"Niyə 1 milyon manatı Elm və Təhsil Nazirliyi şura üzvlərinə peşkəş edəndə qınamadınız?"


Bəli, hər birimiz haqlı olaraq mövcud təhsil sistemindən, təhsilin idarə olunmasından, keyfiyyətindən narazıyıq. Amma bu narazılığın günahkarı kimi yalnız müəllimi, xüsusilə ibtidai sinif müəllimini görmək doğru deyil. 
Düzdür, heç bir təhsil sisteminin gücü, keyfiyyəti onun müəlliminin biliyindən yüksək deyil. 
Gün ərzində iki ibtidai sinif müəlliminə valideynlər tərəfindən qızıl zinət əşyasının hədiyyə edilməsini əks etdirən videoları çox insan məbə yollayıb. 
Sizi əmin edirəm ki, o müəllimlərin heç biri bunun təşəbbüskarı deyil. 
Müəllimi qınamaq olmaz demirəm, qınaq obyektinə çevrilməli o qədər müəllim var ki. Şagirdlərindən parta yerinə görə pul alan, yanına hazırlığa gəlmədiyi üçün şagirdinə psixoloji təsir göstərən, qiymətini kəsən, dərsi bazara döndərən o qədər yetərincə müəllim var. Amma yaxşılar da var, özü də çox var. 
Siz müəllimlik indi nə qədər çətindir, bilirsinizmi? O aktyorluq edib, selfi edənləri demirəm. 
Siz müəllimliyin nə qədər fiziki, psixoloji, mənəvi, maddi çətin olduğunu bilirsinizmi?
Siz müəllimlərin neçə faizinin ehtiyacı ucbatından banklara kredit borcu olduğunu bilirsinizmi?
Qınamayın müəllimi. İnanın ki, bu gedişlə qınamağa bir müəllim də tapa bilməyəcəksiniz. Evdə iki uşağına baxmaqda çətinlik çəkənlər 42 uşağa 45 dəqiqə ərzində baxan və buna görə də aldığı maaşı yol puluna çatmayan müəllimi qınayır.
Qınaq obyekti Elm və Təhsil Nazirliyi olmalıdır. Təhsildən, elmdən xəbərləri olmayıb yüksək vəzifəli şəxsləri qınayın. 200 min manat pulu şoumenlərə qrant deyə paylayanları, dost-tanışlarını vəzifəyə təyin edib 2-3 min manat maaşı heç bir iş görmədən kabinetində vaxt keçirərək alanları qınayın. 
Niyə 1 milyon manatı Elm və Təhsil Nazirliyi təyin etdiyi şuranın üzvlərinə peşkəş edəndə qınamadınız? Amma müəllimə valideynlər yığılıb bir hədiyyə ediblər, onu qınayırıq?
Biz Şərq insanlarıyıq, milli dəyərlərimiz var. Əlbəttə ki, mən rüşvətin, əsassız pul tələbinə qarşıyam. Lakin siz evdə ananıza, həyat yoldaşınıza, qızınıza hədiyyə almırsınız?
Heçmi dost-tanışlarınız ilə birlikdə yığışıb restorana yemək yeməmisiniz?
Bir də deyirəm, biz dərs keçməyən, pul qarşılığında qiymət yazan müəllimi qınamalıyıq. Amma haqqı nahaqqa qurban verməyək. 
Mən mənə orta məktəbdə, magistraturada, doktoranturada dərs deyən bütün müəllimlərimin qarşısında baş əyirəm.
 
Kamran Əsədov, Təhsil eksperti
Tarix: 11-06-2023, 22:06
Xəbəri paylaş





Xəbər lenti