Saakaşvili yenə aksiya təyin elədi

Saakaşvili yenə aksiya təyin elədi Elçin Mirzəbəyli: “Qərb heç vaxt bir kartla oynamır...”

Qərbin son zamanlarda özünə müttəfiq hesab etdiyi Ukraynada Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “kartı”nı işə salması ilə bağlı iddialar var. Eks-prezidentin vətəndaşlığından məhrum edildiyi Ukraynaya zorla dönüşü bu dövləti az qala, yeni inqilabla üz-üzə qoyub.


Oktyabrın 17-dən etibarən “Yeni Qüvvələr Hərəkatı”nın lideri kimi Saakaşvili Kiyevin mərkəzində keçirdiyi etiraz aksiyalarına ara vermir. Sabiq qubernatorun tərəfdarları artıq oturaq aksiyaya da qərar veriblər. Aksiyaları “Yeni Qüvvələr Hərəkatı” ilə bərabər “Özünəyardım”, “Batkovşina”, “Azadlıq”, “Milli Korpus”, “Sağ sektor” “5.10" siyasi qüvvələri təşkil edib.

Son olaraq Saakaşvili 22 oktyabra mitinq təyin edib. Report.az-ın məlumatına görə, o, bununla bağlı facebook səhifəsində status paylaşıb: “Sizi oktyabrın 22-də saat 12-də (Ukrayna vaxtilə) Radanın binası yaxınlığında ”İslahat maydanı"na dəvət edirik. Oliqarxlar üzərində “Poroşenkodan sonra Ukrayna” adlı qələbə planını müzakirə edəcəyik".

Göründüyü kimi, əsas hədəf Ukrayna prezidentinin istefasına nail olmaq, növbədənkənar prezident seçkilərinin keçirilməsi və parlamentin buraxılmasıdır. Ekspertlərin gedən proseslərlə bağlı fikirləri isə birmənalı deyil.

Politoloq Elçin Mirzəbəyli Ukraynadakı etirazçıları Saakaşvilinin tərəfdarları adlandırmağın əleyhinədir: “Saakaşvilinin Ukraynaya gəlişi bu ölkədəki narazı elektoratın hərəkətə gəlməsi üçün stimul rolunu oynayıb və etirazçıları ”Saakaşvilinin tərəfdarları" adlandırmaq doğru olmazdı. Baş verənlərdə kifayət qədər maraqlı məqamlar var. Məsələn, etirazçıların tərəfində çıxış edən siyasi təşkilatlardan biri - “Milli korpus” partiyası Ukraynanın indiki daxili işlər naziri Arsen Avakovun kölgə təşkilatıdır. Arsen Avakov bir tərəfdən etiraz aksiyalarının təhlükəsizliyini təmin edən güc strukturuna rəhbərlik edir, digər tərəfdən, onunla bağlı olan partiya vasitəsilə etirazçılara dəstək verir. Prosesləri yaxından izləyən ekspertlərin qənaətinə görə, etiraz aksiyaları genişlənərsə, Avakov etirazçıların cərgəsinə qoşula bilər. Bu baxımdan, proseslərin içərisində Ukrayna hakimiyyətində təmsil olunan və prezidentdən narazı olan, yaxud tam etimad görməyən qüvvələrin də olması hadisələrin daha geniş spektrdən dəyərləndirilməsini zəruri edir. Aksiyaların genişlənməsi perspektivi, şübhəsiz ki, az deyil. Çünki bu prosesə bir-birinə tamamilə əks qütbdə dayanan qüvvələrin qoşulması da mümkündür. Məsələnin ABŞ-ın, yaxud ümumiləşdirilmiş şəkildə desək, Qərbin Poroşenkonu devirmək niyyəti müstəvisindən dəyərləndirilməsini doğru saymıram. Elə Saakaşvilinin özünün də Qərbin təlimatlarını icra etdiyi barədə mülahizələrin də dolğun və əhatəli olduğunu, həqiqəti birmənalı şəkildə əks etdirdiyini düşünmürəm. Baş verənləri müəyyən qədər Saakaşvilinin öz siyasi mövcudluğu uğrunda mübarizəsi kimi də dəyərləndirmək olar. Gürcüstanın sabiq prezidenti öz ölkəsində qanuni əsaslarla vətəndaşlıqdan çıxarılıb, haqqında cinayət işi var. Saakaşvili Ukrayna vətəndaşlığını qəbul edib, prezident Poroşenkonun komandasında təmsil olunub. Daha sonra Arsen Avakovun da daxil olduğu hakimiyyətdaxili qruplaşmanın təxribatları nəticəsində hakim komandanı tərk edib Ukrayna vətəndaşlığından çıxarılıb. Şübhəsiz ki, Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması olduqca yanlış strategiya idi və bu provokasiyanın prezident Poroşenkonun təklənməsini, asılı vəziyyətə düşməsini arzulayan qüvvələrin təhriki ilə həyata keçirildiyi ehtimalı da yox deyil. İndi təsəvvür edin, Saakaşvili Gürcüstana qayıda bilmir, Ukraynada da vətəndaşlıqdan çıxarılıb. Yəni o, Gürcüstana qayıtsa, həbs olunacaq, Ukraynada isə onu belə bir təhlükə gözləmir. Ən azı sərbəst hərəkət etmək imkanları var. O da bu imkanlardan, hakim komandanın dağınıqlığından, onun Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı olduqca səhv bir qərardan istifadə edərək, yenidən mərkəzi siyasi fiqura çevrilməyə çalışır. Digər tərəfdən, bizim “qərb” adlandırdığımız geosiyasi qütbün özü də yekdil deyil. Ayrı-ayrı dövlətlərin, qlobal biznes və maliyyə yönəticilərinin də fərqli maraqları var. Məsələn, Corc Sorosun son 3 ildə Ukraynanın müxtəlif təşkilatlarına ayırdığı vəsaitlərin məbləği yüz milyonlarla ölçülür. Sorosun Ukrayna hakimiyyətinə və ayrı-ayrı partiyalara, təşkilatlara çox ciddi təsir imkanları var. ABŞ prezidenti Donald Trampın Corc Sorosa münasibəti haqqında isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Soros seçkilərdə Hillari Klintonu dəstəkləyirdi, Tramp seçiləndən sonra isə ona qarşı həyata keçirilən informasiya savaşına və aksiyalara maliyyə ayırırdı. Saakaşvilinin Poroşenkonun səhvindən istifadə edərək yenidən Ukraynaya qayıtmasını Ağ Evin yeni administrasiyasının bu və ya digər şəkildə iştirakı, Sorosun nəzarətində olan mexanizmlərin sıradan çıxarılması, Ukraynada Rusiyaya qarşı daha radikal və təhrikedici hakimiyyətin formalaşdırılması kontekstindən dəyərləndirmək də mümkündür".



Politoloq Saakaşvilinin Ukrayna maraqlarından da danışdı: “Ukraynada baş verənlərdə təkcə Qərbin deyil, Saakaşvilinin öz maraqları da var. Onun Gürcüstana qayıtmaq perspektivi yoxdur, nə hüquqi, nə də siyasi baxımdan. Bu baxımdan, Saakaşvili ya öz siyasi mövqeyini bərpa etməli, ya da ”Yusif Sərrac" obrazı ilə barışmalıdır. Saakaşvilinin Rusiyaya qarşı Qərbin kartı olduğunu birmənalı şəkildə söyləmək mümkün deyil. Çünki Qərb heç vaxt bir kartla oynamır. Lakin Saakaşvilinin Rusiyaya qarşı kəskin və radikal mövqeyindən və Rusiyada ona olan aqressiv münasibətdən qıcıqlandırıcı faktor kimi istifadə etmək niyyəti güdülə bilər. Bu məsələdə ehtimalların sayı olduqca çoxdur. Daha öncə də qeyd etdiyim kimi, Saakaşvilinin vətəndaşlıqdan çıxarılması yanlış addım idi və yenə deyirəm, ola bilsin ki, burada Ukrayna prezidentinin zəiflədilməsini istəyən qüvvələrin də rolu var. Bununla yanaşı, Ukraynanın Rusiyanın caynağına keçməsi üçün hansısa bir əsas olduğunu düşünmürəm. Ukrayna ilə Rusiya arasındakı münasibətlər qısa zaman ərzində qaydaya düşə biləcək səviyyədə deyil. İki qardaş xalqı - ukraynalıları və rusları bir-birinə düşmən etmək istəyən qüvvələr artıq buna nail olublar. Mən baş verən proseslərin anti-Rusiya əhval-ruhiyyəsini daha da gücləndirəcəyini düşünürəm. Saakaşvilini dəstəkləyən, daha dəqiq desək, onun fəallığından istifadə edib hakimiyyətə qarşı çıxış edən qüvvələr əsasən radikal sağçılardan və millətçilərdən ibarətdir. Ukraynanın Rusiyaya doğru yolu bütün istiqamətlərdə qapadılıb. Hazırda Ukraynada hakimiyyətdə olan siyasi qüvvələr də, müxalifətin konkret təsir gücünə malik olan dairələr də Rusiya əleyhdarlarıdır. Qərb Ukraynada bu modeli cıza bilib. Mübarizə isə iki qərbpərəst qüvvənin arasında, kimin daha çox Qərbə meylli olduğunu yəqinləşdirmək üçün gedir".

Cavanşir ABBASLI
Tarix: 21-10-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti