“Boşanmaların əsas səbəbi insanların bir-birini tanımaması, olduğu kimi qəbul edə bilməməsidir”



Aytən Ələkbərova: “Ancaq biz çox zaman boşanan tərəflərdən səbəbdən daha çox bəhanələr eşidirik”
 

Bugünlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdəki açıqlamasında boşanmaların səbəblərinə toxunub. Komitə sədri bildirib ki,  boşanmaların əsas səbəblərindən biri ailələrdəki iqtisadi vəziyyətlə bağlıdır.
 
Maraqlıdır, bəs iqtisadi faktorun xəyanət amilinə az və ya çox dərəcədə təsiri varmı? Elə insanlar varmı ki, xəyanətə məhz iqtisadi baxımdan zəif təmin olunduqları, maddi ehtiyaclarını həll edə bilmədikləri üçün yol verir?
 
Moderator.az-a açıqlama verən məşhur psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı maraqlı məqamlara toxunub:
 
“Hər şeydən öncə qeyd edim ki, hazırda boşanmaların sayının süni artımı müşahidə edilir. Ancaq məlumdur ki, hər xırda problem səbəbi ilə boşanmaq olmaz. İstər iqtisadi, istər məişət zorakılığı, istərsə də digər xaoslar səbəbilə buna yol vermək yanlışdır.
Boşanmaların əsas səbəbi bundan ibarətdir ki, insanlar bir-birlərini olduğu kimi qəbul edə bilmirlər. Tərəflər bir-birini ruhən tanımırlar. Bəzi bəhanələr var ki, bunlar insanların boşanmaya doğru gedən yollarında atdığı əsas addımdır. Biz hətta boşanma dövründə belə görürük ki, insanlar sanki bir-birlərinə rol oynayırlar. “Qonşudan borc alım”, “kredit alım”, “bunu aparım”, “onu aparım”, “süfrəmdə onlar olsun”, “xoncamda bunlar olsun” kimi istəklər nəticə etibarilə ailədaxili problemlərə yol açır. Sonra nə baş verir? Bəlli müddətdən sonra kreditin vaxtı çatır, evdə söz-söhbət başlayır.
 
Yaxud, bir xanımın həyat yoldaşından çox pul qazanması bəzi hallarda sayğısızlığa yol açır. “Öz pulumdur özüm bilərəm”, “öz pulumdur nəyə istəsəm verərəm” kimi ifadələr meydana çıxmaya başlayır.
 
Əgər ailədə birlik olarsa, anlayış olarsa, o zaman ailə kifayət qədər möhkəm olar. Iqtisadi problemlər onların boşanmasına yol açmaz. Bir-birini ruhən anlamayan insan iqtisadi durumu da, qaynana-gəlin münasibətini də, digər məsələləri də bəhanə gətirəcək. Xəyanət və boşanmaya gedən yol bəhanələrdir. Bəhanələri ortadan götürmək, bəhanələrdən uzaqlaşmaq lazımdır.
 
Bəzən baxırsan ki, ailə qurulur və 17-19 ildən sonra ailə dağılır. Hansı ki, ailənin iqtisadi vəziyyəti də qaydasındadır. Boşanma qərarı verən şəxsdən bunun səbəbini soruşanda bildirir ki, o zaman gənc olmuşam, ailə qurmuşam. Amma indi anlayıram ki, o, məni başa düşmür. Geriyə qalan isə gözüyaşlı körpələr olur. Onlar isə bir çox halda qəddarlıqla, qarşılarına çıxan insanların üzərindən “X” çəkməklə öz həyatlarına davam edirlər. Valideynlər düşünmür ki, onların atdığı bu addımlar cəmiyyətə neqativ düşüncəli insanlar bəxş edir. Bu qəbildən olan ailələrdən çıxan gənclərlə söhbət edəndə görürsən ki, onlar tükənmişlik sindromundan əziyyət çəkirlər. Bunu isə valideyn yaradır. Valideyn öz ailəsində bibini, xalanı misal gətirməklə övladlarını paxıl böyüdür. Qibtə başqa, paxıllıq başqa şeydir. Başqasının cibinə paxıllıq edəndə isə iqtisadi amil daha çox önə çıxır.
 
Bu səbəbdən də hesab edirəm ki, gənclər ailə quran zaman öncə bir-birlərini yaxşı tanımalı, evliliklə bağlı qərarlarını bundan sonra verməlidirlər. Bu, gələcək problemlərdə qurtulmaq üçün ən doğru yoldur”.
Tarix: 25-12-2023, 08:53
Xəbəri paylaş





Xəbər lenti