Maltalı araşdırmaçı jurnalistin qətlindəki sirr pərdəsi

Maltalı araşdırmaçı jurnalistin qətlindəki sirr pərdəsi Hökumət FTB-yə müraciət etdi, Assanc qatilin tapılması üçün 20 min avro mükafat təyin etdi...

Malta hökumətini korrupsiyada ittiham edən tanınmış bloqçu bomba hücumu nəticəsində həlak olub. Məlumata görə, 53 yaşlı Dafne Karuana Qalzianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb.

Yerli media xəbər verir ki, onun oğlanlarından biri partlayışı eşidib və bayıra çıxıb. Caruana Galizianın bu ilin əvvəlində qanunsuz əməllərdə günahlandırdığı baş nazir Joseph Muscat qətl hadisəsini pisləyib. “Mən qeyd-şərtsiz şəxsə və ölkəmizdə söz azadlığına qarşı bu vəhşi hücumu pisləyirəm”, - deyə o, televiziya vasitəsilə yayımlanan bəyanatında bildirib.


“Hamı xanım Caruana Galizianı mənim həm siyasi, həm də şəxsi məsələlərdə sərt tənqidçim kimi tanıyır, o, başqaları üçün də elə idi. Belə tədbirlərə heç bir halda haqq qazandırmaq olmaz... Ədalət bərpa olunanadək mən sakitləşməyəcəm” - baş nazir deyib.

Bazar ertəsi axşam saatlarında minlərlə insan kurort şəhəri Sliemada toplaşıb. Malta televiziyası xəbər verir ki, Caruana Galizia təhdidlər aldığını bildirərək iki həftə əvvəl polisə şikayət edib. Bu barədə əlavə məlumat verməyib. Polis qətlin istintaqına başlayıb.

Araşdırmaçı jurnalistin ölümü Muskatın və onun həyat yoldaşının Panama sənədləri qalmaqalı ilə əlaqəsi olduğunu iddia etməsindən sonra erkən keçirilmiş seçkilərdə Muskatın Leyborist Partiyasının qələbə qazanmasından dörd ay sonra baş verib. Cütlük Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli ofşor bank hesablarından istifadə etmələri ilə bağlı iddiaları təkzib edib.

Caruana Galizianın populyar bloqu həm də müxalifət siyasətçilərini hədəf alıb və o, son yazısında ölkənin siyasi durumunu “ümidsiz” adlandırıb.

Maltalı araşdırmaçı jurnalistin qətlindəki sirr pərdəsi

Baş nazirin ofisinin mətbuat katibi isə BBC-yə bildirib ki, hücumun siyasi motivlərlə həyata keçirildiyi deyilsə də, belə nəticə çıxarmaq tez olardı. Lakin təhqiqat zamanı heç bir versiya istisna edilmir. “Malta qatili tapmaq üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, beynəlxalq yardım istəyib” - mətbuat katibi bildirib.

Bu arada, Caruana Galizianın ailəsi araşdırmaya rəhbərliyi həyata keçirən şəxsin əvəz edilməsini xahiş edib - “Malta Independent” xəbər verir. Onun sözlərinə görə, hazırkı rəhbər bir neçə dəfə Caruana Galizia tərəfindən tənqid edilib.

Bloq səhifəsində qələmə aldığı yazılarla tanınan jurnalist “Politico” saytı tərəfindən “tək adamlıq Wikileaks” olaraq qiymətləndirilirdi. Öz tənqid hədəfinə qurumları və “yeraltı” fiqurları alan Galizia yaxın zamanda Maltanın baş naziri və iki köməkçisinin Azərbaycan hökumətindən edilən ödəmələr və Malta pasportu satan üç nəfərlə əlaqələndirilən şirkətlərlə əlaqəsini ortaya çıxarmışdı. Avropa Birliyi dönəm rəhbərliyinin Maltada olduğu bu ilin ilk 6 ayı içərisində ortaya çıxan bağlantıların ardınca bəzi Avropa Parlamenti üzvləri Muskatdan vəzifədən istefa verməsini istəmişdi.

Panama sənədləri və ya "Panama Papers" panamalı hüquq firması Mossack Fonsecaya aid olduğu qeyd olunan və aralarında 12 dünya lideri ilə çox sayda bürokrat və iş dünyasından önəmli şəxslərin olduğu “pul yuma”, embarqoları aradan götürmə və vergidən yayınmaq kimi qeyri-qanuni maliyyə fəaliyyətlərini ortaya çıxarandan, tarixin ən böyüyü olmağa namizəd qəzetçilik hadisəsi və ümumilikdə 11 milyon sənədə verilən addır.

Maltalı araşdırmaçı jurnalistin qətlindəki sirr pərdəsi

Wikileaks saytının rəhbəri Culian Assanc isə maltalı jurnalistin qətlinin araşdırılması məqsədilə 20 min avro məbləğində mükafat təyin edib. “Təsadüfən maltalı araşdırmaçı-jurnalist və blogger Dafna Qalizianın ölümü barədə xəbər tutdum. Evindən çox da uzaq olmayan yerdə, avtomobilində baş verən partlayış nəticəsində dünyasını dəyişən jurnalistin qətlinin üstünü açmağa xidmət edəcək, günahkarların öz cinayətini etiraf etməsinə gətirib çıxaracaq xəbərlər üçün 20 min avroluq mükafat təyin edirəm” - Assanc öz twitter səhifəsində yazıb.

Bu arada Britaniyanın “Guardian” qəzeti xəbər verib ki, jurnalistin “Peugeot” markalı maşını bazar ertəsi günü partlayıcı qurğu vasitəsilə partladılıb. Hələ ki hadisəyə məsul olan şəxslər tapılmayıb. “Politico” nəşri isə yazıb ki, Qalizia korrupsiya ilə bağlı araşdırmalar aparırdı və bu məqalələri öz bloqunda yayımlayırdı. Onun bloquna gündəlik 400 min baxış olurdu. Bu isə Maltadakı bütün qəzetlərin baxış sayından daha çoxdur. Daha öncə nəşr xanım jurnalisti 2017-ci ildə Avropaya ən böyük təsir göstərəcək 28 nəfərin sırasına daxil etmişdi.

“Dafna Karuana Qalizia Maltanı eyni dərəcədə həm narahat, həm də məmnun edirdi. O, dünyanın ən nüfuzlu müəllifləri sırasına daxil olacaq”, - bunu da “Times of Malta”nın onlayn versiyasının baş redaktoru German Qreç yazıb: “Onun kompromissiz bloqu və kəskin qələmi tənqidə və təzyiqə boyun əymədi”.

Qeyd edək ki, Maltada 440 min nəfər yaşayır. Avropanın ən balaca ölkələrindən biridir. Avropada jurnalistin terror yolu ilə aradan götürülməsi çox ciddi məsələdir. Ona görə də bu məsələ daim Avropa Birliyinin diqqət mərkəzində olacaq.

Sevinc TELMANQIZI
Tarix: 18-10-2017, 09:31
Xəbəri paylaş





Xəbər lenti