Yaxud camaat niyə yaşamaq istəmir
Öncə zəhmətkeşlərimizi 22 dekabr - qışın gəlişi münasibətilə təbrik edirəm. Fəsillərin dəyişməsi, vaxtında gəlməsi böyük nemətdir, bunun qədrini bilin. Hərçənd Mollanın sözü olmasın, “külək belə əssə” fəsillərdən bizdə də əlamət qalmayacaqdır, yavaş-yavaş tropik qurşağa çevriləcəyik. Budur, hava proqnozuna görə 22 dekabrda, qışın ilk günündə Bakıda havanın temperaturu 12 dərəcə isti olacaq. Ümumən bütün dekabr ərzində Abşeronda qar-mar gözlənilmir. Mar gözlənilir, ancaq yayda. (Bunu guya zarafat üçün yazdım. Söz oynadan jurnalistlərə hökumətin böyük hörməti var, istəyirəm məni də görsünlər).
Qış qış kimi olmalıdır, yay da yay kimi. Müdriklərdən Mövlanə müəllim demişkən, ya olduğun kimi görün, ya göründüyün kimi ol. Vaxtilə Türkiyədə belə ağıllı insanlar yaşamışdır, yoxsa indi gözümüzü dikdiyimiz yurdumuz bəzən bizi qüssəyə yuvarladır. Məsələn, bugünlərdə Türkiyə mediasına baxanda iki təşviş görmək mümkün idi. Birincisi, İslandiyada vulkan püskürüb, bunu az qala Yerin qarpız kimi yarılması, cəhənnəmin üzə çıxmağı tipində qələmə verirdilər. İkinci isə Günəşdə partlayışların həyəcanıydı. Camaat qorxuya düşmüşdü, deyirdilər hamımız yanacağıq. Halbuki Günəşdə hər 10-11 ildən bir belə aktivlik olduğu, yalan olmasın, bəlkə 200 ildir hamıya məlumdur. Günəş fəallaşır, od-alov püskürür, sonra 11 il yatır. Beləcə, bu nəhəng nüvə enerjisi “stansiyası” fəaliyyətini davam etdirir.
Olduğu kimi görünməmək hüquqi sferamızda adət halını alır. Bugünlərdə bir dələduz tutmuşdular, 6 il həbs cəzası verdilər. Dələduz bir dostundan 250 min manat alıb, qaytarmayıb. Dostu pulun dalıyca gələndə evdəkilər deyiblər ki, adam ölüb. İntihar eləyib, qəbri filan yerdədir və sairə. Lakin istintaq araşdırıb, dələduzu tutublar. Diriymiş.
Xəbəri oxuyanda yadıma düşdü ki, bunun oxşarı keçən il Sabirabadda ortaya çıxmışdı. Orada 2021-ci ildə kəndarası bir yolda yanmış avtomobil tapılmışdı, içində də sümüklər. Maşının yiyəsi Bakıda tikinti firması işlədirmiş. Beləcə, hadisə sənədləşdirilib ki, maşında yanıb ölən həmin biznesmendir. Lakin 1 il sonra həmin şəxs Yasamalda şəxsiyyət vəsiqəsi ilə kreditə televizor almaq istəyəndə dükançı vəsiqəni yoxlamışdı, məlum olmuşdu vəsiqə yiyəsi rəsmən ölüdür. Polisə şikayət edib, dələduzu tutublar. Gördüyümüz kimi, artıq tamah eləməsə heç ələ keçməzdi. Özünü ölmüşlüyə vurmasının səbəbi isə tikinti şirkətində camaatı külli miqdarda aldatmasıymış.
Amma ortada həll edilməmiş başqa sual da qalır: əlaqədar orqanlar yanmış maşındakı sümükləri necə ekspertiza ediblər ki, onun insana yox, ölmüş eşşəyə məxsus olduğunu başa düşməyiblər? Bəlkə ölkəmizdə dələduzluq, fırıldaq, alçaqlıqla məşğul olanların skeleti deformasiyaya uğrayır və onlar həqiqətən eşşəkləşirlər? Sirri-xuda deyərdim, lakin “mən bütün dinləri puç və əfsanə hesab edirəm”.
Bu tendensiyaya əsasən dələduzların, quldurların, ümumən cinayətkarların özlərini ölmüşlüyə vurmasının dəbə minməsi təhlükəsi vardır. Ölülərin sayı artsa, diriləri tapmaq çətinlik törədəcəkdir. Kim ölüdür, kim diridir, bilinməyəcəkdir. Qarşıdan seçki gəlir, əhalini, seçicilərin siyahılarını dəqiqləşdirməliyik. Keçən parlamento seçkisində belə hal yaşanmışdı: hansısa dairədə müşahidəçiylə məntəqə sədrinin mübahisəsi düşmüşdü, müşahidəçi deyirdi ki, filan seçici ölüb, gedək başdaşını göstərim, niyə adına bülleten buraxmısınız, sədr cavabında aforizmə çevrilən cümləni söyləmişdi: “O sizin üçün ölüb, bizim üçün sağdır”.
Sonda bir məlumatı da çatdırmağı özümə borc bilirəm: ölülər elə bilir ki, dirilər halva yeyir. Vallah, yemirik.
Tarix: 22-12-2023, 09:56