Taksi baha, avtobus yox: Necə gedək, cənab nazir?


Bugünlərdə aktual olan mövzulardan biri ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydaların hazırlanmasıdır. 
Belə ki, ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunun müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu qanunun qəbulu bir günün, bir həftənin qərarı deyil:
“Bu qanun layihəsinin hazırlanmasına uzun müddətdir ki, hazırlıq aparılır. Eyni zamanda, qanunun qəbul olunmasına dəlalət edən səbəblər var. Bunlar da ölkədə ekoloji təmizlik, vətəndaşlarımızın təhlükəsizliyi və s. məsələlərlə bağlıdır. Bizim hədəfimiz taksi sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5 -3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar. Hə, “İctimai nəqliyyat varmı?” sualı başqa bir mövzudur.
Bizim ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz var. İctimai nəqliyyat vətəndaşlar üçün maraqsız olub. Datalara görə ölkədə təxminən 67 min taksi fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar”. 
Nazir vurğulayıb ki, birmənalı şəkildə taksi qiymətləri qalxacaq:
“Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”. 
Qeyd edək ki, tətbiq ediləcək yeni qaydalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və bu da səbəbsiz deyil.
Taksi fəaliyyəti necə yaranıb? 
Taksi insanları mənzil başına daha tez və rahat çatdırmaq məqsədilə yaradılıb. Taksilər 18-ci əsrdə Fransada peyda olub və bunlar muzdla tutulan “taksi insanlar” idi. Arabalı taksilər hələ Qədim Romada mövcud idi. Arabanın üzərində xüsusi “taksometrlər” də quraşdırılmışdı və bu taksometr adi bir çanaq idi və təqribən hər 200 metrdən bir bu çanağa bir daş atılırdı. Taksi xidmətinin haqqı isə mənzil başına çatdıqda çanaqdakı daşların sayına görə təyin edilirdi.
Taksi üçün sarı rəng hələ 20-ci əsrin əvvəlində “Yellow Cab” şirkəti tərəfindən seçilmişdi. Şirkət sırf taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sadə idi. Belə ki, sarı rəng uzaqdan daha aydın görünürdü. 1950-ci illərdə isə taksilər üçün xüsusi xarici fərqləndirici əlamət olan “şahmat löhvəsi” və yaşıl işıq yaradıldı. Bu taksinin hazırda bol olduğu mənasına gəlirdi. Dünyanın ən bahalı taksisi 1903-cü ildən İngiltərədə fəaliyyətə başlayıb. Bu reytinqdə ikinci pillədə İtaliya, üçüncü pillədə Almaniya qərarlaşıb.
Ən ucuz taksi isə Çindədir və burada taksi sürücülərinin 30%-i qadınlardır. Finlandiyada isə taksi sifarişlərinin demək olar ki, yarısı internet vasitəsilə həyata keçirilir. Venesiya, Yeni Zelandiya və Niderlandda isə su taksiləri geniş yayılıb. Hazırda hava taksiləri də populyarlıq qazanmağa başlayıb. Çili isə ən qeyri-adi taksilərə sahibdir. Bu taksi inəklərdir. Vyetnam da Çilidən geri qalmır və burada getmək istədiyiniz yerə fil üzərində getmək təklif edilir. Hazırda isə ən ucuz taksi xidmətlərindən biri Özbəkistandadır və burada taksilərin sayı Azərbaycandan çoxdur. Qırğızıstanda eyni situasiya müşahidə edilir.
Əhali hansı nəqliyyatdan istifadə etsin? 
Azərbaycanda da əhali uzun illərdir ki, taksi fəaliyyətindən istifadə edir. Son illər isə ölkədə bir neçə taksi şirkəti fəaliyyətə başlayıb. Vətəndaşlar bu nəqliyyat növünə ehtiyacı olduqda münasib qiymətə, istədiyi taksi şirkətinə sifariş verir. Ancaq artıq yeni qanun bu imkanları məhdudlaşdıracaq. Belə ki, bu istiqamətdə yeni qanunun qəbulu ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bildirib ki, səbəb ekoloji təmizlik, əhalinin təhlükəsizliyidir:
“Məqsədimiz taksi sifarişlərinin sayını azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5-3 km ətrafındadır. Bu məsafəni ya ayaqla, ya ictimai nəqliyyatla getmək olar”. 
Necə gedək?
Bu gün istehlakçıları maraqlandıran odur ki, bəs mənzil başına çatmaq üçün ictimai nəqliyyatla bağlı sistem normal fəaliyyət göstərirmi? Nazir özü də bu sektorda problemin olduğunu təsdiq edir. Son dövrlər ictimai nəqliyyatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir neçə qurum arasında “ötür-ötür” oyunu davam etsə də, hələ də bu istiqamətdə bir irəliləyiş əldə edilməyib. Bunu hər gün, xüsusilə də səhər və axşam saatlarında paytaxtın dayanacaqlarında toplaşan sərnişinlərin sayından görmək olar.
