Tanınmış media eksperti, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Professor Qulu Məhərrəmli sosial platformalarda statusu olan şəxslər tərəfindən aşkar formada yayımlanmış və təkzib olunmamış hər hansı bir məlumatı və ya mətni elektron, yaxud çap mediasında yaymağa görə məsuliyyət daşıyıb- daşımamasına aydınlıq gətirib...Qeyd edək ki, "Media haqqında" Qanunda jurnalistlərin və ya medianın hüquq və vəzifələri kifayət qədər təkmil formada təsbit olunub. Lakin bəzi hallarda jurnalistlər üçün ilkin informasiya mənbələrindən biri olan X, facebook, telegram, instagram, linkedin və s. kimi sosial platformalarda açıq formada yayılmış hər hansı bir məlumat, yaxud fakt sonradan çap, yaxud elektron media subyekti tərəfindən yayımlananda mübahisələrə səbəb olur.
Artıq bir müddətdir ki, sosial platformalarda yayımlanmış hər hansı bir məlumatı yaydığına görə məhkəməyə verilən media orqanları və jurnalistlər də var.
Bu və ya digər suallara peşəkar münasibət bildirməsi üçün "Təzadlar" olaraq tanınmış media eksperti, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Professor Qulu Məhərrəmliyə müraciət etdik. Professor sosial platformalarda statusu olan fiziki və ya hüquqi şəxs tərəfindən aşkar formada yayımlanmış hər hansı bir məlumatı və ya mətni elektron, yaxud çap mediasında yaymağa görə jurnalistlərin, media subyektlərinin məsuliyyət daşıyıb- daşımamasına belə aydınlıq gətirdi:
- Jurnalistin sosial mediadan hər hansı bir məlumatı götürüb elektron və yaxud çap mediasında yayması təbii haldır. Çünki sosial platformalardakı məlumatlar gizli və ya qadağan olunmuş deyil, açıq məlumatlardır. Bu məlumatlar jurnalistlər üçün istənilən formada ilkin mənbə funksiyasını daşıyır. Əgər hər hansı məmur, vəzifəli şəxs və ya hüquqi şəxs - QHT, İctimai Birlik, təşkilat rəhbəri, eləcə də ictimai diqqətdə olan tanınmış şəxsin və s. ictimailəşdirdiyi bu məlumatlarda ictimai əhəmiyyət daşıyan məsələlər varsa, jurnalistin onu təhrif etmədən yaymasında heç bir hüquqi məsuliyyəti yoxdur, ola da bilməz. Düzdür, burda etik nüanslar da var ki, məsələn, mümkün qədər həmin məlumatları yayan şəxsə müraciət də etmək olar ki, sizin yaydığınız informasiya bizim üçün ciddi maraq kəsb edir və s.
Amma bütün hallarda bu məlumat artıq ictimailəşdirilibsə və təkzib edilməyibsə, sonradan onu yayan jurnalist niyə də məsuliyyət daşımalıdır! Axı ilkin mənbə məlumdur, aşkardır və gizli deyildir. Ona görə də belə hallarda jurnalistin üstünə getmək olmaz və əksinə, bu mövcud qanunvericilikdə də təsbit olunduğu kimi, jurnalistin peşə fəaliyyətinə, onun sərbəst şəkildə məlumat toplamaq və yaymaq kimi konstitusion hüquq və vəzifələrinə qarşı çıxmaqdır, bu da hüquqi məsuliyyət yaradır. Bir daha deyirəm, günümüzün mövcud reallığıdır ki, sosial media jurnalislərin ilkin informasiya mənbəyidir, statusu olan, tanınmış, ictimai diqqətdə olan şəxslərin sosial platformalarda yayımladığı məlumatlar və faktlar bunları yazılarında istifadə edən, yayımlayan jurnalistlərə heç bir hüquqi və digər məsuliyyət yaratmır. Həmçinin, həm də yaxşı olar ki, jurnalist zərurət bilərsə, əlaqəli şəxs və ya şəxslərlə əlaqə saxlayıb yayımlanmış məlumatları daha ətraflı öyrənə, məlumatlarını zənginləşdirə bilər. Belə olarsa, hazırlanan məqalə daha peşəkar formada olar. Bütün bunlarla yanaşı, bir daha deyirəm, sosial platformalarda statuslu şəxslər tərəfindən aşkar formada yayımlanmış, təkzib edilməmiş məlumatları elektron və ya çap mediasında yayımlamağa görə jurnalist məsuliyyət daşımır...
Təqdim etdi: Yasəmən Məmmədli
Tarix: 24-12-2023, 14:19