Hərbi xidmətdən "Neqodnu" adı ilə yayınanlara VACİB XƏBƏR - Qərar DƏYİŞDİ



Son zamanlar Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı bir neçə dəyişiklik baş verib. Gələn ilin əvvəlindən qüvvəyə minəcək dəyişiklikdə hərbçilərin pensiya yaşının artırılması nəzərdə tutulur. İndiyədək hərbi qulluqçular 20 il hərbi xidmət keçdikləri təqdirdə pensiyaya çıxmaq hüququ qazanırdı. Hərbçilərlə bağlı qanuna təklif edilən dəyişiklikdə həmin müddətin 5 il artırılaraq 25 ilə çatdırılması nəzərdə tutulur.
 
Azərbaycanda hərbi xidmətlə bağlı son dövrlər qəbul edilən daha bir qərar hərbi xidmətə çağırış prosesi ilə bağlıdır. Belə ki, vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar qaydası dəyişir. İndiyədək hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqda baxılırdı. Yeni dəyişikliyə əsasən, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq. Başqa sözlə, hərbi komissarlıqlarla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də prosesə qatılacaq.
 
Bəs qəbul olunan yeni qərarların hədəfi nədir?
 
Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a deyib ki, yeni dəyişikliklər hərbi xidmətdə yeni və intizamlı bir dövr yaradacaq:
 
“Azərbaycanda hərbiyə diqqət kifayət qədər böyükdür. Qəbul olunan yeni qərarlarda kifayət qədər müsbət məqamlar var. Pensiya ilə əlaqədar olan məsələdə sual doğuran əsas məqam pensiya yaşının 20 ildən 25 ilə qaldırılmasıdır. Bu qərarda da müəyyən güzəştə getdilər. 17, 18, 19 il hərbi xidmətdə olanlar 20 il tamam olduqda pensiyaya çıxa biləcək. Amma biz istəyirdik ki, ümumiyyətlə, bu qanun qəbul olunandan sonra qüvvəyə minsin. Bununla bağlı çıxış da etmişdik. Hazırda hərbiyə diqqət böyük olduğu üçün hökumət daha da müasir və güclü ordu yetişdirməyi hədəfləyir”. Sosial sahədə də hərbçilərə müəyyən güzəştlərin veriləcəyini deyən deputat qeyd edib ki, onların pensiyasının 50 faizdən 65 faizə qaldırılması belə müsbət haldır. Onun sözlərinə görə, son zamanlar hərbi komissarlıqlarda kifayət qədər həbslər olub: “Bunların hamısı müəyyən rüşvət hadisələrindən irəli gəlirdi. İnsanlardan pul alıb daha sonra hərbi bilet verirdilər ki yararsızdır və s. Bütün bunları nəzərə alaraq belə bir qərar verildi. Sosial Müdafiə Nazirliyinin kifayət qədər Tibbi-Sosial Ekspertiza və Reabilitasiya mərkəzləri var. Buna görə də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi hərbi komissarlıqlardan alınıb Sosial Müdafiə Nazirliyinə verildi”. Hərbi ekspert, ehtiyyatda olan polkovnik Ramiz Şərifov isə Referans.az-a bildirib ki, qəbul olunan qanunların bir sıra məqsədləri var:
 
“Son zamanlar rüşvət məsələsi əhəmiyyətli dərəcədə artmışdı. Buna görə də bu məsələ hərbi komissarlıqdan alınıb Sosial Müdafiə Nazirliyinə verildi. Yəni hərbi komissarlıqda rüşvət sayəsində hərbi xidmətdən yayınmaq olurdu. Artıq hərbi xidmətdən yayınma halları bununla da sona çatacaq. Heç kim nəyinsə müqabilində hərbi xidmətdən yayına bilməyəcək. Heç kim gedib Sosial Müdafiə Nazirliyində rüşvət müqavilində xəstəlik və ya hər hansısa sağlamlığın məhdudlaşdırıldığı barəsində arayış ala bilməyəcək. Bu çox çətin və müşqül bir məsələ olacaq”.
Tarix: 21-12-2023, 23:57
Xəbəri paylaş





Xəbər lenti