Bir neçə ay öncə isə “avtobus əzabı” yaşayan vətəndaşların etirazlarını “həll etməyin yolu”nu ictimai nəqliyyatda qiyməti artırmaqda gördülər. Ancaq bu da problemi həll etmədi və bu gün dayanacaqlarda yenə uzun müddət avtobus gözləyən insan selini görürük. Əgər yeni qaydalarda məqsəd ekoloji təmizlikdirsə, bu gün paytaxtda fəaliyyət göstərən 53, 33, 31, 79, 204, 71, 62, 15, 120, 156, 157, 155, 159 kimi istismara yararsız avtobusların havaya buraxdığı tüstü yəqin ki, taksilərdən heç də az təhlükəli deyil. Bundan başqa paytaxtda yaşayanlar tez-tez müxtəlif səbəblərdən, o cümlədən, hər hansı beynəlxalq tədbirlər zamanı, məsələn, “Formula-1” kimi yarışlarda yol hərəkətinin məhdudlaşdırıldığının şahidi olurlar.
Bu zaman avtobusların hərəkəti məhdud olduğu üçün vətəndaşlar o qədər də böyük olmayan məbləğ ödəməklə, alternativ yollardan istifadə edən taksilərdən yararlanırlar. Artıq Bakının tıxacında baha qiymətə olacaq taksilərdən əhali necə faydalanacaq? Əgər avtobus gəlmirsə və bir vətəndaşın cibində baha qiymətə olan taksiyə ödəyəcək pulu yoxdursa, demək ki, o artıq gedəcəyi yerdən imtina etməlidir.
Əgər müvafiq qurumlar Praqada, Berlində, Budapeştdə taksilərin sayının Bakıdan az olduğunu misal göstərmək istəyirlərsə, bilməlidir ki, bu gün həmin şəhərlərdə kifayət qədər alternativ nəqliyyat xidmətləri var. Bu şəhərlərdə metro xətləri kifayət qədərdir, tramvaydan, trolleybuslardan istifadə edilir, avtobusların hərəkət müddəti normal çəkildə tənzimlənir. Azərbaycanda isə tramvay, trolleybus çoxdan ləğv edilib, metro xətləri isə yetərincə deyil, avtobuslarla bağlı da vəziyyəti hər gün müşahidə edirik. Yəni ölkədə ictimai nəqliyyatla bağlı problemləri həll etmədən alternativ variant olan taksilərin qiymət artımı isə vətəndaşların sadəcə daha əziyyətinin daha da artmasına gətirib çıxaracaq. 
Onu da vurğulayaq ki, hazırda mövsümlə bağlı paytaxtda əhali sayı bir qədər azalıb. Çünki məktəblərdə, universitetlərdə artıq dərslər başa çatıb, bəzi vətəndaşlar bölgələrə istirahətə gedirlər, məzuniyyət dövrüdür. Ancaq sentyabr ayında yenidən məzuniyyətlər başa çatdıqda, dərslər başladıqda ictimai nəqliyyat və baha taksilərdən istifadə edə bilmədikdə yollarda hansı xaosun yaşanacağını aydın görmək olar.
Əgər taksi qiymətlərini artırmaqda digər məqsəd ölkə iqtisadiyyatına mənfəət təmin etməkdirsə, bunu digər sahələrdə irəliləyişə nail olmaqla əldə etmək olar. Belə ki, vergi, gömrük rüsumlarını tənzimləmək, yerli istehsalı artırıb, idxalı azaltmaq kimi amillərlə iqtisadiyyatın inkişafına nail olmaq olar.
Yaxud bu gün dövlət səviyyəsində ictimai nəqliyyatla bağlı kifayət qədər problemlərimiz olduğu təsdiq edilirsə və ictimai nəqliyyat vətəndaşlar üçün maraqsız olduğu deyilirsə, ilk olaraq bunun səbəblərini aradan qaldırmaq lazımdır. Əgər alternativ varianlar yoxdursa və ya yararsızdırsa, vətəndaşın əlində olan yeganə variant – rahat və tez mənzil başına çatmağı onun əlindən almaq problemin həlli yolu deyil.
P.S. Fotolar dünən şəhərin müxtəlif istiqamətlərində – Yasamal, Binəqədi, Nərimanov, Səbael rayonlarında çəkilib. Bu, hələ gur saatlar deyil, Bakının da nisbətən boşalan zamanlarıdır, ancaq sərnişinlər yenə yollarda qalıb…
Cebhe.info
Tarix: 14-06-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti