Rusiya müdafiə nazirinin mesajlı İsrail səfəri

Rusiya müdafiə nazirinin mesajlı İsrail səfəri Şoyqunun iki günlük İsrail səfərinin əsas mövzusu Suriya münaqişəsi olub, səfərin gedişində suriyalılar bir İsrail təyyarəsini, İsrail isə Suriya HHM batareyasını vurub

Oktyabrın 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu İsrailə iki günlük rəsmi səfər edib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov yerli mətbuata deyib ki, iki günlük səfər zamanı nazir Şoyqu İsrail baş naziri və müdafiə naziri ilə hərbi sahədə əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə edib.

“Suriyada terrora qarşı hərbi əməliyyatlar bitmək üzrədir. Bu səbəbdən də bir sıra məsələlərlə bağlı təcili həll variantı tapılmalıdır”. Bu sözləri İsraildə müdafiə naziri Aviqdor Libermanla görüşü zamanı Sergey Şoyqu deyib. Şoyqu qeyd edib ki, Rusiya və İsrail arasında müzakirə ediləcək çox mövzular yığılıb qalıb, o cümlədən hərbi-texniki əməkdaşlıqla yanaşı terrorla mübarizə və bölgədəki durum müzakirə olunmalıdır. “Sputnik”in xəbərində deyilir ki, rus nazir Yaxın Şərqdəki vəziyyətlə əlaqəli mövzuları dəyərləndirməyi təklif edib. Eyni zamanda o, beynəlxalq ictimaiyyətin cinayətkarlığa qarşı həmrəyliyinə ehtiyac olduğunu deyib. Şoyqu İsraildə baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermanla görüşüb.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin İsrailə səfərinin əsas səbəbi heç şübhəsiz ki, Suriya mövzusu ilə bağlı olub. Çünki aydın məsələdir ki, dünyada əsas silah ixracatçılarından biri olan İsrailin Rusiyadan silah almağa və ya birgə silah istehsal etməyə ehtiyacı yoxdur. Şoyqunun əsas mövzusu özünün də qeyd etdiyi kimi, başa çatmaqda olan Suriya müharibəsi olub. Məlumdur ki, İsrail 1967-ci il müharibəsindən sonra Colan təpələri bölgəsini ələ keçirib və geri vermir. Bundan başqa, Təl-Əviv münaqişə dövründə Əsədə qarşı vuruşan silahlıları dəstəkləyib, dəfələrlə Suriya ərazilərinə hava reydləri təşkil edərək hökumət qüvvələrini, o cümlədən Hizbullah konvoylarını hədəfə alıb.

Yeri gəlmişkən, Şoyqunun İsrailə səfər etdiyi gün (oktyabrın 16-da) İsrail qırıcıları Suriya üzərində reydlər həyata keçiriblər. Bu zaman Suriya hava hücumundan müdafiə batareyasından atılan raketlər İsrailə məxsus qırıcını vurub. Buna cavab olaraq İsrail HHQ-yə məxsus qırıcı Suriya hava hücumundan müdafiə batareyasını bombalayıb. İsrail ordusu hadisədən əvvəl Rusiya tərəfinin məlumatlandırıldığını bildirib. Çünki hazırda Suriya ərazisində Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri var və İsrail təyyarələrinin Suriya üzərindən reydlərinə məhz ruslar icazə verir. Görünür ki, İsrail həm də Şoyqunun Təl-Əvivdə olduğu bir vaxtda Rusiya və onun müttəfiqlərinə öz təhlükəsizliyinin əsas olduğu mesajını çatdırmaq istəyib.



Şoyqunun İsrail səfərinin detalları açıqlanmasa da, qısa məlumatda öncəliyin antiterror fəaliyyətlərinə verilməsi səfərin əsas məqsədinin Suriya münaqişəsi olduğunu deməyə əsas verir. İsrail bölgədə mühüm faktor hesab olunur və münaqişənin başa çatmasında onun da razılığı lazımdır. Məhz bu səbəbdən Putin İsrailə diplomat deyil, hərbçi göndərməyə qərar verib. Güman ki, Rusiya Suriya hakimiyyətini İsrailə qarşı mümkün fəaliyyətlərdən çəkindirmək qarşılığında münaqişənin həllində bitərəf qalmağa razı salmaq istəyir. Üstəlik, ortada ciddi hərbi məsələlər olduğu üçün Təl-Əvivə məhz Şoyqu gedib.

İsrail hərbçilərinin Şoyqu Təl-Əvivdə olduğu saatlarda Suriya üzərində reydlər aparması həm də o deməkdir ki, bu uçuşlar Rusiyanın razılığı və bilgisi altında olur.

KƏNAN
Tarix: 18-10-2017, 09:38
Xəbəri paylaş





Xəbər lenti