Tramp Putinlə görüş öncəsi atmosferi yumşaltmaq istəyir


 

Politoloq: “ABŞ hüquqi cəhətdən yalnız bir halda Krımı Rusiya ərazisi kimi tanıya bilər”

ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında 16 iyulda keçirilməsi planlaşdırılan görüş öncəsi Vaşinqtondan Moskvaya xoş görünən açıqlamalar verilməkdədir. Donald Tramp jurnalistlərin “ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilərmi?” sualına “Belə bir qərarı istisna etmirəm, bu məsələyə baxarıq” cavabını verib. Tramp Krımın Rusiyaya birləşdirilməsində sələfi Barak Obamanı günahlandırıb. “Buna Barak imkan verdi” deyib.

ABŞ prezidentinin belə bir mövqe ortaya qoyması Ukraynada narazılıqla qarşılanıb. Ukrayna siyasətçiləri ABŞ prezidentini Ukraynaya xəyanət etməkdə suçlayırlar. Eyni zamanda qeyd edirlər ki, Tramp belə bir addımı atsa, onun təsiri münaqişə ocaqları mövcud olan digər keçmiş sovet respublikalarına da toxuna bilər.

Bəs ABŞ-ın Krımı Rusiyanın tərkib hissəsi kimi tanıması mümkündürmü?

Politoloq Elçin MirzÉbÉyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması və Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlı suala “baxarıq” cavabını verib. Bu, hələ Krımın tanına biləcəyi anlamına gəlmir: “Zənnimcə, ABŞ prezidenti, sadəcə, Putinlə görüş öncəsi atmosferi yumşaltmaq üçün ümidverici bəyanatlar verib. Nəinki Krımın Rusiya ərazisi kimi tanınması, hətta Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması belə, təkcə Trampın istəyindən asılı məsələ deyil. Krımla bağlı məsələyə nə ABŞ qanunvericiliyi, nə də beynəlxalq hüquq müstəvisində haqq qazandırmaq mümkün deyil. Krım işğal olunub və zorla Rusiyaya birləşdirilib. İşğal faktı BMT Baş Assambleyasınin və digər beynəlxalq təşkilatların qətnamələrində öz əksini tapıb. ABŞ hüquqi cəhətdən yalnız bir halda Krımı Rusiya ərazisi kimi tanıya bilər. O halda ki, Ukrayna ilə Rusiya arasında bu barədə razılıq əldə olunsun”.

Politoloqun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması Tramp adminstrasiyasının səlahiyyətinə aid olan məsələ deyil. Bununla bağlı qərar parlamentin hər iki palatasında təsdiq olunmalıdır. Senat və Konqresdə isə anti-Rusiya əhval-ruhiyyəsi yüksək səviyyədədir.

Etibar SEYİDAĞA

Tarix: 3-07-2018, 09:54
Xəbəri paylaş





Xəbər lenti