Yetkinlik yaşına çatmayanları mərc oyunlarının zərərli reklamlarından qoruya bilirikmi?..Ötən yazımızda “Azərlotoreya” və “Misli” tərəfindən Reklam Haqqında Qanunun tələblərinin kobud şəkildə pozulmasına toxunmuşduq. Elə həmin qanunun 12-ci maddəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. Eləcə də 32-ci maddənin 6-cı bəndində “İdman mərc oyunlarının, lotereyaların reklamı” qanunla tənzimlənir. Orda yazılıb ki, idman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Bəs qanunun bu tələbinə necə əməl olunur? Yetkinlik yaşına çatmayanları mərc oyunlarının zərərli reklamlarından qoruya bilirikmi?
Məktəbəqədər və ümumi təhsil müəssisələrini, eləcə də onlara gedən yolları mərc oyunlarının, lotoreyalarının təsirindən uzaq tuturuqmu?
Bu suala birmənalı olaraq “yox” cavabı vermək mümkündür. “Niyə”sini yazının davamında izah etmişik. Belə ki, bu gün Bakı şəhərində, eləcə də bölgələrdə təhsil müəssisələrinin yerləşdiyi ərazilər “Topaz” məntəqələri tərəfindən açıq-aşkar mühasirəyə alınıb. Bir çox ərazilərdə isə belə məntəqələr bilavasitə məktəblərlə üzbəüz, yaxud da ora apraran yolların üzərində yerləşir. Uşaq vaxtı əzbərlədiyimiz bir şeirdə məktəb yollarının müqəddəsliyindən bəhs edilirdi. Bu müqəddəsliyi nə tez unutduq?!
Binəqədi rayonundakı “Topaz” məntəqələrindən biri 9-cu mikrorayonda, Mir Cəlal küçəsində 267 saylı orta məktəbin yaxınlığında öz “müştərilərini” gözləyir. Kim zəmanət verə bilər ki, həmin müştərilərin arasında 267 saylı məktəbin şagirdləri olmur?
Elə həmin ərazindəki digər məntəqə isə 162 və 156 saylı uşaq bağçasının, eləcə də 247 saylı məktəbin bir neçə addımlığında yerləşir.
İbrahim Sadıqlı küçəsində 246 saylı məktəb-lisey kompleksi ilə düz üzbəüz “Topaz”ın məntəqəsinə rast gəlmək mümkündür. Məsud Davudoğlu küçəsində isə 115 saylı orta məktəbə gedən yolun üzərində də eyni mənzərədir. 8-ci mikrorayondakı 135 saylı orta məktəbə gedən uşaqlar da hər gün “Topaz” məntəqəsinin qarşısından keçməyə “məhkumdurlar”.
Belə acınacaqlı vəziyyət Nərimanov rayonunda yaşanır. Özü də ordakı durum daha acınacaqlıdır. Belə ki, 45 və 212 saylı orta məktəblər “Topaz” məntəqələrinin “mühasirəsindədir”. Bəli, burada bir-birinə yaxın iki məntəqə yerləşir. Bu məntəqələrin birindən isə 56 saylı körpələr evi – uşaq bağçasına cəmi 10-15 addımdır.
Nəsimi rayonunda iki çox vacib təhsil ocağı hamıya tanışdır. Bunlar Xarici Dillər Universiteti ilə Slavyan Universtitetidir. Görünür, “Topaz” məntəqəsinə öz qurbanların cəlb etmək istəyənlər də həmin məqamı nəzərə alıblar. Özü də təkcə bu iki ali məktəbi öz “təsir dairələrinə” salmayıblar. Bu iki ali təhsil ocağı ilə yanaşı, 268 saylı və 164 saylı orta məktəblərə gedənlərin də yolu hər gün “Topaz” məntəqəsinin önündən keçir.
İnsanları qumar oynamağa sövq edən belə məntəqələrdən biri Salatın Əsgərova küçəsində özünə “strateji mövqe” tutub. Məhəmməd Naxçıvani küçəsindəki “Topaz” məntəqəsi isə yaxınlıqdakı İlahiyyat İnstitutu ilə Azərbaycan Dövlət Uşaq Flarmoniyasını “öz nəzarətində” saxlayır.
Ümid edirik ki, həyatını ilahiyyata bağlayan, dini daha dərindən öyrənməyə çalışan tələbələr qumarın haram olduğundan xəbərdardılar və yollarını “Topaz”dan salmırlar. Gərək, bu təhsil ocağında təhsil alan tələbələr savab iş görsün, Uşaq Flarmoniyasında təhsil alanların da yollarını “Topaz”dan salmaması üçün təbliğat aparsınlar.
Nizami rayonunda da “Topaz” məntəqələri sıx şəkildə fəaliyyət göstərir, insanları qumar oyunlarına cəlb etmək üçün gözəgəlimli yerlərdə öz şikarlarını gözləyirlər.
Kim zəmanət verə bilər ki, bu rayondakı 220 və 210 saylı məktəbdə təhsil alan şagirdlər hər gün dərsə gəlib-gedəndə “Topaz”da kupon yazmaq həvəsinə düşmürlər?
Cəmşid Naxçıvanski küçəsində birdən-birə düz dörd məntəqə yerləşir ki, onların dördü də həmin məktəblərə aparan yolların üzərindədir. 62 saylı lisey-məktəbin və 214 saylı orta məktəbin şagirdlərinin, eləcə də onların valideynlərinin işi asan deyil. Çünki bu iki təhsil olcağının ətrafında nə az, nə çox – düz üç “Topaz” məntəqəsi fəaliyyət göstərir. Metronun “Qara Qarayev” stansiyasının yaxınlığındakı məntəqələrdən biri isə “Kimya-Biologiya Təməyyüllü Liseyin qonşusudur.
Yasamal rayonunda da oxşar vəziyyətdir. 13 saylı orta məktəbə gedənlər yaxınlıqdakı “Topaz” məntəqəsinin önündən keçməlidirlər. 29 saylı orta məktəb isə “Topaz”ın düz dörd məntəsiylə əhatələnib. Yəni ki, şagirdlər və onların valideynləri yollarını hardan salsalar da, mütləq qumar obyektinin önündən keçməli, ordakı bərli-bəzəkli, kasıb insanları özünə cəlb edən reklamları görməlidilər.
Bu səyahətimizi davam etdirdikcə belə arzuolunmaz qonşuluqların daha artığını görməyimiz mümkündür. Amma düşünürük ki, məsul qurumların hərəkətə keçməsi üçün sadaladıqlarımız da yetərlidir. Təhsil ocaqları “Topaz”dan və onun təklif etdiyi qumar oyunlarından uzaq tutulmalıdır. Əks halda, gələcək nəsli böyük təhlükəylə üz-üzə qoymuş olarıq. Gələcəyimiz olan övladlarımızı, eləcə də təhsil ocaqlarımızı mərc şirkətlərinin qumar oyunlarından qoruyaq.
Mənbə: Lim10.Az
Tarix: 24-12-2023, 09:19