Nazir arzusuna çatdı: doğuş azaldı – indi nə olacaq?

Nazir arzusuna çatdı: doğuş azaldı – indi nə olacaq?
Azərbaycanda olduqca qəribə hadisələr baş verir. Məsələn, rabitə naziri taksi qiymətlərinin həddən artıq ucuz olmasından dəhşətli dərəcədə narahatlığını bildirir və bunun çarəsini tapmağa, yəni bahalaşma yollarını aramağa girişir, qanun-qayda qəbul etdirir.

Millət vəkilləri də toplanıb, qiyməti qaldırmaq üçün sevimli nazirimizə yardım edir.
Halbuki dünyanın heç bir yerində qiymətin ucuzluğundan narahat olan hansısa məmur tapmaq mümkün deyil. Əksinə, bütün məmurlar çalışır ki, hansısa sahədə qiymət artımını əngəlləsin, bahalaşmanın qarşısını alsın, heç olmasa, bircə istiqamətdə ucuzluq olmasını təmin etsin və çıxıb fəxr etsin. Ki, bu sahədə bizdə xidmət, mal, məhsul su qiymətinədir.
Xatırlayıram ki, bir neçə il öncə əziz və hörmətli əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də ölkədə uşaq doğumunun çox olduğundan narahatlığını bildirmişdi.
İqtisadçı Natiq Cəfərli son statistikanı açıqlayıb: 2015-ci ildə ölkəmizdə 166 min 210 uşaq dünyaya gəlib, 2022-ci ildə bu rəqəm 122 min 846-ya düşüb. 7 ildə doğuş sayı tam 43 min 364 azalıb.
Ölkənin hərbi-siyasi, iqtisadi-sosial, intellektual gücü, qüdrətidir əhali sayı: əhali sayının stabil artımı bir dövlətin uğuru sayılır – xüsusilə, Azərbaycan kimi ölkələrdə. Türkiyə lideri Ərdoğanın Azərbaycana səfərində də bu məsələyə xüsusi diqqət çəkməsini yəqin hər kəs xatırlayır.
Təəssüflər olsun ki, bizdə birbaşa bu istiqamətdə addımlar atmağa görəvli olanlar əhali artımından dəhşətli dərəcədə narahat olurlar.
Nəzərə alsaq ki, 2022-ci ildə ölüm sayı 60 min 810-a qalxıb, onda əhali artımını ötən il üçün 62 min hesablamalıyıq. Yəqin, bu il daha az olacaq. Halbuki bu rəqəm 2000-ci illərin əvvəllərində stabilləşmişdi və illik artım 100 minin üzərində idi.
Uşağın az doğulması ilə parallel olaraq əhalinin qocalması da artır: hazırda 70 yaş və daha artıq olan əhali sayı 2000-ci ildə 226,7 min nəfərdən 2022-ci il 1 yanvar tarixinə olan məlumata əsasən 452,1 min nəfərə çatib.
Əgər doğum və əhalinin qocalması bu cür templə davam edərsə, 10-15 ildən sonra Sahil Babayevin xələfi ciddi problemlərlə qarşılaşacaq. Zatən, hazırda da bu qurum dövlətdən külli miqdarda dotasiya alır – baxmayaraq ki, S.Babayev pensiya verməmək və əlilləri qeydə almamaq üçün əlindən gələni edir, ancaq hələ də bu qurum öz-özünü dolandıra bilmir. Yəni işləyən əhalinin ödədiyi vergi təqaüdçüləri təqaüdünü maliyələşdirmir.
Hazırda proses sürətlənir: gənc nəsil azalır – yəni işləyib DSMF-yə vergi ödəyənlər; əvəzində DSMF-dən təqaüd alanların sayı sürətlə artır. Bura əlilliyi olanları da əlavə etdikdə, DSMF-nin yükünün getdikcə artdığı və artmaqda da davam etdiyini təxmin etmək olar.
Demək, əhalinin artımında ən azı ƏƏSMN maraqlı olmalı, bunun qeydinə qalmalıydı: bunun üçün dövlət büdcəsindən bu istiqamətdə ayrılan pullara qənaət edib – yəni Qarabağ əlilləri və qazilərini qeydə almağı yubadıb, yaxud ayağı olmayanları ”ikinci qrupa” salıb, ayağının bitməsi üçün bir il “gözləməklə” büdcəni qorumaq və hər il bir neçə yüz milyon manatı büdcəyə geri qaytarmaqla fəxr etmək əvəzinə, həmin vəsaiti sosial layihələrə yönəltməklə məşğulluğu artırmaq, kasıbların qeydinə qalmaq və əhali artımını stimullaşdırmaq lazım idi.
Bu gün əlilləri, qaziləri, veteranları, təqaüdçüləri narazı salıb, onlardan kəsilən vəsaitləri büdcəyə qaytarmaqla “dövlətin qayğısına qalmaq” qətiyyən strateji plan-prospekt-layihə deyil, əksinə, millətin gələcəyini təhlükə altında qoymaq, sabahımızı oda atmaqdır.
Doğuş sayının qayğısına qalmaq lazım idi ki, 20 ildən sonra işləyənlər və büdcəyə vergi verənlərin, bu ölkəni qoruyanların, düşmən qabağına çıxanların… sayı artsın!
Sahil Babayevin sosial narazılıq yaradan “günlük siyasətinin” fəsadları təkcə kiminsə özünü yandırması deyil: bunun daha dəhşətli nəticələri hələ qabaqdadır.
Düşmən bu qədər pisliyi bizə edə bilməzdi ki, içimizdən bəziləri edir…
Kefsiz İsgəndər
Tarix: 29-08-2023, 17:39
Xəbəri paylaş





Xəbər lenti