"Emin Əmrullayev deyə bilməz ki, mən yaxşı işləyirəm" - ETİRAZ



"İndi əsas sual budur: test imtahanlarından uğurla keçən abituriyentlərin neçə faizi repetitor yanında hazırlaşmayıb? Mənə elə gəlir ki, bu nisbəti axtarmaq samanlıqda iynə axtarmaq kimi bir şeydir. Məlumat üçün deyim ki, oğlum Özgürün aylıq "hazırlıq pulu" 400 manatdan yuxarıdır. Bu, minimum əmək haqqının 400 manat olmadığı ölkədə kifayət qədər böyük rəqəmdir".
SİAM.AZ DİA.AZ-a istinadla bildirir ki, bunu açıqlamasında tanınmış jurnalist Taleh Şahsuvarlı qeyd edib.

Jurnalist fikrinə daha sonra belə davam edib: "Yəni Təhsil naziri Emin Əmrullayev deyə bilməz ki, mən yaxşı işləyirəm, sən üstümə şər atırsan. Emin Əmrullayev nazir olduğu dövrdə hələ də başa düşməyib ki, şagirdlərin pullu hazırlıq hesabına ali məktəblərə qəbul olunması təhsilin icbariliyi, bərabərliyi və təhsildə dövlətin rolu barədə Ana Yasanın normalarına ziddir. Ən sadə şəkildə izah edim. Vəli və Pirvəli bərabər təhsil imkanlarına malik olmalıdır. Vəli ailəsinin maddi imkanlarından istifadə edərək hazırlığa gedən andan Pirvəli qarşısında dövlətin təhsillə bağlı üzərinə götürdüyü öhdəliklər puç olur.

Çünki dövlət Konstitusiya ilə Pirvəliyə deyir ki, mən sənin sosial vəziyyətindən asılı olmayaraq təhsil hüququnun təminatçısıyam. Aydındır ki, orta məktəbdən kənarda hazırlaşan Vəli dövlətin rəsmi tədris proqramı ilə hazırlaşan Pirvəlidən çox bal yığacaq. Bununla da sosial bərabərsizlik ali təhsil hüququnu gölgədə qoyacaq və Azərbaycan dövlətinin sosial mahiyyəti şübhə altında qalacaq. Hələlik Emin bəy bu məsələlərin fərqində deyil və onun nazir olması hər ay mənə 400 manatdan çox məbləğə başa gəlir".
Tarix: 31-08-2023, 23:04
Xəbəri paylaş





Xəbər lenti