"Hotellərin nikah şəhadətnaməsi tələbi qanun pozuntusudur" - Hotellər cərimələnə bilər...

"Hotellərin nikah şəhadətnaməsi tələbi qanun pozuntusudur"
XXI əsrdə yaşayırıq... Yadıma Əbdürrəhim bəy Haqverdiyevin “Ac Həriflər” pyesindəki qəzet oxuyanın “Ə, nolsun?”... sitatı düşür. XXI əsrdə yaşamAğımıza baxmayaraq, hələ də hotellərdə giriş üçün nikah şəhadətnaməsi tələb edilir. Yəni yaşınızdan asılı olmayaraq, hotelə getdinsə və yanında qarşı cinsin nümayəndəsi varsa, mütləq nikah şəhadətnaməsi verməlisən ki, o kağız parçası “başına dönüm, biz evliyik” ifadələrinin əyani sübutu olsun... Əks təqdirdə, ya ayrı-ayrılıqda iki otaq təklif edirlər - bu da iki qat məbləğ edir - ya da qapını göstərirlər.
Məsələn, Lənkəranda adı reklam olmasın deyə qeyd etmədiyimiz hotellər var. Otaqları geniş, içində toy etmək olar, ayrı-ayrı çarpayıları da var. Buraya iş üçün gedirsən, iki şəxsin bir otaqda qalması mümkündür. Amma hotelin icraçısı və ya nümayəndəsi deyir ki, mütləq nikah şəhadətnaməsi verməlisən. Deyir ki, əks halda bir kişi ilə bir qadının bir otaqda ayrı-ayrı çarpayılarda qalması mümkün deyil...

Bölgələrimizdə belə hotellərin sayı saysızdır. Və maraqlısı budur ki, bu prosedur əcnəbilərə qarşı deyil, ancaq azərbaycanlılara qarşı tətbiq edilir. DİA.AZ-ın məlumatına görə, hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına müsahibəsində təsdiqləyir ki, bu davranış ancaq azərbaycanlılara qarşı tətbiq edilir. Yəni turistdən soruşan olmur ki, “yanındakı şəxs sənin həyat yoldaşındır, sevgilindir, iş yoldaşındır, hər nəyindir”...

“Azərbaycan Respublikasında turizm sahəsində fəaliyyət göstərmək üçün hotellər mütləq şəkildə qeydiyyatdan keçirlər. Bu xidmətlərin keçirilməsi ilə bağlı müəyyən prosedur və normalara əməl etmək məcburiyyətindədirlər”-deyən hüquqşünas bildirib ki, buna baxmayaraq vətəndaşların hotellərə giriş etməsi üçün nikah şəhadətnaməsinin tələb edilməsi ilə bağlı, göstəriş və ya qanun yoxdur.

Hüqüqşünas bildirib ki, hotellərin vətəndaşlardan bu sənədi tələb etməsi qanunvericiliyə zidd davranışdır. Eyni zamanda xidmət almaq istəyən vətəndaşı xidmətsiz buraxıb, digər vətəndaşlardan fərqləndirməyə hesablanıb.

“Bu, o deməkdir ki, hərhansı bir şəxs hotelin xidmətlərindən rahat şəkildə istifadə edirsə, kiminsə nikah şəhadətnaməsi olmaması səbəbindən xidmət ala bilməməsi ona qarşı ayrıseçkilikdir. Və nəticə etibarilə bu gələcəkdə mübahisə mövzusu ola bilər. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 14.1 maddəsində göstərilir ki, “bütün vətəndaşlar ticarət və xidmət sahəsində tələbatların ödənilməsində bərabər hüquqlara malikdir. Çox təəssüflər olsun ki, bu ayrıseçkiliyi biz Azərbaycan vətəndaşlarına qarşı görə bilirik. Əcnəbilərə bu “qaydalar” tətbiq edilmir. Bu da yerli vətəndaşa onlara xidmət göstərməyən hotel barəsində dərhal və yerindəcə şikayət etməsi və bu şikayətin rəsmiləşdirilməsinə gətirib, çıxara bilər. Həmin rəsmiləşdirilmədən sonra İqtisadiyyat Nazirliyi yanında İstehlakçıların Hüquqlarının Müdafiəsi və Antiinhisar Dövlət Xidmətinə müraciət etmək olar. Bu həm həmin hotelin cərimələnməsinə gətirib, çıxara bilər. Həm də vətəndaş ona vurulan zərərlə bağlı məhkəmədə iddia qaldıra bilər. Bu barədə biz dəfələrlə, nazir, nazir müavinləri və vəzifəli şəxslər səviyyəsində açıqlamalarda eşitmişik. Onlar da qeyd edib ki, hotellərdə nikah şəhadətnaməsinin tələb edilməsi yolverilməz və qanunsuzdur”-deyə hüquqşünas bildirib.

Qeyd edildiyi kimi “Hotellərdə nikah şəhadətnaməsinin tələb edilməsi qanunsuzdur”... Görünən odur ki, hotellər hansısa mistik qüvvələrə arxalanaraq, qanunsuz tələblərini israrla davam etdirirlər. Nəticədə isə olan vətəndaşa olur. Vətəndaş düşdüyü vəziyyətdən asılı olmayaraq, xidmətlərin alınmasında ayrıseçkiliyə məruz qalır. Vətəndaşların ayrıseçkiliyə məruz qalması isə, həm Konstitutsion hüquqlarının, həm də Avropa İnsan Haqları Konvensiyasının 14-cü maddəsinin pozulması deməkdir. Yəni siz istədiyiniz xanımla və ya bəylə, iş yoldaşınızla eyni otaqda qala bilərsiniz. Bu, sizin haqqınızdır. Əgər hotel sizdən nikah şəhadətnaməsi tələb edərsə, siz buna etirazınızı bildirə bilərsiniz və daha sonra məqalədə qeyd edildiyi kimi müvafiq qurumlara şikayət ünvanlaya bilərsiniz. Hotel sahibləri isə, nəzərə almalıdır ki, bir şəxs başqa şəxslə qoşulub məcburi şəkildə hotelə getmir. Hər kəsi də eyni şəkildə dəyərləndirmək olmaz. Yəni daxilinizdə olan "qara niyyət"i hamıya şamil etməyin...
Tarix: 1-09-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti