərlə bağlı alternativ təklif də irəli sürmür. Nəzərə alsaq ki, bu gün qeyri-rəsmi rəqəmlərə görə ölkə üzrə 500 mindən çox taksi var, bu prosesin sonunda böyük işsiz ordusu da yaranacaq. Digər tərəfdən, ictimai nəqliyyatda olan problemlər sərnişinlərin yollarda qalmasına səbəb olacaq. 
Hazırda yalnız gündəmdə bir təklif var, o da rəsmilər tərəfindən deyil, müstəqil ekspertlər tərəfindən irəli sürülür. Belə təklif olunur ki, ictimai nəqliyyata paralel olaraq həm də marşrut taksilər yaradılsın. 15-20 nəfər tutumu olan mikroavtobuslar vasitəsilə sərnişindaşıma həyata keçirilsin. Amma bu təklifin hökumət tərəfindən diqqətə alınıb-alınmayacağı bəlli deyil. Sonda isə onu da qeyd edək ki, ucuz taksilərin ləğv edilməsi məsələsi əslində uzun zamandır hökumətin gündəmində var. 
Hələ 2020-ci ildə Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayev demişdi ki, taksilər hər adam üçün əlçatan olmamalıdır.
''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən istifadə etmək əvvəlki dönəmlərdəki kimi müəyyən imkanlara bağlı olmalıdır”,-deyə H.Babayev bildirmişdi.
Yəni hələ o vaxt BNA yetkilisi adi insanların taksidən deyil, yalnız avtobuslardan istifadə etməli olduğunu, taksiyə isə yalnız imkanlı sərnişinlərin minməli olduğunu demişdi. Xatırladaq ki, Hikmət Babayev bu fikirlərindən sonra ciddi təndiq hədəfinə çevrildi və nəticədə tutduğu vəzifədən kənarlaşdırıldı. 
Görünən odur ki, hökumət bir neçə ildir taksilərlə bağlı tənzimləmə prosesi aparmaq üçün işlər görür. Hazırda ictimai nəqliyyat və taksilər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin balansındadır. Yəni bu sahədə baş verəcək tənzimlənmə prosesi məhz bu qurumun səlahiyyətindədir və yaxın vaxtlarda hadisələrin hansı yöndə inkişaf edəcəyi açıq şəkildə görünəcək. 
Vilayət Muxtar 
Tarix: 3-06-2023, 10:05
Xəbəri paylaş





Xəbər lenti