Dünya Azərbaycana yığışıb ki, iqlim dəyişmələrini müzakirə etsin. Demək olar ki, COP29 konfransı çərçivəsində masaya bütün ekoloji mövzular qoyulmaqdadır. Sabah bu böyük tədbirlər yekunlaşır, lakin Azərbaycan özünün problemləri ilə baş-başa qalmaqdadır. Elə onlardan biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılara yaratdığı problemlərdir. Özün konfransda iqlim dəyişkənliyindən danış, amma balıqçılara gələndə onların çörək təknəsini əlindən al... Bəli, yanılmırıq, COP29 prezidenti Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. Nə qədər paradoksal mənzərə olsa da, hamıda sual doğurur - COP29 prezidenti olan nazirin balıqçılara etdiyi zülmdən konfrans iştirakçılarının xəbəri varmı? Söhbət Pirallahı rayonunda balıq ovuna qoyulan məhdudiyyətlər, sərt addımlardır. Qaydalar sərtləşdikcə isə rüşvət ayaq açır, balıq kimi üzür... Balıqçılar özləri belə deyirlər. Məlumdur ki, sentyabrın 1-dən aprelin 1-dək balıq ovuna icazə var. Amma qayığı ilə balığa gedənlərə deyilir ki, 2 mildən dərinə getmək olmaz. Bu da absurd qadağadır. Çünki bu mövsümdə balıq dənizin dərinliyində olur. Anaxeber.info bildirir ki, balıqçıların Azadlıq radiosuna dediyinə görə, 2 mildən balıq tutmaq mümkün deyil, qayıq özü yerə dəyir. Bu narazılıq o həddə çatıb ki, bu ilin avqustunda Rövşən Əliyev adlı balıqçı canı boğazına yığılaraq intihara əl atıb. Üzərinə benzin tökərək özünü yandıran Rövşən Əliyev yalnız oktyabrda xəstəxanadan yarımcan vəziyyətdə evə buraxılıb. Balıqçıların sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlara zülm edir və çörək yerindən məhrum edib. Bu azmış kimi, balıqçılar danışırlar ki, ağızlarını açıb danışa bilmirlər, dərhal həbslə təhdid olunurlar. Ən dəhşətlisi odur ki, kimisinə 7600 manat cərimə gəlib, kimisinin cərimə ilə yanaşı qayğının müsadirə edilməsinə qərar verilib. Şikayətçi olan sakin də deyir ki, məhkəmənin cərimə qərarını bir kənara qoyaq, nazirlik hansı haqla qayığın müsadirəsinə əl ata bilər? Onu ki dövlət qurumu balıqçıya verməyib, öz pulu ilə alıb. Hətta hazırda hərbi xidmətdə olan bir gəncə 1700 manat cərimə kəsilib. Bir sözlə, balıq tutmaq qadağandır, amma baxır kimlərə... Nədənsə, nazirlik bu iddialara münasibət bildirməyib. Görünür, COP29 prezidenti Muxtar Babayevin başı konfranslara qarışıb. Di gəl, bu vəziyyətim nə dərəcədə sosial gərginlik yaratmasının fərqində olmaq lazımdır. Bu baxımdan, bir neçə il əvvəl Lənkəranın Nərimanabad balıqçı qəsəbəsində baş verənləri xatırlamaq olar: eyni problem, eyni qadağa və nəticədə etiraz aksiyaları sərhədçilərlı toqquşmaya səbəb oldu, rezin güllələr, bibər qazı işə salındı. Yəni problemin həll edilməməsi Pirallahıda ciddi gərginlik ocağı yaratmaqdadır. Artıq bunun ilk əlaməti var - bir nəfər özünü bezərək yandırıb. Digərləri isə olmayan pulları ilə cərimə ödəməyə məhkum edilib. Hətta nazirliyin əməkdaşları əlində qayçı ilə gələrək balıqçıların torlarını kəsirlər. Bu qanunsuzluqdur və nazirlik işçisi vətəndaşa zərər vurur, onun zəhmətini məhv edir.
Təbii ki, balıq ovu ilə bağlı qaydaların olması vacibdir, amma 2 mildən uzağa getməməklə balıq tutmaq mümkün deyil axı. Üstəlik, cərimələr qayıqları müsadirə etmək, torları kəsib yararsız vəziyyətə salmaq...Ən əsası, balıqçılar iddia edirlər ki, bütün bunlarla yanaşı, rüşvət amili rol oynayır. Deməli, balıq ovlamaq üçün "görüm-baxım" etməlisən. Halbuki qanunla bir kvota müəyyən edilib və o hər kəsə o həcmdə balıq ovlamağa şərait yaradılmalıdır. İkincisi, sadə insanlara bu qadağa tətbiq edilməsi oliqarxların, brokonyerlərin əl-qolunu açır, onlar daha çox balıq əldə edə bilirlər. Budurmu nazir Muxtar Babayevin "iqlim dəyişikliyi" siyasəti? Bu mövzuda əvvəllər Balıq Konserninin sədri olmuş Hafiz Hacıyev açıq şəkildə deyib ki, qaydalar yoxdur, məmurlar və oliqarxlar üçün "yaşıl işıq"dır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinə və şəxsən cənab nazir Muxtar Babayevin diqqətinə bir faktı da çatdıraq. Nazirlər Kabinetinin qərarı ilə sənaye balıq ovunun aparılması mayın 1-dən sentyabrın 1-dək qadağandır. Bu aylar ərzində balıqların kürü tökmə vaxtı olduğu üçün ovlamaq olmaz. Amma gəlin görək bu qərara nə qədər əməl olunur? Tonlarla balıq tutanlara kimsə "gözün üstə qaşın var" demirsə, tilovla balıq tutanlar necə brokonyer olur? Belə çıxır ki, könlü balıq istəyənin, əvvəlcə quyruğu suda gərək deyil, əli cibində gərək...
Anaxeber.info
Tarix: Bu gün, 11:09