VAQİF SULTANLININ “TƏRS AXIN” ADLI HEKAYƏLƏR KİTABI NƏŞR OLUNUB




Bu günlərdə yazıçı Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitabı nəşr 
olunub. Azərbaycan Dövlət Nəşriyyatında yayınlanan kitaba müəllifin müxtəlif 
illərdə qələmə aldığı otuzdan artıq hekayəsi daxil edilib. Kitabın redaktoru və ön 
sözün müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, 
filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.

Kitaba müəllifin tarixi və müasir mövzularda yazılmış “Yovşan ətri”, “Ağ 
yol”, “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Vətən”,  “Səhər dumanı”, “Mağara”, 
“Xurmayı saçlar”,  “Qütb gecəsi”, “Kor düyün”,  “İlan əfsanəsi”,  “İlğım”, “Kufi 
xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə”, “Budda heykəli”, “Nəvayi-Qumru”, 
“Humayun”, “Kulikovo döyüşü” və başqa hekayələri daxil edilmışdır. Bəhs olunan 
əsərlərin əksəriyyəti Azərbaycan mətbuatında yayınlanmış, bəziləri isə ilk dəfə 
oxuculara təqdim olunur. Hekayələrin əsas mövzusu çağdaş dünyanı və 
yaşadığımız cəmiyyəti rahatsız edən mənəvi aşınma, əxlaqi çöküş, özgələşmə kimi 
ciddi sosial problemlərə söykənir. Real və şərti-metaforik üslubun kəsişimində 
qələmə alınan yazılarda müəllif mənsub olduğu sosial mühitin girovuna çevrilən 
insanların duyğu, düşüncə, həyəcan, sarsıntı və iztirablarını əks etdirməyə 
çalışmışdır.
Kitaba “Tərs axın” – susqun nəşmələrin hekayəsi” adlı ön söz yazan tənqidçi-
ədəbiyyatşünas Elnarə Akimova hekayələrlə bağlı düşüncələrini aşağıdakı kimi 
ümumiləşdirir: “Bütün mətnlər modernist nəql texnikasının elementləri üzərində 
qurulub.Yəni ənənəvi təhkiyəyə önəm verən mətnlərdə mütləq səbəb-nəticə 
əlaqələri, qırılmayan xronologiya axtarılırsa, burada zaman-məkan sərhədsizliyi 
hakimdir. Müəllif hadisələrin nə əvvəlini göstərir, nə ortasını. Demək olar ki, bütün 
hekayələrdə “son problematikası” var. Ruhsal və fizioloji bitkinlik mənasında 
hakim olan “son” – bütün hallarda aqibət duyğusunun əlaməti kimi səciyyələnir. 
Əksər hekayələrdə hadisələrin təsviri, ardıcıllıqla nəqli yoxdur, əhvalatlar 
minimuma endirilib.  Çünki müəllifin məqsədi hansısa ömür hekayətini anlatmaq 
deyil. O, təhkiyəsinin mənəvi, bədii, coğrafi sərhədlərini genişləndirərək insan 
obrazını ümumiləşdirir, onu hardasa lokal çərçivədən çıxarır, çağdaş dövrümüzün 
problemləri, gerçəkləri fonunda insan faktoru mövzusuna baxış edir, zaman və fərd 
qarşıdurmasının, həyat-ölüm problematikasının pafosdan uzaq bədii həllini 
verməyə çalışır”.
Bütövlükdə dil-üslub, forma-məzmun rəngarəngliyi ilə seçilən hekayələr 
müəllifin yaradıcılıq xronologiyasının real, gerçək mənzərəsinin canlandırılması 
baxımından maraq doğurur.
Siam.az
Tarix: 5-09-2023, 14:39
Xəbəri paylaş





Xəbər lenti