“Maddiyyat, şan-şöhrət ehtirası az qala bütün mənəvi dəyərlərin üstündən tank kimi keçib, onları yerlə bir edib”


Bəlkə də 6 il maaşsız, heç bir yerdən gəlir olmaya-olmaya yaşaya bilən yeganə adamam. Heç vaxt ədəbiyyatı seçməyimə görə özümü günahlandırmamışam. Amma bu ilıq yay axşamında nədənsə yazıçı olmağın acı peşmançılığı qəfildən Əzrayıl kimi xirtdəyimə çökdü... Fədakarlığın ağır cəzasını çəkdiyim bu 6 ildə çox şeyləri götür-qoy elədim, müəyyən nəticələrə gəldim. İtirilmiş illərə heyfim gəldi. Və bu 6 il mənə adamları tanıtdı. Deyirlər bu qədər dostların var, sən necə işsiz qala bilərsən?! Dəyərli yazıçımız, rəhmətlik Aqşin Babayevlə söhbətimiz əsnasında işsiz olduğumu biləndə necə heyrətlə üzümə baxdığını indi də xatırlayıram.  "Sən peşəkar qələm sahibisən, özü də enerjili vaxtındır, bu necə ola bilər ki, sən işsiz qalasan?!" Deməyə söz tapa bilmədim...
 
Adamların hər üzünü gördüm, insan laqeydliyinin intəhasızlığı məni dəhşətə gətirdi. Adamlarda xeyirxahlıq, mərhəmət, yaxşılıq hissi itib. Maddiyyat, şan-şöhrət ehtirası az qala, bütün mənəvi dəyərlərin üstündən tank kimi keçib onları yerlə bir edib... İstedadı olmaya-olmaya görməmişcəsinə ədəbiyyata girişənləri hər yerdə yuxarı başda görəndə adamın yerdən-göydən əli üzülür. Bu mənəvi talançılığa nə vaxtsa son qoyulacağına da ümid qalmayıb...
 
6 ilin işsizliyi mənə ürək ağrısı da qazandırdı... Görünür, bu mənəvi işgəncənin nə vaxtsa bitəcəyinə az qalıb...
 
Kənan Hacı
 
Yazıçı
Tarix: 12-06-2023, 09:51
Xəbəri paylaş





Xəbər lenti