"Bulvarda şərait ola-ola skuter niyə qadağan edilir?" - ekspert


"İnsanlar nizamsızlıqdan şikayət edirlər. Bunu tənzimləmək lazımdır".
Bu sözləri Musavat.com-a nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.

Ekspert qərarın əsassız olduğunu hesab edir: "Ərazisi 215.164 hektar, uzunluğu 16,7 km olan Bakı bulvarında 2,5 metr enlikdə velozolaq təşkil etmək bu qədərmi çətindir? Müasir dünya trendlərini qadağan etmək yox, əksinə, təşviq etmək lazımdır. Vətəndaşların skuterdən istifadəsi mikromobilliyi təmin edir. Bulvar ərazisində əlverişli şərait var, niyə qadağa tətbiq olunur? Şəbəkəni genişləndirmək lazımdır. Bayraq meydanından başlayaraq zolaq salmaq olar. Bu zolaq olmadığına görə vətəndaşlar skuterləri xaotik idarə edirlər".
Ekspertin sözlərinə görə, son 3 ildə mikromobillik növlərinə maraq artıb: "Ekoloji cəhətdən əlverişlidir, rahatdır. Belə olduğu halda, nəyə görə qanunvericiliyə dəyişiklik etməyək? Qadağa doğru deyil. Şəhərin küçə və prospektlərində də velozolaq salmaq olar. Məsələn, taksi ilə səfərlərin 30-35 faizini mikromobilliyə yönəldə bilərik".
Qeyd edək ki, bu günlərdə Bakıda skuter icarəsi ilə məşğul olan tətbiqlər öz müştərilərinə fəaliyyətlərini müvəqqəti dayandırmaları barədə bildirişlər göndəriblər.
"Qafqazinfo" xəbər verir ki, şirkətlər tətbiqlərin fəaliyyətini dayandırmasını yol polisinin skuter idarə edən şəxsləri cərimələməsi ilə əlaqələndiriblər.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər:
"Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında" qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub".

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə qadağa qoyulub: "Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil".
Tarix: 3-06-2023, 10:09
Xəbəri paylaş





Xəbər lenti