Hacı Salayev haqda polisdə təhqiqat başladı - Ölümlə təhdidə görə dindiriləcək



Eks deputat Hacı Salayev “Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradova zəng edərək onu təhqir etməsi, ölümlə hədələməsi ilə bağlı Ağstafa Rayon Polis Şöbəsində təhqiqat aparılır.
Musavat.com-a daxil olan məlumata görə, artıq məsələ ilə bağlı Hacı Salayev Ağstafa Rayon Polis Şöbəsinə çağırılıb. Yada salaq ki, bir neçə gün əvvəl eks deputat Fuad Muradovla əlaqə saxlayaraq onu ölümlə hədələmiş, təhqir etmişdi. Bu barədə Fuad Muradov özünün facebook səhifəsində məlumat yaymışdı. Belə məlum olurdu ki, Fuad Muradov Daxili İşlər Nazirliyinin 102 Zəng xidmətinə müraciətindən sonra operativ reaksiya verilib. Buna səbəb kimi isə təhdid və təhqirlə dolu səs yazısının ortada olmasıdır.
Fuad Muradov demişdi ki, Hacı Salayevin məlum zəngindən sonra da ona qarşı təhdidlər davam edib: “Hacı Salayevin dəstək olduğu idmançılar var, onlar mənə zənglər edib, hədələdilər. Bundan başqa, məni maşınlarla təqib edirlər. Bu adamlar təbii ki, Hacı Salayevin idmançı, qoçu dəstəsidir. Belə addımlar bəzi məmur dəstəsinə aiddir. Hüquq mühafizə orqanına müraciətim üzrə müvafiq addımlar atılacağına və Hacı Salayevlə dəstəsinin cəzalandırılacağına əminəm”.
Musavat.com xatırladır ki, Hacı Salayev Fuad Muradova zəng edərək ağır söyüşlər söyüb. Onu da qeyd edək ki, Hacı Salayevin Fuad Muradovun ailəsini, yaxınlarını küçə söyüşləri ilə təhqir edən səs yazısı da sosial mediada paylaşılıb. Fuad Muradov Musavat.com-a deyib ki, Hacı Salayev onu ölümlə hədələyib, buna görə də artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət edib. Onun şikayəti Ağstafa Rayon Polis şöbəsi tərəfindən qeydə alınıb. Fuad Muradov onu da bildirib ki, Salayevin yaxınları qaba güc vasitəsi ilə ona fiziki planda xəsarət yetirməyi də planlaşdırıblar.
Musavat.com-un əməkdaşı məsələ ilə bağlı Ağstafa Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Polisdən Hacı Salayevin təhqiqata dəvət edildiyini təsdiqləyiblər. Bildirilib ki, Hacı Salayev əvvəlcə “siz kimsiz ki, mənə telefon açırsız” desə də, söhbətin davamında Azərbaycanda olmadığını, ölkəyə gələrkən ifadə verəcəyini söyləyib. Hazırda təhqiqat davam edir.
Xatırladaq ki, bir müddət əvvəl Hacı Salayev “Yeni Müsavat”ı məhkəməyə verib və 1 milyon manatlıq təzminat davası açıb.
www.yenicag.az
Tarix: 4-09-2023, 22:30
Xəbəri paylaş





Xəbər lenti