Kaş qazi yox şəhid olardım, qaziyə edilən bu haqsızlığı görməzdim!-NARAZILIQ


Cənab Prezident İlham Əliyevin çıxışı: Ancaq bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. https://idp.gov.az/az/news/316
   Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ondan çox medallarım var. Atam birinci Qarabağ müharibəsinin iştirakçısı və iki qardaşımdan biri Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik. Çox sağolsun media qurumları etdiyim müraciətləri saytlarda dərc ediblər və əllidən çox saytda mənim cənab Prezident İlham Əliyevə etdiyim müraciətlərim yayımlanıb. Baş Prokurorluq etdiyim müraciətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərib, lakin heç bir əhəmiyyət verən yoxdur. Milli Məclisə, DİN-ə, DTX-ya müraciətlər etsəm də nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə də Abşeron rayon İcra Hakimiyyəti müraciətlərimə heç bir əhəmiyyət vermir.
 
   Hətta Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın qəbuluna yazılsam da, köməkçiləri məni qəbul edərək dinləsələr də, əzizələrimi alsalar da mənə heç bir köməklik göstərmədilər. Sadəcə olaraq dedilər ki, tapşırmışıq get yaxşı olacaq.
   Bütün medianı dəvət edərək gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz etsəm o dəqiqə nazirin müavinlərindən biri çıxıb deyəcək ki, buyurun keçin içəri probleminiz nədirsə həll edərik. Mən bir ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin nə də onun müavininin qəbuluna düşə bilmirəm. Deməli ki, mən problemimin həllini istəyirəmsə mütləq jurnalistlərlə birlikdə gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz etməliyəm ya da üstümə benzin töküb özümü yandırmalıyam. Hörmətli Sahil Babayev bunumu istəyirsiz? Baxın ay millət, görün bir qazini nəyə vadar edirlər! Sahil Babayev və ya onun müavini bir qazini qəbul edib problemini dinləyə bilmir və onu elə həddə çatdırırlar ki, gəlib nazirliyin qarşısında üzərinə benzin töküb özünü yandıraraq buna etiraz etsin.
   Öz ölkəmdə nə nazirin nə də Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Bir ildir ki, mən yaşadığım rayonun icra başçısının qəbuluna düşə bilmirəmsə bu nə deməkdir? Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və onun birinci müavini, müharibə iştirakçıları və qazilər arasında ayrıseçkilik edir. Demək olar ki, hər həftə müharibə iştirakçıları və qazilərə söz verilir ki, icra başçısı sizi qəbul edəcək və hamı qəbula gələndə deyilir ki, Abdin müəllimin işi çıxdı qəbul edə bilmədi. Bir sözlə müharibə iştirakçıları və qaziləri ələ salıblar. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, yalnız onu sosial şəbəkələrdə tərifləyən bir-neçə müharibə iştirakçıları və qazilərlə şəkillər çəkdirib Prezident Administrasiyasına göndərməklə özünü elə göstərir ki, guya müharibə iştirakçıları və qazilərə çox böyük diqqət və qayğı göstərir. Bunun açıq-aşkar yalan olmasını bilmək üçün internetdə mənim Abdin Fərzəliyevlə bağlı cənab Prezident İlham Əliyevə etdiyim müraciətlərə baxmaq kifayətdir. Əllidən çox saytda mənim bir ildir Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilməməyimlə bağlı məqalələr paylaşılıb lakin Abdin Fərzəliyev buna heç əhəmiyyət belə vermir. Hələ də bu günə qədər Abşeron rayon İcra Hakimiyyətindən mənə zəng gəlməyib ki, yaxınlaşın Abdin Fərzəliyev sizi qəbul edəcək. Abdin Fərzəliyev bu hərəkəti ilə açıq-aşkar deyir ki, mən bu ölkədə heç kimdən qorxmuram. Prezident Administrasiyasına göndərdiyim bu qədər məktublar görən necə olur? Cənab Prezident İlham Əliyev deyir qazilərə diqqət və qayğı olmalıdır lakin bu məmurlar qazini süründürür və bundan həzz alırlar. Kimə deyəsən dərdini?
   Mən xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məni qəbul edərək problemlərimi dinləsin. Xahiş edirəm məni intihara sövq etməyin. Xahiş edirəm bir qaziyə qarşı bu qədər düşman mövqedə olmayın.
 
MEDİADA MÜRACİƏTLƏRİM  BU QƏDƏR İCTİMAİLƏŞDİRİLSƏ BELƏ BU MƏMURLAR ÜÇÜN HEÇ BİR ƏHƏMİYYƏT KƏSB ETMİR. ÖLKƏ RƏHBƏRİ BUNLARA XALQA XİDMƏT EDİN DEDİKCƏ BUNLAR TAM ƏKSİNİ EDİRLƏR. 
İlqar Cahangirov.
Qarabağ qazisi.
Tarix: 14-09-2023, 13:34
Xəbəri paylaş





Xəbər lenti